Dövlət Bahcəli
Dövlət Bahcəli

Partiya sədrinin müşaviri deyib ki, milliyətçilər parlamentdə bu plana səs verməyəcəklər.

 

«Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistanın ordusu çıxmasa, sərhədlərin açılmasının tərəfdarı deyilik. Öncə ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxacaq, sonra sərhədlər açılacaq». Bunu ANS PRESS-ə eksklüziv açıqlamasında Türkiyənin Milliyətçi HərəkAt Partiyası sədrinin müşaviri Cəmil Yanık son günlər Türkiyə ilə Ermənistan arasında yaranan yaxınlaşmaya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, daha əvvəllər də Türkiyə Böyük Millət Məclisində Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı və partiya üzvləri buna etiraz etmişdi: «Dəfələrlə bizim millət vəkilləri Azərbaycana gediblər. Sonradan azərbaycanlı rəsmilər burada qarşılanıblar. Hər dəfə, hətta ikitərəfli görüşlərimizdə sərhədlərin açılmasına qarşı etirazımızı bildirmişik. İndi də etiraz edirik».
C.Yanık deyib ki, Azərbaycanın düşündüyünü hər bir MHP-çi düşünür.
Bu məsələnin Türkiyə Parlamentinə səsverməyə çıxarılmasına gəldikdə, C.Yanık deyir ki, MHP-li millət vəkilləri parlamentdə “erməni açılımı”nın əleyhinə səs verəcəklər.
Xatırladaq ki, dünən Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir ki, siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşması üçün əsas yaratmalıdır.