Elçin Mirzəbəyli
Elçin Mirzəbəyli

Levon Ter-Petrosyanın “Sərkisyan Qarabağı satıb” bəyanatından ruhlananlar Azərbaycanın mövqelərinin möhkəmləndirilməsinə xidmət edəcək sadə bir sözü dilə gətirməkdən çəkinirlər

Elçin Mirzəbəyli

Ter-Petrosyanın bu açıqlaması Azərbaycanın bir sıra mətbuat orqanlarında az qala sensassiya xarakterli, bəlkə də Qarabağ probleminin həllilə bağlı mövcud reallıqları dəyişə biləcək bir olay kimi təqdim olunur. Müxtəlif siyasi düşərgələri təmsil edən şəxslər, müstəqil və qeyri-müstəqil ekspertlər, köşə və meydan yazarları Ermənistanın müxalifət liderinin öz siyasi rəqiblərinə qarşı səsləndirdiyi ittihamları az qala reallıq kimi qəbul edirlər. Bəziləri erməni müxalifətçisinin açıqlamasından istifadə etməklə qatı açılmamış mədhiyyələrini gözə soxur, daha yaxşı yarınmaq bacarığını sərgiləyir, bir başqaları isə Levon Ter-Petrosyanın fikirlərini “daxili siyasi mübarizə” elementi kimi qiymətləndirirlər. Bu kontekstdə “fərqli” mülahizələr yürüdənlərdə var. Məsələn, bir qrup Azərbaycan siyasətçisinin qənaətinə görə, erməni müxalifət liderinin ritorik bəyanatları reallığı əks etdirir. Yəni, Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət nəticəsində Ermənistan tamamilə təklənib və artıq Serj Sərkisyanın öz iddialarından geri çəkilməkdən özgə yolu qalmayıb. Yeri gəldi-gəlmədi, mahiyyətinə və fərqinə varmadan regionda, dünyada, hətta Ermənistanda baş verən prosesləri, xırda-para bəyanatları, hansısa erməni siyasətçisinin, ekspertinin, yaxud köşə yazarının mülahizələrinin “Azərbaycanın uğurlu xarici və daxili siyasəti”lə əlaqələndirilməsi üzrə xüsusi ustalıq nümayiş etdirməyi özünə borc bilən bir qrup şəxsin qənaətinə görə, Serj Sərkisyan yaxın zamanlarda işğal altında olan ərazilərimizi qızıl məcməyiyə qoyub, xahiş-minnətlə qaytaracaq özümüzə.
“Ənənəvi” müxalifət düşərgəsini təmsil edən, yaxud arabir ayağını “cızıqdan kənara qoymaqla” özünü sığotalamağa çalışan bəziləri isə öz siyasi mübarizə üsullarından çıxış edərək Levon Ter-Petrosyanın “Sərkisyan Qarabağı satıb” ifadəsini daxili rəqabət, iqtidar-müxalifət münasibətləri müstəvisində şərh etməyə çalışırlar.
Təəssüf ki, Levon Ter-Petrosyanın məlum açıqamasından bir neçə gün keçməsinə baxmayaraq, Azərbaycan mediasında Ermənistanın müxalifət liderinin Sərkisyan hakimiyyətini nə üçün “Qarabağı satmaqda” ittiham etməsinin əsil səbəblərini ortaya qoyan yanaşmaya rast gəlmədim.
Əcaba, “Petrosyanın bəyanatı reallığı əks etdirir” mülahizəsilə çıxış edən şəxslərin düşündüyü kimi doğrudanmı rəsmi İrəvan işğalçılıq siyasətindən, ərazi iddialarından geri çəkilmək niyyətindədir?
Zənnimcə, bu “unikal məntiq”in sahiblərinə Sərkisyanın “xalq diplomları”yla görüşü zamanı verdiyi bəyanatı xatırlatmaq yerinə düşərdi: “Mən həmişə demişəm ki, Ağdam bizim deyil. Mən bunu başa düşürdüm və başa düşürəm. Amma onu da başa düşürəm ki, dünyada Qarabağın Azərbaycanın tərkibində qalmasıyla razılaşan bir erməni də tapılmaz”. Vəssalam! Sərkisyan bütün ermənilərin adından danışır, həmçinin Levon Ter-Petrosyanın da… Elə erməni müxalifətinin liderinin açıqlaması da onun fərqli düşünmədiyini, Sərkisyanla eyni mövqedən çıxış etdiyini sübuta yetirir.
