Əhməd Davudoğlu
Əhməd Davudoğlu

Media Ərdoğanı topa tutdu: “Bakıda verdiyin vəd nə tez unuduldu?”

 

Türkiyə ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin qurulmasına dair srağagün açıqlanan protokollar iki ölkənin xarici işlər nazirləri tərəfindən hələ 6 ay əvvəl paraflanıb. Lakin Azərbaycan və Türkiyə ictimaiyyətlərinin sərt etirazlarını görən AKP iqtidarı bu sənədlərin elan olunmasını ləngidib və onları gizli saxlayıb. Türkiyə mətbuatının xəbərlərinə görə, “Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair” və “Türkiyə ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin inkişafına dair” adlı protokolların altındakı tarix bu il fevralın 7-ni göstərir. Məlum olub ki, sənəd üzərində iş aprel ayında başa çatıb və onu xarici işlər nazirləri qarşılıqlı olaraq paraflayıb. Sənədi Türkiyə tərəfindən paraflayan keçmiş xarici işlər naziri Əli Babacan olub. Diplomatik mənbələrdən bildiriblər ki, protokolların gizlədilməsi hər iki ölkədə yerli ictimaiyyətin kəskin reaksiyaları ilə bağlıdır. Türkiyənin ana müxalifət partiyası CHP-də bir gün əvvəl protokolların altında 7 fevral tarixinin yer aldığını nümayiş etdirib.

***

AKP iqtidarına bağlı “Zaman” qəzetinin xəbərinə görə, hər iki protokolun mətnləri üzərində anlaşma fevralın 7-də Almaniyanın Münhen şəhərində Türkiyə və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlardan sonra razılaşdırılıb. Həmin toplantıdan sonra Əli Babacan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birlikdə Bakıya uçub. Lakin təyyarədə Babacan Məmmədyarova erməni tərəfi ilə anlaşma barədə bir kəlmə də deməyib. Bakıda o, prezident İlham Əliyev və digər rəsmilərlə görüşərək Ermənistanla münasibətlərin nizamlanması prosesinə dair məlumatlar verib, lakin protokolların mətni Azərbaycan tərəfinə göstərilməyib. Ə.Babacanın həmin səfəri zamanı Azərbaycan rəsmilərinin sərt reaksiyaları ilə üzləşdiyi və danışıqların olduqca gərgin keçdiyi məlumdur. Hələ bu ilin yazında Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi gündəmə gələndə “Yeni Musavat” xəbər vermişdi ki, Azərbaycan rəhbərliyi iki ökə arasında aparılan gizli danışıqların detalları haqda Rusiya Xarici Kəşfiyyat Xidmətinin əli ilə məlumatlandırılıb. Buna baxmayaraq Türkiyə tərəfi Azərbaycan tərəfini Ermənistanla münasibətlər qurulması prosesinin Dağlıq Qarabağ məsələsindən asılı olduğuna inandırmağa çalışıb. Belə görünür ki, gizli danışıqlarda əldə edilmiş nəticədən məlumatlı olan Azərbaycan dövlət başçısı aprel ayında Türkiyəyə səfərdən imtina edərək öz sərt mövqeyini ortaya qoymuşdu.

***

“Zaman” qəzeti xəbər verir ki, protokollar məhz aprelin əvvəllərində, ABŞ prezidenti Barak Obamanın səfəri zamanı İstanbulda keçirilən “Mədəniyyətlərarası dialoq” forumu zamanı paraflanıb. Sənədlərin İsveçrənin xarici işlər naziri Mişelin Kalmi Rey tərəfindən əl-əl dolaşdırılaraq paraflandığı bildirilir. Xatırladaq ki, artıq internetdə yayılan bu sənədlərdə Dağlıq Qarabağ münaqişəsi haqda bir kəlmə də deyilmir. Məlum olur ki, Türkiyə tərəfi Ermənistanla münasibətlərin qurulması prosesini rəsmi danışıqlarda Qarabağ məsələsindən ayrı tutub. Azərbaycan tərəfinin israrlı çağırışlarına baxmayaraq Türkiyə tərəfi indiyədək bu məsələyə aydınlıq gətirmirdi. İş o yerə çatdı ki, bu ilin mayında prezident İlham Əliyev Brüsselə səfəri zamanı tərəflərin söz oyunu apardığını deyərək “sadə suala sadə cavab ala bilmədiklərini” deməli oldu. Daha sonra baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıya səfər etdi və Azərbaycan tərəfini əmin etdi ki, Türkiyə Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla münasibətlər məsələsində heç bir addım atmayacaq. Lakin rəsmi Bakı Türkiyənin apardığı danışıqların detallarından xəbərdar olduğuna görə ehtiyatı əldən verməyib və sərhəd məsələsi ilə paralel cərəyan edən qaz müzakirələrində möhkəm mövqeyini qoruyub. Yəni Türkiyə tərəfi Qarabağ məsələsi həll olunmadan sərhədlərin açılmayacağına Bakını şifahi vədlərlə inandırmağa çalışaraq Azərbaycandan ucuz qaz almaq niyyətində idi. Ancaq bu, baş vermədi və Azərbaycan tərəfi prezident səviyyəsində bəyan etdi ki, Türkiyə ilə qaz alqı-satqısında bazar şərtlərinə keçir. Nəticədə Türkiyə tərəfinin Azərbaycan qazını ucuz alıb onu “Nabucco” kəməri ilə Avropaya baha satmaq planları pozulmuş oldu.

