Rauf Arifoğlu
Rauf Arifoğlu

Rauf Arifoğlu

 

Dünyanın heç bir ölkəsində dövlətimizin 96 faizlik dəstəyi yoxdur!
Hətta Azərbaycanda da…

Bundan belə kim nə desə, şitini çıxartmaqdı. Bizə lazım olan Türkiyənin başına gəlmiş AKP iqtidarının, özəlliklə də sayın Abdulla Gülün və sayın Tayyib Ərdoğanın: “Bu iş qətiyyən olmayacaq, Azərbaycanın mənafelərini basıb, Ermənistanla anlaşmayacaq, sınırları açmayacağıq” deməsiydi. Dedilər. Ən azından, sürəc ertələndi.

***

Əlbəttə ki, belə bir sürəc (yabançı “proses”dən türkcəmizdəki “sürəc” daha yaxşı deyilmi? – R.A.) var idi, məxfi aparılırdı; Azərbaycanı saya salmadan, onu hesaba qatmadan ermənilərlə Avropa şəhərlərində gizli danışıqlar gedirdi. 
İlk öncə Azərbaycan iqtidarı bu danışıqlar barədə dərhal və təfsilatlı məlumatlandırılırdı. Hörmətli prezident Abdulla Gülün İrəvana futbol səfərindən sonra da təfsilatlar və məlumatlar mübadiləsi davam edirdi; İrəvandan sonra prezident özü Bakıya gəldi. Hətta Dağlıq Qarabağın işğaldakı torpaqlarının pulla geri alına biləcəyinə vasitəçilik etmək təklifi də bizim iqtidara sunulmuşdu (təqdim edilmişdi). Söhbət 5 rayonun boşaldılması qarşılığında 10-12 milyard dollar pulun Rusiya və Türkiyənin vasitəçiliyi ilə Ermənistana ötürülməsindən və ermənilərin böyük enerji layihələrinə qatılmasına, sərhədlərin açılmasına razılıq verməsindən gedirdi. Biz həmin vaxt – ötən ilin avqustunda bu barədə təfsilatları özündə daşıyan bir manşet yazısı da vermişdik…

***

Danışıq sürəcinin gedişində durum dəyişdi. İşə ABŞ qarışdı – Obama ölkəsindəki erməni lobbisinə söz vermişdi; prezident olardısa, ABŞ Konqresi erməni soyqırımını tanıyacaqdı. Amma belə olacağı təqdirdə, Türkiyəni itirəcəkdi Amerika. Və İslam dünyasındakı yeganə müttəfiqi, (Corc Buşdan qalma yanlış siyasəti düzəltmək və dünyadakı müsəlmanların ABŞ-a nifrətini neytrallaşdırmaq üçün) tək dayaq nöqtəsi kimi qalmış Anadolu əldən getsəydi, Amerika çıxılmaza sürüləcəkdi. Hüseyn Obamanın mənəvi öhdəlikləri ilə siyasi məsuliyyətini birləşdirən – həm erməniləri, həm də türkləri qane edən bir layihə bu səbəbdən ortalığa çıxdı. Elə bu andan da Azərbaycan iqtidarı dövrədışı (oyundankənar) qaldı.

***

Yanlış hesablama yapıldı. Azərbaycan prezidentinin bunca dirənəcəyini, hətta ABŞ rəhbərlərinin, konkret olaraq Hüseyn Obamanın xahişlərini, istək və maraqlarını nəzərə almayacağını gözləmirdilər. Axı atası Heydər Əliyevdən fərqli olaraq, İlham Əliyevin bir prezident kimi özünü dünya çaplı sürəclərdə göstərmək imkanı olmamışdı; onun necə bir inadkar və bildiyindən dönməyən olduğunu Azərbaycan müxalifəti, mediası, hətta iqtidardakı qüvvə mərkəzləri; bir qədər də o tərəfə getsək, xarici radiostansiyaların bağlanması sürəcində, ölkəmizdəki səfirliklər, buraya gələn yabançı diplomatlar (öz dərilərində) hiss etmişdilər. Lakin ilk dəfəydi ki, Azərbaycan prezidenti dünya çapındakı bir siyasi oyunda  – həm də ABŞ prezidentinin administrasiyasında ssenariləşdirilmiş –  oynayırdı. Həm də oradakı ifaçıların və hətta rejissorların, ssenaristlərin hamısına qarşı. Böyük riskdi. İstanbula getməmək,  – həm də ABŞ kimi superdövlətin prezidentinin, iqtidara gəlməsində rol oynamış Türkiyə rəhbərliyinin çağırışlarına qarşı – çətin qərar olmalıdır, hər halda… Bu iki dövlət 2003-cü ildə Azərbaycanda demokratik müxalifəti yox, məhz onu dəstəkləmişdi və arxasında durmuşdu. Görünür, o, özünü onlara borclu saymadı; ya da milləti və tarix qarşısındakı məsuliyyətini, vətən borcunu həmin borcdan üstün tuta bildi;  təzyiqlərə dözdü, Bakıda qaldı və nümayişkaranə surətdə Təhlükəsizlik Şurasının iclasını çağırdı, mesajlar verdi…

