Erməni vəhşiliyi

Daşnakların Ərzurum, Qars, İğdır və Vanda həyata keçirdikləri soyqırım nəticəsində yüz minlərlə insan amansızlıqla öldürülüb!

Türkiyə və dünyanın bəzi ölkələrinin tarixçiləri tərəfindən qardaş ölkədə erməni vəhşiliyini araşdırmaq üçün xeyli vaxtdan bəri aparılan arxeoloji qazıntıların nəhayət, ilkin nəticələri açıqlandı. Ərzurum, İğdır, Qars və Vanda həyata keçirilmiş qazıntılar ermənilərin 1915-1918-ci illərdə hansı vəhşilikləri törətdiklərini üzə çıxardı.

Dəhşətli qətliamlar

Ərzurumda şəhər mərkəzinə bağlı Yaşılyayla, Əziziyyə rayonlarının Alaca, Pasinlər və Tımar kəndlərində həyata keçirilmiş arxeoloji qazıntılar zamanı ermənilərin törətdiyi qətliamlar və vəhşilikləri təsdiq edən onlarla fakt üzə çıxarılıb.

Atatürk Universitetinin Erməni Məsələsini Araşdırma Mərkəzinin rəhbəri Erol Kürkçüoğlu bildirib ki, Ərzurumda həyata keçirilən arxeoloji qazıntılar zamanı Alacada 268, Yaşılyaylada 95 və Tımar kəndində 300 insan skeleti aşkarlanaraq üzə çıxarılıb.

Şəhər mərkəzindəki qətliamların Yanıkdərə Karsqapı, Yaqutiyyə kışlası, Ezirmikli Osmanağa və Mürsəl Paşa mehmanxanaları, Gölbaşı Hacı Əhməd Hanı, Stansiya bəndləri və Firdevsoğlu qışlaqlarında olduğunu vurğulayan Kürkçüoğlu deyib ki, aparılan araşdırmalar zamanı Ərzurumun mərkəzində 9553 nəfər, ətraf kəndlərlə birilikdə isə 50 min insan erməni dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirilib. «Rus zabit Tverdo Xlebovun öz briqadasına göndərdiyi teleqrafın mətni də qətliamın hansı vəhşiliklə həyata keçirildiyini ortaya çıxarır. Xlebovun teleqrafında yazılır: «Bizi buradakı görəvimizdən alın. Erməni vəhşilərin günahsız insanları öldürməsinə seyirçi qala bilmərik». Bununla da o, türk insanının birmənalı şəkildə qətliama uğradığını deyib».

Toplu məzarlıqlar erməniləri ifşa etdi!

Kürkçüoğlu Ərzurum mərkəzində erməni qətliamları nəticəsində ölənlərin hal hazırda Yüzüncü İl Parkının yerləşdiyi sahəyə basdırıldığını deyib. «Erməni dəstələri əsasən yaşlı, qadın və uşaqlardan ibarət müdafiəsiz şəxslərəi hədəfə alıb. Doğu və Güney Anadoluda 185 toplu məzar var. Bunlardan 9-nun üzərini aça bilmişik».

Aparılan arxeoloji qazıntılar Vanda da həyata keçirilib. Professor Kürkçüoğlu deyib ki, 1915-1918-ci illərdə baş vermiş hadisələrin üzə çıxmasına Zeve Şəhidliyinin böyük rolu olub. Belə ki, Vandan 18 kilometr uzaqlıqda yerləşən Çitörən kəndi yaxınlığında yerləşən Zeve Şəhidliyinin cənub yamacında beynəlxalq müşahidəçilərin də iştirakı ilə aparılan qazıntılar nəticəsində xeyli sayda məzarlar üzə çıxarılıb. 1915-ci ildə erməni silahlı dəstələrinin törətdiyi vəhşiliklərin şahidi olmuş İbrahim Sarğının yer göstərməsi və bəzi sənədlər əsasında 4 kv.m-lik ərazidə aparılan qazıntılardan sonra 12 nəfərlik qadın və uşaq məzarı tapılıb.

Analoji axtarışlar Qarsda da həyata keçirilib. Bu barədə məlumat verən Yüzüncü Yıl Universitetinin rəsmiləri deyiblər ki, sözügedən şəhərdə ermənilər tərəfindən Dərəcik və Subatan kəndlərində aparılan qazıntılarda erməni quldurları tərəfindən qətlə yetirilmiş toplam 930 nəfərin cəsədi tapılıb. Kars Muzeyinin müdiri Nəcməddin Alp 2003-cü ildə Dərəcik kəndində aparılan arxeoloji qazıntıların 9 gün davam etdiyini vurğulayıb. O deyib ki, 1918-ci ildə erməni quldurları Dərəcik əhalisini kəndin mərkəzindəki böyük samanlığa yığaraq, onları yandırıblar. «Bu qətliamda 360 türk şəhid edilib. Kəndin mərkəzindəki samanlığın yerində aparılan 9 günlük araşdırmadan sonra bunu üzə çıxara bildik. Həmin qətliamın nəticələri beynəlxalq təşkilatlara təqdim olunub».

Birinci Dünya Müharibəsində soyqırımı türklər yox, ermənilər törədib!

Alp daha sonra deyib ki, 1918-ci ilin aprelində erməni quldur dəstələri Qarsdan geri çəkilən zaman Subatan kəndindən keçiblər. Həmin kəndin 570 sakinini öldürüblər. Onların hamısı qadın və uşaqlar olub.

İğdırda həyata keçirilən qazıntılar isə Oba, Hakmehmet və Tuzluca rayonlarını əhatə edib. Bu rayonlarda aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxan faktlar bir daha təsdiq edir ki, Birinci Dünya Müharibəsi zamanı soyqırımı türklər yox, ermənilər həyata keçiriblər. Erməni dəstələri rus işğalı altına düşmüş Oba kəndində tarixə «Təndir Qətliamı» adı ilə düşmüş dəhşətli hadisəni törədiblər. Burada aparılan araşdırmalar nəticəsində 90 nəfərin cəsədi tapılıb. Hakmehmet kəndində də qətliam törədən ermənilər kənd sakinlərini qıraraq, onların cəsədlərini basdırmaq üçün quyu qazıblar. Həmin quyunu tapmaq isə Erol Kürkçüoğluna və onunla birlikdə qazıntı işləri aparan İtaliya və Avstriyadan gəlmiş tarixçilərə nəsib olub. Həmin vaxt kəndin mərkəzindəki quyunu tapmaq üçün 12 metr dərinliyində quyu qazılıb və nəhayət, sonda üst-üstə qalaqlanmış insan skeletləri üzə çıxarılıb. Oradan 80 nəfərin meyti aşkarlanıb.

Tuzlucadakı dəhşətli hadisə isə Gədikli kəndində cərəyan edib. Arxeoloqların verdiyi məlumata görə, həmin rayonda aparılan araşdırmalar nəticəsində toplu məzarların sayı müəyyən edilir. Onlardan birini aşkarlayan Misir, Fransa və Avstriyadan gəlmiş tarixçilər həmin qəbristanlıqdan 150 türkün cəsədini çıxarıblar.

Ceyhun
Milli.Az