***

Elə indi də Türkiyə tərəfi Azərbaycanı arxayın salmağa çalışır ki, Qarabağ məsələsi həllini tapmadan sərhədlər açılmayacaq. Lakin sual yaranır: bu ilin yazından bəri Qarabağ münaqişəsinin həllində hansı irəliləyişlər baş verib ki, Türkiyə sərhədlərin açılmasına və diplomatik münasibətlər qurulmasına dair konkret təqvim planını elan edib? Protokollar hər iki ölkə parlamentləri tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minəcək. Baş nazir Rəcəb Tayyib Ərdoğan da bunu xatırladıb. Nəzəri olaraq Türkiyənin protokolların parlament səviyyəsində təsdiqlənməsini uzatmaq imkanları var. Ancaq aydındır ki, Ermənistanla münasibətlər məsələsində AKP hökuməti Qərb çevrələri qarşısında ciddi öhdəliklər götürüb və bunlardan geri çəkilmək imkanında deyil. Ən yaxşı halda prosesi bir neçə ay ləngidə bilir. Ona görə də protokolların parlamentdə təsdiqlənməsinin bir neçə ay uzadılması da heç nəyi dəyişmir. Bu ləngimə ilə Ermənistanı Qarabağ məsələsində hansısa güzəştlərə sövq etmək də mümkün deyil. Ən uzağı Türkiyənin addımı Azərbaycanın danışıqlar prosesində mövqelərini zəiflədəcək, Ermənistana isə göründüyü kimi heç bir təsir etməyəcək. Təsadüfi deyil ki, prezident Serj Sərkisyan tamamilə arxayın şəkildə bildirib ki, Türkiyə ilə münasibətlər məsələsi Qarabağ münaqişəsindən ayrı prosesdir və əgər Ankara bu iki məsələni bir-birinə bağlamağa çalışsa, müzakirələr bitmiş sayılacaq.

***

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da təsdiq edir ki, Ermənistanla münasibətlər məsələsi Qarabağ münaqişəsinin nizamlanmasından asılı deyil. Ə.Davudoğlu Ankarada keçirdiyi brifinq zamanı Türkiyənin məqsədinin “bütün qonşularla sıfır problem” strategiyasını həyata keçirmək olduğunu deyib. Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlər qurmalıdır, ancaq Qarabağ münaqişəsinin də beynəlxalq ictimaiyyətin səyləri ilə həllini tapması vacibdir. Ə.Davudoğlu Ermənistanla sərhədlərin açılması üçün konkret tarix də verib. O, deyib ki, hər şey yolunda getsə, sərhədlər yanvarın 1-nə qədər açılacaq. Bu zaman nazir Qarabağ münaqişəsinin sərhədlərin açılmasına hansı təsirlərinin olacağını deməyib. O, əlavə edib ki, Azərbaycan tərəfi prosesdən əvvəlcədən xəbərdardır. Ə.Davudoğlu baş nazir Ərdoğanın keçən həftə prezident İ.Əliyevlə telefonla danışdığını, ardınca XİN-dən iki diplomatın Bakıya göndərildiyini xatırladıb.