***

Yekun budur ki, Hüseyn Obama İstanbuldan əliboş getdi. Ölüm ayağında olan Ermənistana Türkiyədən bir nəfəs aça bilmədi ki, gedib ABŞ-dakı erməni lobbisi qarşısında üzağlığı (bağışla, Obama) ilə söyləsin: “Soyqırım deməyəcəm, çünki bunun qarşılığında Türkiyəyə Ermənistan sərhədlərini açdırdım… ”

***

Türkiyənin aparıcı xəbər televizyonu olan “Haber-Türk” Anadolu insanından soruşub: “Ermənilərlə sərhədlərin açılmasını istəyirsinizmi?” Türk xalqının 96 faizi deyib ki, yox, istəmirik!
Allahım! Sənə min şükürlər olsun! Bu sınaqdan türk qövmünü şərəflə çıxartdın, qardaşlığımızı bir daha sübuta yetirdin. Bundan da böyük xoşbəxtlik, bundan da böyük qardaşlıq, bundan da böyük canıyananlıq olarmı! Ey türkə laf edən qafil, cahil, yaramaz! Dünyanın ikinci bir dövlətini, ölkəsini göstər ki, orada Azərbaycanın 96 faizlik dəstəyi var. Bəlkə də öz ölkəmizdə bu mövzuda sorğu keçirtsək, heç o qədərlik nəticə ala bilmərik. Elə “millətçilər”, “türkçülər” ifşa olundu ki, bu sürəcdə! “Açılsın”, dedilər, “burada nə varmış ki!” Burada erməniyə nəfəs vermək, onu dirçəltmək, Azərbaycanı kiçik düşürmək olduğunu bilə-bilə dedilər bunu. Özümüzünkülər, “türkçüyəm” deyən qardaşlarımız, asenalarımız…

***

Təşəkkürlər Türkiyə! Təşəkkürlər Anadolu insanı. Bir iqtidarın millətin adını batırmasına, yanlış yapmasına imkan vermədiniz. Təşəkkürlər türk mediası! Heç vaxt olmayan, hətta daxili siyasətdə, dövlət əhəmiyyətli məsələdə göstərmədiyi həssaslığı Azərbaycan mövzusunda göstərdiyinə görə! Prezident Əliyevin İstanbula getməkdən imtinasını doğru-düzgün işıqlandırdığına, olayı gündəmin əsas mövzusuna çevirdiyinə, yanlış yapan iqtidarın üzərinə getdiyinə və nəhayətdə, onu təkzibə zorladığına (məcbur etdiyinə) görə!

***

Azərbaycan türklərinin Türkiyədəki arxa-dayağı qarşınıza çıxan hər bir türk insanıdır! Buna şübhəniz olmasın. Lakin orada konkret bir ünvan da var: Milliyyətçi Hərəkat Partiyası və onun genəl başqanı Dövlət bəy! Dövlət Baxçalı gerçək bir azərbaycanlı, böyük türk və nəhəngArifoğlu və Bahçeli siyasi LİDERDİR! Baş Buğ Alparslan Türkeşin və Elçibəyin vəfatından sonra dünya türklərinin lideri, yeni Baş Buğu, türk milliyyətçilərinin düzləndiyi istiqamətin, ideologiyanın başındadı Dövlət bəy. O, dünyanın harasında yaşamasından və haradan gəlməsindən asılı olmayaraq, hər bir türkün ərklə üz tuta biləcəyi bir ünvanı  – MHP-ni qoruyur, böyüdür, iqtidara daşıyır. Bizim üçün – Türk millətinin sabahı naminə. MHP iqtidara gəlməsə, Türkiyənin və Azərbaycanın sabahına təminat olmayacaq heç zaman.

***

“Ortada xain bir proje var…” İki il yarımdı Türkiyədə və dünya çapında heç bir qəzetçiyə müsahibə verməyən Dövlət Baxçalı Bakıdan gedən “Yeni Müsavat”ın yazarlarına danışdı. (Bu fakt Dövlət bəyin Azərbaycana, ölkəmizin adından onun yanına gedənlərə münasibətinin bariz göstəricisidir – R.A.) Bu sözləri də o zaman söylədi. Başqa şeylər də dedi və açıq bəyan etdi ki, sərhədlər açılsa, Türkiyəni ayağa qaldırar, ölkəni AKP-nin başına dar edərlər. Əslində AKP-nin uzun bir təkzib sürəci məhz Dövlət bəyin məsələyə dair qəzəbli və iddialı müsahibəsindən sonra başladı. Dövlət Baxçalının başqanlığındakı MHP, çox hörmətli Dəniz Baykalın başqanlığındakı CHP və başqa müxalifət partiyaları ortaya qəti mövqe qoydular. “Yeni Müsavat”ın hələ ay yarım öncə Türkiyədən hazırladığı reportajları, açıqlamaları çoxtirajlı Türkiyə mediası iqtibasla təkrar verdi, məsələ böyüdü və Türkiyə gündəminə oturdu…
Sonra Azərbaycan iqtidarı ortaya rəsmi və çox doğru mövqe qoydu… Dünənki “12-ci Ergenekon həbsləri”nə qədər Azərbaycan məsələsi Türkiyə siyasətinin və mediasının birinci məsələsiydi…

