İlham Əliyev

Prezident İlham Əliyev: “Ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir”

 


“Ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir. Bu, bizim üçün əsas məsələdir. Çünki uzun illərdir, Azərbaycan torpaqları işğal altındadır. İşğal bu gün də davam edir. Biz elə etməliyik ki, hərbi imkanlarımızı maksimum dərəcədə gücləndirək”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 23-də Müdafiə Nazirliyində keçirdiyi müşavirədə deyib. 

Dövlət başçısı bu istiqamətdə çox böyük işlərin, praktiki tədbirlərin görüldüyünü vurğulayıb. 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illərdir, danışıqlar aparıldığını deyən prezident son illər ərzində danışıqların yeni mərhələsində müəyyən ümidlər yarandığını bildirib: “Bu ümidlər getdikcə güclənirdi. Çünki danışıqlar prosesində müəyyən mərhələlər əldə edilib, müəyyən məsələlər razılaşdırılıb. Kollektiv fəaliyyət nəticəsində meydana çıxmış Madrid prinsipləri və Madrid prinsipləri əsasında tərəflərə təqdim edilmiş yenilənmiş təkliflər demək olar ki, məsələnin həlli üçün əsas yarada bilər.
Mən dəfələrlə bildirmişəm ki, Azərbaycan tərəfi prinsip etibarilə bəzi istisnalarla yenilənmiş təklifə müsbət baxa bilər. Bu təkliflər sülh sazişinin hazırlanması üçün əsas ola bilər”. 

Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün heç vaxt müzakirə mövzusu olmadığını və olmayacağını bir daha vurğulayıb: “Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Ondan sonra sülh yarana bilər, bütün kommunikasiyalar açıla bilər. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və ora qayıdacaq, orada yaşayacaq azərbaycanlılar yüksək muxtariyyət statusu çərçivəsində yaşayacaqlar. Onlar vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Nə bu gün, nə gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək mexanizm yoxdur. Danışıqlarda bu, açıq-aydın göstərilib. Belə olan halda, bir daha demək istəyirəm ki, son təkliflər sazişin hazırlanması üçün əsas ola bilər. Buna baxmayaraq, Ermənistanın mövqeyi bir daha onu göstərir ki, onlar sülh istəmirlər, sadəcə “status-kvo” vəziyyətini maksimum, nə qədər mümkünsə uzatmağa çalışırlar. İşğal edilmiş torpaqlardan çıxmaq istəmirlər. Bu işğalı davam etdirmək istəyirlər. Özlərinin danışıqlara guya ki, sadiq olduqlarını nümayiş etdirmək üçün cəhdlər göstərirlər. Sadəcə, çalışırlar ki, danışıqlar prosesi daha da uzansın və bir növ permanent, əbədi xarakter alsın”. 

