Zümrüd Yağmur
Zümrüd Yağmur

Zümrüd Yağmur

 

Təbrizin siyasi mərkəzə çevrilməsi Güney Azərbaycan məsələsinin dünya gündəminə gəlməsinə səbəb ola bilər

Iranda keçirilmiş son prezident seçkilərinin mövcud dini rejimi dərindən sarsan nəticələri həm ölkə daxilində, həm də ki, beynəlxalq səviyyədə hələ də müzakirə mövzusu olaraq qalmaqdadır. Bir neçə coğrafi bölgədə – Orta Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda fəal geopolitik təsir gücünə sahib olan Iran bu günə qədər beynəlxalq təhlükəsizliyi təhdid edən dövlət kimi diqqət mərkəzində qalmaqda idi.
Bir tərəfdən Orta Şərqdə Ərəb-Israil, Iraqda sünni-şiə, Orta Asiyada Əfqanıstan və Qafqazda Qarabağ kimi silahlı münaqişələrdə olduqca fəal rol alan Iran gəlişdirməkdə olduğu nüvə proqramı ilə nəinki yerləşdiyi regionda, bütövlükdə dünya miqyasında sülh üçün getdikcə daha böyük təhlükə yaratmaqdadır. Iranın yaratdığı  bu təhlükəyə qarşı ABŞ-n təşəbbüsü ilə beynəlxalq birliyin BMT səviyyəsində  həyata keçirdiyi sanksiyaların davam etdiyi müddətdə bu ölkədə  prezident seçkiləri ətrafında daxili qarşıdurmanın meydana gəlməsi Iran məsələsinə yeni fərqli bir görünüm qazandırdı. Bu dəfə daxildən yüksələn demokratiya tələbləri və ixtilaflar ilə gündəmə gələn Iran hakim dairələri arasında baş verən parçalanma  əslində, Qərbə  gözlənilmədən bu ölkəyə təzyiq və təsir üçün şox ciddi imkanlar vermiş oldu. Bu səbəbdəndir ki, mövcud ultra mühafizəkar iqtidar nümayişkəranə bir qəddarlığa gedərək cəmiyyətin etirazlarını qəddarlıqla önləyərək, Qərbin yüksələn etiraz dalğasından Iranda rejim dəyişikliyi və mövcud üsul-idarəni zəiflətmək məqsədi ilə istifadə etməsinə imkan verməməyə çalışmaqdadır.
Siyasi elitada zəlzələ
Iranda prezident seçkilərində iştirak etmiş namizədlər, xüsusilə də seçkilərin de-fakto qalibi hesab olunan MirHüseyin Musəvi hər nə qədər mövcud teokratik rejimin nümayəndəsi və bu rejimin qalmasının tərəfdarı sayılsa da, onun islahatçı mövqedən çıxış etməsi və seçkilərdə xalqın səslərinin saxtalaşdırılmasına qarşı çıxması və cəmiyyətin etiraz aksiyaları yolu ilə öz tələblərini duyurmasına liderlik etməsi istər-istəməz bir demokratiya məsələsini gündəmə gətirməkdədir. Bu halda diqqəti çəkən ən vacib məsələ Iranın mövcud etnik yapısının fərqli etnik kimliklərə dayalı olması və son hadisələrlə başlayan ictimai etiraz dalğalarının yaratdığı demokratik haqlar tələbi fonunda bu fərqliliklərin özünü necə büruzə verəcəyi məsələsidir. Çünki prezident seçkisinin nəticələrinin necə olmasından asılı olmayaraq artıq mövcud dini rejimin bundan sonra indiyədək gəldiyi kimi davam etməsi və bu rejimin başında duran dini və siyasi elitanın parçalanması üzündən qarşıdurma şəraitində bir arada fəaliyyəti çox çətin ki, mümkün olsun. Aydındır ki, siyasi sistemdə hakim qüvvələr arasında sürməkdə olan gərginlik və bir-birini qəbul etməmə cəmiyyətdəki ictimai münasibətlərə, sosial yapıya, müxtəlif sosial qruplara, ən başlıcası isə etnik qruplara təsirsiz ötüşməyəcək.