***

Onunla hər görüşümüz məndə böyük təsirlər oyadır. Türkiyə Cümhuriyyətinin başındaykən – iqtidar ortağı olanda da eyni təvazönü göstərirdi; müxalifətdə olanda da.
Türkiyənin iqtidar ortağı olanda – baş nazirin birinci müaviniykən Müsavat başqanı İsa Qəmbərlə onun ziyarətində olduq. Çox şeydən danışıldı; Qarabağdan söz düşəndə “Azərbaycan iqtidarı istəsə belə, Türkiyə imkan verməz Qarabağın ermənilərdə qalmasına, ikinci erməni dövlətinin qurulmasına”, – dedi Dövlət bəy. O, adətən asta, yavaş səslə danışır; amma söylədikləri qarşısındakında, çevrəsində müdhiş təsir oyadır.
Nə gözəl ki, Dövlət bəy dövlət başında olanda da, xalqının ona verdiyi müxalifət lideri görəvini yaparkən də özünün və Türkiyənin adına Qarabağ və Azərbaycan uğrunda savaş verir, müdafiə edir, iddia göstərir…

***

Allah və insaf naminə, son olaylara qədər AKP iqtidarı da Qarabağ məsələsində bizi narahat edəcək bir tövür göstərməmişdi. Kaş ki (Anadolulular və bizim Öysüzlü köyündəkilər “keşkə” deyirlər – R.A.) bu son olaylar da olmasaydı…

***

Sabah dostumuz Atilla bəy Azərbaycana gəlir. MHP genəl başqanı Dövlət Baxçalının müavini, Türkiyənin millət vəkili, özcə və doğma azərbaycanlımız… Azərbaycan torpaqları uğrunda vuruşmuş, böyük və həm də az qala əfsanə sayıla biləcək bir qəhrəmanlığa imza atmış (vaxt gələr anladarıq nəymiş – R.A.) Atilla Qaya Azərbaycanın Türkiyədəki, onun böyük siyasətindəki qeyri-rəsmi səfiri – böyük elçisidir.   
Əvvəllər onun ölkəmizə gəlişindən iqtidarımız çox rahatsız olardı. Atilla bəy 20 illik dostumuzdu, bizlərə yaxındı, hər an yanımızda olub; biz də ki, bu iqtidara müxalifik, yəqin o səbəbdən. Amma əminəm ki, onun budəfəki səfəri iqtidarı narahat etməyəcək; Atilla başqan Azərbaycanı iqtidara-müxalifətə ayırmadan, bütöv sevdiyini və uğrunda vuruşduğu torpaqların üzərində ikinci erməni dövlətinin qurulmaması üçün hər şeyi göz önünə aldığını, hətta öz iqtidarı ilə dava etməyə hazır olduğunu bir daha sübut etdi.

***

Göstərdiyi dövlətçi mövqeyinə, dəqiq və təmkinli gedişlərinə və ölkə müxalifətinin cığal günə düşməsinə imkan vermədiyinə görə Müsavat başqanı hörmətli İsa Qəmbərə sayğılarla dolu təşəkkürlər. Başqan bir daha sübut etdi ki, onun və Müsavatın əsas məqsədi Azərbaycanı düşünmək, onun yaxşılığı və qüruru üçün çalışmaqdır.
Dostumuz, Ümid Partiyasının lideri, millət vəkili İqbal Ağazadəyə təşəkkür edirik ki, bu məsələdə müdriklik göstərdi və müxalifətçiliyini dövlətçiliyin ayağına verməyi bacardı…

***

Hamıya təşəkkür etdik, haqqını verdik. Bir ünvan qalıb. Son hərəkətlərinə, düzgün siyasi gedişlərinə və dünyanın böyük güclərinin iradəsi qarşısında Qarabağ və Azərbaycanın qüruru, mənfəəti naminə göstərdiyi dirənişə görə Azərbaycan prezidentinə təşəkkür edirəm. İlham Əliyevin Qarabağ uğrunda bu dirənişini görmək və gələcəyə yönəlik planlarda bunu nəzərə almaq hər bir kəsə, o cümlədən də siyasi müxalifətə çox lazım idi…

***

Ortaq çabalarımız və səylərimiz sayəsində nəinki sərhədlərin açılmasına əngəl olduq, Türkiyəmizi geriyə, Azərbaycana qaytardıq. Bu işdə çox da dirənmədiyinə, zərərin yarısından da qayıtmağı xeyir bilən AKP iqtidarına, hörmətli Abdulla Gülə və Tayyib Ərdoğana da dərin təşəkkürlərimi bildirirəm.
Tanrı Türkü, Türk də Türkü qorusun.