Azad Rəhimov və Füzuli Ələkbərov
Azad Rəhimov və Füzuli Ələkbərov

Qara Şəhərli – Bizim Yol Qəzeti

İki nazirmizin Ermənistana səfəri ərəfəsində milli ruh söhbətlər.

 

Bu yaxınlarda gənclər və idman naziri «fəxri gənc» adını aldı. Bir vaxtlar SSRİ-nin rəhbəri Brejnyev də «Bakının fəxri vətəndaşı» elan edilmişdi və 70ci illərdə ona hətta Bakının rəmzi açarını da vermişdilər. Azad müəllimdən fərqli olaraq, Leonid İliç idmanla məşğul olmurdu; binəva yeriyə bilmirdi, Bakıya gələndə də qoluna girib ora-bura aparırdılar. Bakının rəmzi açarı öz açarını çoxdan itirmiş adamın nəyinə lazım idi? Bunu indiyə qədər dərk edə bilməmişəm.

Amma onu bilirəm ki, elə o zamanlarda da Bakının fəxri sayıla biləcək adamlar heç Bakının vətəndaşı ola bilmirdi, ancaq Brejnyevin qoluna girib buraya sürümüşdülər ki, nə var, nə var, bir-iki tərifli söz desin. Özü ayaq üstə dura bilməyən Sovet lideri: «Azərbaycan iri addımlarla irəliləyir» demişdi və bildirmişdi ki, «Bakı gözəl şəhərdir, burda yaşamaq və işləmək xoşdur». İllər keçdi, Brejnyev rəhmətə gedəndən az sonra Sovetlər Birliyi də onun yanına getdi.

Keçmiş SSRİ-nin keçmiş rəhbərindən fərqli olaraq müstəqil Azərbaycanın müstəqil naziri Azad müəllim gənc və sağlamdır. Sadəcə, onun başçılıq etdiyi Nazirliyin açıqlamasındakı «bayraq» sözünü oxuduğumuza görə Brejnyev yadımıza düşdü; mərhum Brejnyev Azərbaycan SSR-ə 13 dənə keçici qırmızı bayraq vermişdi. 13 rəqəmi isə, xristian inancına görə, hər adama düşərli olmur. Bizə də düşmədi; Azərbaycanın 13 keçici bayrağı vardı, Ermənistanın yox. Bizimkilər qənd-yağ almağa İrəvana gedəndə ermənilər onlara: «Sizə satmırıq, gedin, bayrağınızı yeyin» deyirdilər.

İndi, şükür ki, müstəqilik. Cəmi bir bayrağımız – müstəqil dövlət bayrağımız var. Bu dəfə bizdə yağ-qənd var, ermənilərdə yoxdur. Bu dəfə dövlət bayrağımızı da götürüb Ermənistana gedirik. Daha doğrusu, iki nazirimiz birdən gedir. Bunlardan biri Azad Rəhimov, o birisi də Güdo Federasiyasının prezidenti, əmək və əhalisinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onlar Güdo üzrə gənclər arasında keçirilən Avropa çempionatında iştirak edəcəklərmiş (Yəqin ki, bu saat Akif Nağı Heydər Əliyev adına Hava Limanının VİP terminalının xəritəsini qabağına qoyub nazirlərimizin Ermənistana səfərini dəf etmək üçün xüsusi əməliyyat planı hazırlayır). Sən demə, bizim Ermənistanla sülh müqaviləmizdən qabaq idmanla bağlı müqaviləmiz imzalanıb – 2007-ci ildə. İndi yenisi imzalanacaq.
     
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti muştuluq verir ki, həmin müqaviləyə görə, idmançılarımızın təhlükəsizliyi qorunmalıdır, informasiyalar ötürülməsinə şərait yaradılmalıdır, məşqlər keçirilməlidir,  Azərbaycan bayrağı yarış boyu başqa bayraqlarla bir sırada asılmalıdır, idmançılarımız birinci yeri qazandığı təqdirdə Azərbaycan bayrağı qaldırılmalı, himnimiz səslənməli və bütün iştirakççılar ayağa qalxmalıdır və sair. Adamın lap gözləri yaşarır. Fantastika: hökumətlər bir-birinin qarşısında öhdəlik götürür ki, bir ölkənin idmançıları birinci yeri tutanda o biri ölkədən olan azarkeşlər ayağa qalxıb mütləq alqışlamalıdır. Çox maraqlıdır,  Bakıda Hollandiyanın komandası «Qarabağ»ın oyunu zamanı ayağa qalxıb doğma komandamıza dəstək verən azərbaycanlıya milli polisimiz: «Ə, kəs səsini, otur aşağı, səsin başıma düşdü» deyir, amma o biri tərəfdən, ermənidən tələb edirik ki, ayağa qalxıb bizim idmançılarımızı alqışlasın.

BMT-nin qətnamələrini yerinə yetirməyən Ermənistan Azad Rəhimovla imzaladığı müqaviləni yerinə yetirəcəkmi, yetirməyəcəkmi- onu bilmirəm. Onu da bilmirəm ki, Azad müəllim bir tərəfdən Eurovizionda erməniyə səs verənləri və onları qəhrəman kimi təqdim edən media mənsublarını qınadı (haqlı da elədi), o iri tərədən, Ermənistandan bizim idmançılarımıza alqış tələb etdisə, bu, özü demişkən, ikili standarta oxşamır? Nazir «Azadlıq» radiosunu Azərbaycanın ərazi bütövlüyünə ikili standartlarla yanaşmaqda ittiham etdi, bəs Azərbaycanın ərazi bütövlüyünün heç bir standartını tanımayan, onu pozmuş Ermənistana birdən-birə iki nazirimizin səfərini nə cür adlandırım-vallah hələ anlamış deyiləm. Ermənistan gəlib bizim toppaqlarımızda gecə təlimləri aparır, biz də gedib İrəvanda cüdo oynayacağıq, danışmışıq, idmançımız birinci yeri tutsa, ermənilər mütləq ayağa qalxıb alşıqlamaqdan bayılacaqlar. Onda belə çıxır ki, erməni idmançısı da birinci yerə çıxsa, iki nazirimiz ayağa qalxıb onları alqışlayacaq, eləmi? Mən düşünürəm ki, MTN tərəfindən bu məqam diqqətlə izlənmənlidir. Nazirlərimiz ayağa qalxıb erməni idmançlarına əl çalsa, qayıdandan sonra onları çağırıb milli ruhla bağlı bir-iki sual vermək lazım olacaq.

İstənilən halda mən nazirlərimizin Ermənistana səfərlərinin əleyhinəyəm (Yeri gəlmişkən,  Əli İnsanov da nazir olanda ora getmişdi).