Prezident Azərbaycan tərəfinin bununla heç vaxt razılaşmayacağını qeyd edib: “Biz dəfələrlə demişik, o vaxtadək danışıqlarda iştirak edəcəyik ki, danışıqların real nəticələri mümkün ola bilsin. Azərbaycan tərəfi maksimum dərəcədə konstruktivlik nümayiş etdirirdi, bu gün də etdirir. Bizim ən böyük kompromisimiz ondan ibarətdir ki, 20 ilə yaxındır, torpaqlarımız işğal altında qaldığı halda, Azərbaycan hələ də sülh prosesinə sadiqdir. Ermənistan tərəfi müxtəlif yollarla, hətta öz ölkəsində terror törətməklə danışıqlar prosesini dəfələrlə pozub. Buna baxmayaraq, biz daim konstruktivlik nümayiş etdirərək çalışmışdıq ki, məsələ öz həllini sülh yolu ilə tapsın. Məsələ sülh yolu ilə həll olunsun, beləliklə, bölgədə sülh, əməkdaşlıq yaransın. O da həqiqətdir və biz dəfələrlə bunu demişik, bu gün həyat bizim dediyimizi təsdiq edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə heç bir başqa məsələ öz həllini tapa bilməz. Ona görə yox ki, Azərbaycan buna etiraz edəcək – biz öz milli maraqlarımızı bütün vasitələrlə müdafiə edirik, edəcəyik və bu sahədə uğurlara nail olmuşuq – sadəcə, ona görə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə gedən proseslərə ən ciddi mənfi təsir edən amildir. Bu məsələ həll olunmadan heç vaxt heç bir başqa regional təşəbbüs, Azərbaycanın iştirakı olmadan baş verə biləcək hadisə mümkün deyil. Bu, artıq regionun reallıqlarıdır. Bu reallıqların yaranmasında Azərbaycan müstəsna rol oynayıb. Bizim son illərdə apardığımız siyasət, bölgədə mövqelərimizin gücləndirilməsi, güclü dövlətin qurulması, iqtisadi imkanlarımız, iqtisadi, sənaye, enerji təşəbbüslərimiz Azərbaycanı böyük dərəcədə gücləndirib. Ona görə də bu regional amili heç kim inkar edə bilməz. Heç kim bizim maraqlarımızı kənara qoya bilməz və bizi müəyyən mənada təcridetmə planları baş tuta bilməz. Son hadisələr bir daha bunu göstərib. Biz bundan sonra da milli maraqlarımızı bütün vasitələrlə müdafiə edəcəyik, bununla bərabər, bölgədə genişmiqyaslı əməkdaşlığın yaranması üçün səylərimizi göstərəcəyik. Bu genişmiqyaslı əməkdaşlığın əsas amili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hələ ki, biz Ermənistan tərəfindən konstruktivlik görmürük. Onların vaxtı uzatma, beynəlxalq vasitəçiləri aldatma cəhdləri davam edir. Çox təəssüf hissi ilə deyə bilərəm ki, bəzi beynəlxalq qurumlar onların qeyri-səmimi davranışına, bir növ, göz yummaq istəyirlər. Ermənistanın açıq-aydın görünən danışıqları pozmaq cəhdlərinə elə bil ki, bəraət qazandırılır. Əlbəttə ki, bu bizi çox narahat edir. Beynəlxalq aləm öz qərarlarına, heç olmasa hörmət etməlidir”. 

Azərbaycan torpaqlarının uzun illərdir ki, işğal altında olduğunu qeyd edən dövlət başçısı bizə qarşı etnik təmizləmə siyasəti aparıldığını söyləyib: “Bizim bütün mədəni, dini, tarixi abidələrimiz dağıdılıb. İşğal edilmiş bütün rayonlarda mövcud maddi sərvətlər talan edilib. Bizim bütün muzeylərdən tarixi eksponatlar erməni oğruları tərəfindən aparılıb. Bütün məscidlərimiz erməni vandalları tərəfindən yerlə-yeksan edilib. Yəni, biz bu qədər qəddarlığa, bu qədər ədalətsizliyə dözə bilmərik. Ona görə bugünkü müşavirənin xüsusi əhəmiyyəti var. Azərbaycan başqa sahələri inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu, bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək”. 

Prezident Azərbaycanın bütün istiqamətlərdə çox uğurlu addımlar atdığını vurğulayıb: “Biz son 5-6 il ərzində iqtisadi cəhətdən dünyada birinciyik. İqtisadi islahatlar sahəsində böyük işlər görülür, siyasi islahatlar aparılır. Ölkədə sabitlik, əmin-amanlıq hökm sürür. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ölkə çox dinamik və hərtərəfli inkişaf edir. Bütün regionlarda abadlıq işləri aparılır. İnfrastruktur layihələri və görülən bütün işləri sadalamağa ehtiyac yoxdur. Ordu quruculuğu sahəsində də çox böyük işlər görülür. Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi var. Son illər ərzində çoxlu texnika, silah-sursat alının. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır. Mən bir neçə il bundan əvvəl demişdim ki, elə etməliyik Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olsun. O vaxt əlbəttə ki, bu xərclər arasında böyük fərq var idi. Ancaq bu gün – 2010-cu ildə biz buna nail ola bilmişik. Biz hərbi məsələlərin həlli üçün istədiyimiz qədər vəsait xərcləyə bilərik və xərcləyirik”. 

