Sarkisyan
Sarkisyan

Serj Sərkisyan Ermənistanın yeni prezidenti seçiləndən və Dağlıq Qarabağ məsələsində Robert Köçəryandan fərqli siyasət yeritdiyindən-bu, bir erməni oyunudur-bəlkə də bəzilərimizdə ümid yaranmışdı ki, münaqişənin həlli tezləşə və ermənilər nəhayət kompromisə gələ bilərlər. Ancaq atalar demişkən: “İlanın ağına da, qarasına da lənət”. Yəni Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olamayaraq bunu birmənalı olaraq anlamalıyıq ki, Dağlıq Qarabağ xoşluqla geri qaytarılmayacaq. Bunu həm tarixi faktlara istinad edərək deyə bilərik, həm də Ermənistanın Rusiyanın forpostu olduğunu və buna görə də rəsmi Moskvanın icazəsi olmadan hansısa qərar qəbul edə biləcək durumunu bildiyimizdən bu cür qənaətə gəlmək mümkündür.

Arzu Şirinova

Xatırlayırsınızsa, dəfələrlə olub ki, danışıqların intensiv getdiyi ərəfədə və yaxud hansısa razılaşmaya yaxın bir vaxtda Ermənistanın rəsmi şəxsi səviyyəsində anormal açıqlama verilib. Bununla da bəlli olub ki, gözləntilər əbəsmiş. Belə anormal açıqlamalardan biri də Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryandan gəldi.
“Exo Moskvı” radiostansiyasına müsahibəsində Şavarş Koçaryan deyib ki, İrəvan Dağlıq Qarabağın müstəqilliyini hüquqi cəhətdən tanımadan öz müstəqilliyini elan etmiş başqa ölkələrin tanınması məsələsi gündəlikdə ola bilməz.
Koçaryanın sözlərinə görə, rəsmi İrəvan Dağlıq Qarabağın müstəqilliyini ona görə tanımır ki, bu, münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinə mənfi təsir göstərə bilər: “Ermənistan bu mövqedən çıxış edir ki, nə qədər həmsədrlər var, danışıqlar prosesi davam edir, biz öz mövqeyimizi qəti şəkildə ifadə etməməliyik. İkincisi, təbii ki, bizim məqsədimiz Dağlıq Qarabağın müstəqilliyini Ermənistanın yox, dünya ictimaiyyətinin tanımasıdır”. Bununla belə, Şavarş Koçaryan Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının mümkünlüyünü istisna etməyib: “Bu, heç vaxt istisna olunmur. Amma biz danışıqlar prosesi məntiqindən çıxış edirik. Əgər Azərbaycanın mövqeyi danışıqlar prosesini dalana dirəsə, heç nə istisna olunmur”. Şavarş Koçaryanın sonrakı iddiası isə anormallığın son həddidir. Onun sözlərinə görə, Dağlıq Qarabağı tərk etmiş azərbaycanlılar ora qayıtmaq üçün separatçı rejimin müstəqilliyini tanımalıdırlar: “Bundan başqa, vasitəçilər kompromis kimi referendum keçirilməsini təklif edirlərsə, bu, səsvermədə Dağlıq Qarabağın münaqişədən əvvəlki əhalisinin tam şəkildə iştirakını nəzərdə tutur”. Nazir müavini deyib ki, azərbaycanlılar referendumda səsvermə hüquqlarından hazırda yaşadıqları yerlərdə istifadə etməlidirlər: “Onlar qərarlaşdırmalıdırlar ki, Dağlıq Qarabağın statusunu əhəmiyyətli hesab edirlər, ya yox. Nəhayət, bizim fikrimizcə, mövcud etimadsızlıq, qarşılıqlı düşmənçilik daimi olmamalıdır”.
Ermənistanın rəsmi şəxsi bütün bu sərsəmləmələrlə yanaşı həyasızcasına onu da söyləyib ki, Dağlıq Qarabağ problemilə bağlı BMT Təhlükəsizlik Şurasının hər hansı bir qətnaməsi olmayıb. İnsan ya kar, ya kor, ya da dünyadan təcrid olunmalıdır ki, belə yalanlar uydurub danışa bilsin.