İndi nə deyirsiniz, beynəlxalq ictimaiyyət qarşısında obyektiv görünmək, eləcə də Qarabağla əlaqəli iddialarının əsaslı olduğunu nümayiş etdirmək üçün “Ağdam bizim deyil” söyləyən Sərkisyan Azərbaycanın ərazi bütövlüyü prinsipilə barışmaq, işğalçı qoşunları geri çəkmək niyyətindədir?
Axı Levon-Ter Petrosyanın özü vaxtilə “Dağlıq Qarabağ münaqişəsinin həllində yumşaq mövqe tutduğu üçün” hakimiyyətdən uzaqlaşdırılmışdı. İndi Serj Sərkisyanı “Qarabağı satmaqda” günahlandıran Petrosyanın özü hakimiyyətdə olduğu zaman doğrudanmı “yumşaqlıq” göstərirdi? Bu sualın çox sadə bir cavabı var: Azərbaycan torpaqları Levon Ter-Petrosyanın hakimiyyətdə olduğu zaman kəsiyində işğal edilib. İstər Köçəryan, istərsə də Sərkisyanın Ermənistana rəhbərlik etdikləri dönəmdə bircə qarış da olsun Azərbaycan torpağı işğal edilməyib. Təbii ki, onlar işğal prosesində bilavasitə iştirak ediblər, Azərbaycan xalqına, bütövlükdə insanlığa qarşı saysız cinayətlər törədiblər, ancaq Levon Ter-Petrosyanın rəhbərliyi altında!
Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdarılması faktoru da yalnız ermənilərin maraqlarına xidmət edirdi. …
Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdu. Lakin Ermənistanın bütün cəhdlərinə rəğmən işğalı rəsmiləşdirmək, ona hüquqi don geyindirmək mümkün deyildi. Rəsmi İrəvan Dağlıq Qarabağda formalaşdırdığı separatçı rejimi danışıqlar prosesinə cəlb edə bilmirdi. İşğal edilən ərazilərin Ermənistana birləşdirməsilə bağlı qərarın verilməsi isə “xalqların öz müqəddəratını təyin etmə” kimi manipulyasiya elementinin – İrəvanın danışıqları prosesindəki əsas arqumentinin sıradan çıxmasına yol açırdı. Deməli, Levon Ter-Petrosyan öz missiyasını başa vurmuşdu. Dağlıq Qarabağın işğalı nəticəsində formalaşdırılan separatçı rejimin danışıqlara cəlb edilməsi mümkünsüz olduğu üçün qondarma qurumun Azərbaycan Əsgərirəhbərlərinə hüquqi status verilməliydi. Elə bu səbəbdən də Petrosyan getdi və separatçı hərəkatın rəhbərlərindən biri olan Robet Köçəryan Ermənistan hakimiyyətinin ən yüksək pilləsinə gətirildi. Bununla da işğal edilmiş Azərbaycan ərazilərində formalaşdırılan hərbi-cinayətkar xuntanın rəhbərlərinə danışıqlar prosesində iştirak etmək üçün hüquqi status verildi. İndi Köçəryan gedib, Sərkisyan gəlib. Heç nə dəyişməyib. Necə ki, Petrosyan gedib Köçəryan gələndə heç bir şey dəyişməmişdi.
Petrosyanın “Qarabağın satılması”yla bağlı ittihamları isə razılaşdırılmış, yaxud vahid erməni strategiyasından irəli gələn oyunun tərkib hissəsidir. Erməni müxalifətinin lideri Sərkisyanı ittiham etməklə əslində beynəlxalq təşkilatlara, bəzi aparıcı dövlətlərə mesaj verir. Yəni, “Sərkisyana təzyiq göstərməyin heç bir mənası yoxdur, çünki ermənilər Qarabağın Azərbaycana qaytarılmasıyla barışmayacaqlar”. Elə Ermənistan prezidenti də səfir statuslu “xalq diplomatı” və digərlərini qəbul edən zaman belə demişdi…
Erməni Milli Konqresinin lideri danışıqlar prosesinin dalana dirəndiyi və rəsmi İrəvanın manevr imkanlarının məhdudlaşdığı bir zamanda öz açıqlamasıyla Serj Sərkisyana dəstək verir! Bunu anlamaq, yəni bir o qədər çətindir.