Əsas məsələ – Azərbaycan türkləri
Məlumdur ki, Iranda say baxımından hətta farslardan belə daha çox olan, etnik çoxluğu təşkil edən Azərbaycan türklərinin Iranda yaranmış bu yeni şəraitdə indiyədək müxtəlif səviyyələrdə dilə gətirdikləri milli azadlıq tələblərini necə ifadə edə biləcəkləri, bu yöndə fəaliyyətlərini necə quracaqları təkcə Azərbaycan türkləri baxımından deyil, həm də Irandakı proseslərin gələcək inkişafı və bu ölkənin indiki sərhədləri daxilində mövcudluğu baxımından çox ciddi təsiri olacaq. Təkcə bir şeyi xatırlatmaq kifayətdir ki, 1979-cu il inqilabının qələbəsini şərtləndirən ən mühüm səbəblərdən biri də o zaman Azərbaycan türklərinin bu prosesdə fəal iştirakı olmuşdu. Bu dəfə fərq ondadır ki, mövcud dini hakimiyyət tərəfindən milli haqları əlindən alınmış və  elə buna görə rejimdən narazı olan Azərbaycan Türklərinin Iran daxili proseslərdə iştirakı çox güman ki, hansısa qüvvənin yedəyində getmək, kiməsə dəstək vermək əvəzinə öz milli tələblərini gerçəkləşdirmək istiqamətində olacaq.
Əslində Iranla qarşıdurma halında Qərb dövlətlərinin bu məsələyə o qədər də diqqət yetirməməsi, Iranla bağlı beynəlxalq səviyyədə gedən müzakirələrdə Güney Azərbaycan Türkləri ilə bağlı məsələnin masa üstünə yatırılmaması və milli məsələnin Iranda demokratiya probleminin tərkib hissəsi kimi dünya ictimaiyyətinin diqqətinə çatdırıla bilməməsini  Güney Azərbaycan milli haqları uğrunda mübarizə aparan qurumların və qüvvələrin qarşısında duran ən önəmli məsələlərdən biri hesab etmək olar. Təbii ki, bəzən dünya siyasətini yönəldən böyük güclərin öz görmək istədiklərini gördükləri həqiqət də bir reallıqdır, ancaq XX əsrin ikinci yarısında müstəqillik qazanmış xalqların mübarizə tarixi bir çox hallarda bu gerçəyin mütləq olmadığını, dəyişdirilə bildiyini dəfələrcə sübut edib. Bu gün Qərbdə Güney Azərbaycan məsələsi ilə məşğul olan müxtəlif təşkilatlar mövcud olsa da, bu qurumlar tərəfindən qlobal oyun qaydalarına uyğun fəaliyyətin qurulduğunu demək mümkün deyil. Bu sahədə ən böyük boşluq Qərb ölkələrinin parlamentləri ilə lobbiçilik işinin qurulmaması göstərilə bilər. Örnəyin Güney Azərbaycanda insan haqlarının pozulması ilə bağlı qanun layihəsi ABŞ senatına təqdim olunmuş olsaydı, ABŞ  Iran münasibətlərinin indiki səviyyəsində həm beynəlxalq ictimai rəyi belə bir problemin varlığına yönəltməyə, həm də Irana qarş ciddi əks təsir vasitəsinə sahib olmağa imkan verərdi. Və ya dünyanın önəmli siyasi və elmi mərkəzlərində