***

AKP təmsilçiləri də Azərbaycan tərəfinin prosesdən məlumatlı olduğunu deyirlər. Doğrudan da rəsmi Bakı məlumatlı olub, ancaq Türkiyə tərəfinin şifahi və çox vaxt bir-biri ilə uzlaşmayan açıqlamaları vasitəsilə yox, digər mötəbər mənbələr vasitəsilə məlumat alıb. Azərbaycan tərəfinin mövqeyi də əvvəldən aydındır: Bakı başqa ölkələrin ikitərəfli münasibətlərinə qarışmır, ancaq regionda baş verən dəyişikliklərə uyğun olaraq öz siyasətinə də yenidən baxmaq haqqı var. Türkiyə mediası da AKP iqtidarının bu addımının Azərbaycanla münasibətlərin pozulmasına gətirib çıxaracağı haqda yazır. lHürriyet» qəzetinin baş yazarı Oktay Ekşinin məqaləsində deyilir ki, ortada iki protokol var, ancaq gurultusu və nəticələri o qədər də asanlıqla sakitləşəcək kimi deyil. Çünki ya Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibət yaradılmasına və eyni zamanda Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin pozulmasına, ya da hər şeyin bərbad olmasına səbəb olacaq. Qəzetin digər köşə yazarı Mehmet Yılmaz isə qeyd edir ki, Türkiyə lDağlıq Qarabağ problemi həll edilmədən sərhədi açmaram»  fikrindən də vaz keçir: “Necə ki, dünən Sərkisyan da Türkiyə ilə dialoqun Dağlıq Qarabağ məsələsini əhatə etmədiyini açıqladı. Hökumətin içəridə və qıraqda başını ən çox ağrıdacaq olan məsələ də budur. Xatırlayacaqsınızsa, baş nazir Rəcəb Tayyib Ərdoğan Ermənistan ilə münasibətlər yaradılacağına dair xəbərlər çıxanda lküsən» Azərbaycanın könlünü almaq üçün Bakıya getmiş və parlamentdəki çıxışında lDağlıq Qarabağ məsələsi həll edilmədən sərhədi açmayacağıq»  sözü vermişdi. lDilim-başıma geydirər kilim» – Anadolu zərb-məsəli bir daha təsdiqlənir. Baş nazirin bundan özünə bir dərs çıxarıb danışmazdan əvvəl yaxşı düşünməsini və ağzından çıxan sözü qulağının eşitməsini bir dəfə də ona xatırlatmaq istəyirəm”.

***

Anlaşmaya bir-birinin ardınca beynəlxalq reaksiyalar gəlməkdədir. ABŞ və Fransanın təbriklərindən sonra Avropa strukturları da anlaşmanı alqışlayan bəyanatlar verir. Avropa Şurası baş katibinin səlahiyyətlərinin icraçısı Mod de Bur-Bukikkio Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair iki protokolun imzalanması ilə bağlı əldə olunmuş razılığı alqışlayır. Bu barədə Avropa Şurasının Bakı ofisindən məlumat verilib. Avropa Şurası Baş katibinin səlahiyyətlərinin icraçısı bu addımın həm hər iki ölkə, həm də region üçün tarixi hadisə olduğunu deyib. Mod de Bur-Bukikkionun sözlərinə görə, anlaşma Avropa Şurasına iki üzv dövləti arasında münasibətləri normallaşdırmağa kömək edəcək: “Eyni zamanda hər iki ölkəni Avropanın bu hissəsində sabitliyi inkişaf etdirməyə kömək edəcək bu yolda səylərini davam etdirməyə həvəsləndirirəm”. Avropa Şurasının Nazirlər Komitəsi də dünən anlaşmanı alqışlayan bəyanatla çıxış edib. ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis də Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması prosesini alqışlayıb. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistanın ikitərəfli münasibətlərin nizama salmaq məqsədi ilə elan etdikləri birgə bəyanat regional stabilliyə töhfə vermiş olacaq. “Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələri bərpa etmək nəinki təkcə Cənubi Qafqaz regionuna, eləcə də onun xaricində atılmış pozitiv addım olacaq. Mən ATƏT-in iki iştirakçı dövləti tərəfindən əlaqələrin nizama salınması üçün atılan bu müsbət addımı ürəkdən alqışlayıram” – deyə Bakoyannis bildirib. Nazir hər iki tərəfi İsveçrənin iştirakı ilə aparılan danışıqları müsbət nəticələr üzərində qurmağa çağırıb.
Göründüyü kimi, anlaşmadan uzun müddətdir Ermənistanla sərhədlərin açılmasına çalışan Qərb çevrələri məmnundur. Məmnun olmayan tək tərəf isə Azərbaycandır. Qəzəbini və məyusluğunu hələ ki, ürəyində saxlayan Azərbaycan… F.MƏMMƏDOV / musavat.com