Qubadlı
Qubadlı

Bu gün Azərbaycanın Qubadlı rayonunun işğalından 16 il keçir.


Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir. Respublikanın cənub-qərbində (Qarabağ) yerləşən rayonun sahəsi 826 km² , əhalisi isə 31300 nəfərdir.

İnzibati mərkəzi Qubadlıdır. Qubadlı rayonu şimaldan Laçın rayonu, cənubdan Zəngilan rayonu, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Rayonun çox gözəl təbiəti var. Qubadlının ərazisindən Azərbaycanın ən bol sulu çaylarından olan Həkəri və Bərguşad çayları axır.

Ən əhəmiyyətli kəndləri Mahmudlu, Xəndək, Xanlıq, Muradxanlı, Yuxarı Mollu kəndləridir.

Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlının ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub. Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

Bilavasitə, Ermənistan ərazisindən Qubadlının sərhəddə yerləşən Əliquluşağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Dovudlu, Novlu, Y.Cibikli, Əyin, Çaxdaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə təcavüz edilir, kəndlər atəşə tutulurdu.

1989-cu ilin axırları rayonda vəziyyət son dərəcə ağırlaşdı. Gündüz sərhəddə keşik çəkən düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edirdi. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri çatmırdı.

Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarsılsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla qorumaq mümkün deyildi.

Avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşayiəti ilə hücuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə göndərilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular.

Erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də Qubadlı bütünlükdə işğal olundu.