Güney Azərbaycan problemi ilə bağlı nüfuzlu siyasətçilərin, elm adamlarının iştirakı ilə konfransların keçirilməsi yolu ilə bu məsələyə diqqət yönəltmək olmazdımı? Güney Azərbaycan məsələsi ilə bağlı dünyanın nüfuzlu nəşrlərində nə qədər məqalələrin çap olunduğunu və ya  ingilis dilində hər il bu mövzuda neçə kitabın çıxdığı soruşularsa, yəqin ki barmaq sayı qədər də nümunə göstərmək olmaz. Hətta bu istiqamətdə problem o qədər vahim bir durumdadır ki, nəinki Qərb ölkələrində qonşu Türkiyədə belə Güney Azərbaycan türklərinin varlığından, onların türk olduqları üçün milli haqlardan məhrum edildiklərindən və milli mənəvi soyqırıma məruz qaldığından xəbərsizdirlər. Təəssüf ki, bu istiqamətdə çoxsaylı boşluqların olduğuna dair nümunələr saymaq mümkündür. Belə olduğu təqdirdə böyük dövlətlər niyə bu məsələyə diqqət yetirmir demədən öncə, Güney məsələsinin dünya gündəminə təqdim olunması sahəsində əhəmiyyətli işlərin görülməsi üzərində düşünməyə zənimizcə, daha çox ehtiyac var. Müqayisə üçün göstərək ki, ABŞ, Fransa  və digər dövlətlərdə əhəmiyyətli təsir gücünə sahib olan Ermənilər bununla kifayətlənməyərək hər il ingilis dilində Qarabağ məsələsi ilə bağlı dünya ictimai rəyinə təsir etməkdən ötrü 100-dən artıq kitab nəşr edir, internet saytları vasitəsi ilə təbliğat aparırlar.
Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasına beynəlxalq dəstək qazanmaq istiqamətində görüləsi olan ən vacib işlərdən biri də ABŞ, Ingiltərə və Fransada yaşayan Azərbaycan türklərinin siyasi kompaniyalarda icma  şəklində iştirakının təmin olunmasıdır. Yenə də nümunə üçün göstərmək gərəkdir ki, ABŞ-da hər prezident seçkilərində iştirak edən namizəd erməni icmasının səslərini almaq üçün qondarma genosid məsələsinə diqqət yetirəcəyi və ermənilərə dəstək göstəriləcəyi ilə bağlı vədlər verir. Lakin adları çəkilən ölkələrdə yaşayan azərbaycanlıların sayları bu dövlətlərdəki ermənilərdən artıq olsa da, azərbaycan türkləri bu günədək heç bir seçki kompaniyasında nəinki mütəşəkkil iştirak etməyiblər, hətta bir icma kimi onların varlığını kimsə hiss belə etməyib. Halbuki Azərbaycan türklərini təmsil edən təşkilatlar öz fəaliyyətlərini doğru bir biçimdə kordinasiya edə bilsələr və Azərbaycan icmasını təşkilatlandıra bilsələr, o zaman seçkidə iştirak edən siyasi qüvvə və liderlər Azərbaycan türklərinin səsini almaqdan ötrü Güney Azərbaycan, Qarabağ  kimi milli problemlərizə diqqət yetirməyə və milli mənafelərimizi nəzərə almağa çalışarlar.