Ali Baş Komandan Ermənistanla Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çıx böyük fərq olduğunu vurğulayıb: “Özü də bu fərq gündən-günə böyüyür, bu uçurum gündən-günə genişlənir. Əgər biz bugünkü vəziyyəti götürsək, görərik ki, Azərbaycan Ordusu bütün cəhətlərdən Ermənistan ordusundan daha güclü, daha peşəkardır. Ermənistan silahlı qüvvələrində xidmət edən əsgərlər kütləvi qaydada Azərbaycan tərəfə keçirlər. Onların burada dediyi sözlər və gətirdiyi faktlar göstərir ki, Ermənistan ordusunda nə qədər acınacaqlı vəziyyət vardır. Bu kütləvi köç davam edir və şübhə yoxdur ki, gələcəkdə də davam edəcək. Bizim hərbi imkanlarımız gündən-günə güclənir, iqtisadi imkanlarımız güclənir, biz heç kimin yardımından asılı deyilik. Bu gün Azərbaycan bölgədə o nadir ölkələrdəndir ki, öz hesabına yaşayır, bu yaşayış gündən-günə daha da yaxşılaşacaq. Bizim maliyyə imkanlarımız genişlənir. Heç kimin yardımından, kreditindən asılı deyilik. Belə olan halda gələcəkdə əlbəttə ki, Ermənistanla Azərbaycan arasında istər iqtisadi sahədə, istər ordu quruculuğunda, istərsə də demoqrafik məsələlərdə fərq daha da böyüyəcək. Azərbaycanda əhalinin sayı ildən-ilə artır və bu il artıq 9 milyonuncu vətəndaş dünyaya gəlib. Ermənistanda isə demoqrafik vəziyyət ildən-ilə pisləşir. Həm təbii azalma müşahidə olunur, eyni zamanda, Ermənistandan köçüb gedənlərin sayı artır. Bu gün – 2010-cu ildə vəziyyət belədir. Biz bilirik ki, hətta təmas xəttində, o təmas xəttini qorumaq üçün Ermənistan ordusunda canlı qüvvə çatışmır. Bu yaxınlarda o ölkədə elan edilmiş bəzi tədbirlər göstərir ki, onlar hansı çətin vəziyyətdədirlər. Onlar səfərbərliyə cəlb ediləcək insanların yaş həddini artırırlar. Orada canlı qüvvə Azərbaycanda olan insani potensialla müqayisə oluna bilməz. Bu, vacib məsələdir və üstünlük bizim tərəfimizdədir. Digər bütün başqa sahələrdə də üstünlük bizim tərəfimizdədir”. 

Azərbaycan prezidenti hərbi sənayenin də çox sürətlə inkişaf etdiyini diqqətə çatdırıb: “Bu sahəyə də böyük vəsait ayrılır, diqqət göstərilir. Son illər ərzində çoxsaylı zavodlar yaradılıb. Azərbaycanda ən müasir texnika istehsal olunur. Gələcəkdə bizim bu sahədə planlarımız çox genişdir və böyükdür. İstəyirik ki, bizə lazım olan hərbi sursat və texnika maksimum dərəcədə Azərbaycanda istehsal olunsun. Beləliklə, biz idxaldan da asılılığımızı azaldacağıq. Baxmayaraq ki, silah-sursatın alınması ilə əlaqədar qarşımızda heç bir problem yoxdur, bu proses davam edir və davam edəcək. Bir də demək istəyirəm, baxmayaraq ki, Ermənistanın qeyri-səmimi davranışı artıq özünü açıq şəkildə büruzə verir, biz danışıqlar prosesinə hələ ki, müsbət yanaşırıq. Hələ ki, Ermənistan tərəfindən cavab gözləyirik. Son təkliflər qəbul olunarsa, onda sülh sazişi üzərində iş başlana bilər. Əgər təkliflər qəbul olunmazsa, onda, ümumiyyətlə, danışıqlar prosesinə yenidən baxılmalıdır. Əlbəttə ki, Azərbaycan yaranacaq vəziyyətə adekvat mövqe nümayiş etdirəcək”. Mənbə: www.lent.az