Şavarş Koçaryanın isə bu cür problemləri yoxdur. Deməli nazir müavini erməni həyasızlığına salıb danışır və danışdırılır. Şavarş Koçaryanın görməməzlikdən gəldiyi BMT Təhlükəsizlik Şurasının dörd qəətnaməsindən söz düşmüşkən, Ermənistan nəinki bu qətnamələrə əməl etmir, eyni zamanda Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə də məhəl qoymur. Həmin öhdəliklər sırasında Dağlıq Qarabağ probleminin sülh yoluyula nizama salınması da var. Xatırladaq ki, Ermənistan Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu qurumun Parlament Assambleyası 14 və 16 saylı qətnamə qəbul etdi. Həmin qətnamələrdə Ermənistan ordusunun Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi göstərilir və erməni qoşunlarının qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin torpaqlarına qayıtması öz əksini tapıb. Ancaq buna baxmayaraq Ermənistan bu istiqamətdə götürdüyü öhdəliklərin heç birinə əməl eləmir. Eyni zamanda Azərbaycanın qarşısında şərtlər irəli sürür.
Yuxarıda qeyd etdiyimiz kimi Ermənistanın xarici işlər nazirinin müavini bildirib ki, Dağlıq Qarabağı tərk etmiş azərbaycanlılar ora qayıtmaq üçün separatçı rejimin müstəqilliyini tanımalıdırlar: “Bundan başqa, vasitəçilər kompromis kimi referendum keçirilməsini təklif edirlərsə, bu, səsvermədə Dağlıq Qarabağın münaqişədən əvvəlki əhalisinin tam şəkildə iştirakını nəzərdə tutur”.
Ermənistan rəsmisinin açıqlamasından göründüyü kimi aparılan danışıqlar əsasən ermənilərin maraqlarını təmin edir. Bu təminatı da onlara həmsədrlər yaradıblar. Dağlıq Qarabağ probleminin həlliylə bağlı məsələdə ATƏT üzvü olan dövlətlərin-Rusiya və Fransanın mövqeyi birmənalı olaraq aydındır. Bu ölkələr hər zaman Ermənistanın maraqlarına uyğun addımlar atır, Azərbaycanı təslimçi sülhə sürükləyir və ölkəmiz müharibəyə başlayacağı təqdirdə onu sanksiyalar gözlədiyini bildirirlər. ABŞ bu ölkələrə nisbətən fərqli siyasət yeritsə də, ancaq Azərbaycanın maraqlarına uyğun da nələrsə həyata keçirməyib. Bütün bu münasibətlər əsas verir deyək ki, Azərbaycan nəhayət, Dağlıq Qarabağla bağlı siyasətində dönüş yaratmalıdır. Yəni ərazi bütövlüyünün təmin olunması, torpaqlarının işğaldan azad edilməsi istiqamətində addımlar atmalıdır. Bu addımlar atılmağa başlayacağı halda isə heç bir ölkə Azərbaycana irad tuta bilməz. İrad tutub nə deyəcəklər? Deyəcəklər ki, niyə ərazi bütövlüyünü təmin edirsən? Və yaxud deyəcəklər ki, niyə öz tarixi torpaqlarından işğalçı Ermənistan ordusunu çıxarırsan? Məgər Rusiyanın, Fransanın, ABŞ-ın ərazilərini qonşu dövlətin işğalçı ordusu zəbt etsəydi o zaman bu ölkələr gözləmə mövqeyimi tutardılar? Əlbəttə ki, yox. Onlar bu cür problemlərini çoxdan həll edərdilər. Ancaq Azərbaycandan münaqişənin sülh yoluyla həll olunmasını istəyirlər. Həmin istəyi yerinə yetirən Azərbaycan isə uduzur. Başımızın altına sülh balıncı qoyan dövlətlərin istəyini yerinə yetirə-yetirə illər keçə bilər. Bir vaxt ayılıb görəcəyik ki, mənasız danışıqlar acı bağırsaq kimi uzanır, nəticə isə yoxdur. Yaxud bizi Ermənistanın şərtlərini yerinə yetirməyə məcbur edə bilərlər. / xalqcebhesi.az