Ola bilsin ki, bəziləri öz siyasi mübarizə metodlarından çıxış edərək Levon Ter-Petrosyanın konkret məqamda işğalçı Ermənistanın maraqlarını ifadə edən Serj Sərkisyanı dəstəkləyə biləcəyinə inanmırlar. Ona görə də özlərini dağa-daha salıb absurd şərhlər verirlər.
Müxalifət adı üstündə illərdir savaş açan bəzi Azərbaycan siyasətçiləri nəinki sərt bəyanatlar verməklə ümummilli bir məsələ ilə bağlı rəsmi Bakının mövqelərinin möhkəmləndirilməsinə səy göstərir, hətta “müharibə” sözünü belə dilə gətirməyə qorxurlar. Sanki bunlar “torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatlara başlamalıyıq”, – desələr, dünya dağılacaq. Müharibə barədə danışmaq bir yana qalsın, heç “Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yoluyla həll edilməsinə səy göstərəcəkləri” barədə Avropa Şurası qarşısında götürdükləri öhdəlikdən də imtina etməyə cəsarətləri çatmır.
Bu səbəbdən də dünyanın nüfuzlu nəşrlərinin ekspertləri “Dağlıq Qarabağla problemilə bağlı məsələnin Azərbaycanda yalnız hakimiyyətin iradəsindən asılı olduğunu” bildirirlər. Ermənistana münasibətdə isə əks yanaşma ortaya çıxır: Ermənistan müxalifətinin barışmaz mövqeyi, münaqişənin ədalətli həlli üçün qismən də olsa yumşaq mövqe sərgiləyəcəyi təqdirdə Sərkisyanın hakimiyyətinə ciddi təhlükə yarana biləcəyi və digər çəkindirici məqamlar…
Deməli, Levon Ter-Petrosyanın bəyanatının hansı məqsəddən qaynaqlandığını anlamaq və düzgün şərh etmək üçün Azərbaycanın ümummilli maraqlarını hər şeydən üstün tutmaq, beynəlxalq təşkilatların, institutların, xarici ölkə diplomatlarının “molades”indən, yaxud “bravo”sundan imtina etmək, üz gizləməmək, lütf gözləməmək lazımdır.
Azərbaycanda isə Dağlıq Qarabağ problemilə bağlı kimi dindirirsən beynəlxalq hüquqdan danışır. Hamı bir-birinə daha ağıllı olduğunu, daha çox bildiyini nümayiş etdirmək istəyir. Sanki “Çto, qde, koqda” oyununa, bilik yarışına çıxıblar. Ölkənin sərhədləri çərçivəsində bir-birimizə torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini, beynəlxalq hüquq normalarının bizim tərəfimizdə olduğunu sübut etməyə çalışırıq. Guya Azərbaycan Respublikasının sərhədləri çərçivəsində və ondan kənarda yaşayan soydaşlarımız torpaqlarımızın işğal edildiyini bilmirlər?
Səbəbi isə aydındır: Beynəlxalq hüquq normaları ətrafında gəzişməklə daha çox məlumatlı olduğunu nümayiş etdirmək konkret mövqe sərgiləməkdən daha asandır. Lənətə gəlsin beynəlxalq hüquq da, onun prinsipləri də.
Sadə bir həqiqəti demək, hər gün və bütün dünyanın eşidəcəyi şəkildə bağırmaq lazımdır:
Biz torpaqlarımızın azad edilməsi üçün savaş istəyirik!
22/08/2009
Sabiq prezident, Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyanın bu ölkənin indiki dövlət başçısı Serj Sərkisyanın ünvanına səsləndirdiyi fikirlər bir neçə gündür ki, Azərbaycan mətbuatının gündəmindən düşmür.
Xatırladım ki, Levon Ter-Petrosyan İcevanda jurnalistlərə verdiyi açıqlamasında Ermənistan hakimiyyətini “Qarabağı satmaqda” ittiham edib: “Soyqırımı satdılar, Qarabağı da satacaqlar. Bəlkə də artıq satıblar. Qarabağı xilas etməyin yeganə yolu Serj Sarkisyanın mümkün qədər tez istefaya getməsidir”.