Heydər Əliyev andiçmə mərasimində

17 il əvvəl ölkədə başlanan vətəndaş müharibəsi hakimiyyəti Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur etdi.

1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı- ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyir. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb edir. Vəziyyət nəzarətdən çıxır. Ətraf rayonların icra başçıları zorla dəyişdirilir. Surət Hüseynovun etiraz aksiyası məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya geniş miqyas alır. Artıq vətəndaş müharibəsi başlanmışdı. Ölənlər və yaralananlar var idi. Dövləti məhv olmaqdan xilas etmək iqtidarında olmayan iqtidarın yeganə çıxış yolu qalır-Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi bakıya dəvət etmək.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncədə baş verənlərlə bağlı arayış verir. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçilir.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.