Üfüqdə parıltı
Güney Azərbaycan türklərinin Iran hakimiyyətinin əsarətindən azad olmaq istədiklərini dünya gündəminə daşımağın yollarından biri də Iranda son prezident seçkiləri ilə başlayan siyasi ziddiyyətlərdə və demokratik proseslərdə Azərbaycan türklərinin fəal iştirak etməsi ola bilər. Bu günün reallıqları onu göstərir ki, milli azadlıq tələbləri Iranda mövcud rejim əleyhinə başlayan demokratik proseslərlə sintez halında daha asan şəkildə beynəlxalq ictimai rəyin gündəminə daşına bilər. Son prezident seçkilərindən sonra beynəlxalq ictimai rəyin Irana yönəlməsindən istifadə edərək yaxın gələcəkdə, Irandakı mövcud rejimin avtoritar və zorakı olduğunu, buna görə də təkcə seçki azadlığını deyil, həm də milli haqları da boğduğunu bir arada dünyanın diqqətinə çatdırmaq və ən azı beynəlxalq insan hüquqları təşkilatlarının dəstəyini qazanmaq imkanları kifayət qədər real sayıla bilər. Bu baxımdan Irandakı son seçki ixtilaflarında Təbriz başda olmaqla digər Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarının keçirilməməsi, seçki saxtakarlığı ilə bərabər milli tələblərin səsləndirilməməsi bu sahədə də çox ciddi boşluğun göstəricisi kimi dəyərləndirilə bilər. Iranda hakim siyasi qüvvələr arasında ziddiyyətlərin bitmədiyi və bunun siyasi rejimin təməllərin ciddi ölçüdə laxlatdığını nəzərə alsaq, onda bu yöndə addımların atılması imkanlarının da hələ davam etdiyini düşünmək olar. Bu baxımdan Təbrizin bu hadisələr zamanı  siyasi bir mərkəzə çevrilməsi Güney Azərbaycan məsələsinin dünya gündəminə gəlməsinə səbəb ola bilər və bu fürsəti qaçırmaq tarixi bir fürsəti qaçırmaq deməkdir.
Aydındır ki, Iranın mövcud zorakı rejiminə qarşı bu mübarizəni yalnız böyük qurbanlar və çətinliklər bahasına davam etdimək mümkündür. Ancaq istiqlaliyyətinə qovuşmuş xalqların tarixinin acı gerçəyi onu göstərir ki, böyük qurbanlar vermədən və fədəkarlıqlara hazır olmadan xalqların imperiyaların əlindən öz azadlıqlarını almaları mümkün olmur. “Azadlıq verilmir, alınır” tarixi aforizmi də bu gerçəyi əks etdirir. Iran rejiminə qarşı kütləvi etiraz aksiyalarının keçrilməsi hakimiyyəti davamlı olaraq zora əl atmaq məcburiyyəti qarşısında qoyacaq. Bu isə cəmiyyətdə zorakı hakimiyyətə qarşı nifrət və etiraz dalğasının genişlənməsinə, fars və türklər arasında etnik zəmində ayrımçılığın dərinləşməsinə yol açan başlıca səbəblərdən biri ola bilər. Etnik zəmində ayrılığın və qarşıdurmanın dərinləşməsi bu prosesdə loyal mövqe tutan Iran cəmiyyətinin seçkin zümrəsinə daxil olan  Azərbaycan  türklərinin də hakim rejimin zorakılığı üzündən irançılıq düşüncəsindən qopmasına və öz etnik fərqliliyini hiss etməsinə təsir göstərə bilər. Bu eyni zamanda beynəlxalq ictimai rəyi Iranda etnik zəmində bölünmə və qarşıdurmanın olması faktına yönəldə bilər. Nümunə üçün gösətərək ki, məhz Çində baş vermiş son hadisələrdən sonra dünya Uyğur türklərinin apardığı mübarizədən daha çox xəbərdar oldu.
Səslərin kompakt idarəsi
Güney Azərbaycan türklərinin milli haqları uğrunda apardığı mübarizədə ən önəmli məsələlərdən biri də məsələni Iran siyasi sisteminin gündəliyinə daşımaqdan ibarətdir. Bu günədək Iranda keçirilən nə parlament, nə də ki, prezident seçkilərində Azərbaycan türklərinin səsini almaq üçün onlara yönəlik hər hansı vədlər verilməyib, öhdəliklər götürülməyib. Güney Azərbaycan türklərinin hakim fars rejiminə qarşı apardıqları milli azadlıq mübarizəsinə paralelel olaraq, mövcud siyasi sistemin daxilində Azərbaycan türklərinin milli haqların təmin olunmasına yönəlik çalışmaları Iran hakimiyyətini daxildən zəiflətməyə və onun milli zəmində aqressiyasını tədricən önləməyə imkan verə bilər. Bu baxımdan Azərbaycan türklərinin seçki kompaniyalarında milli maraqlarını ön şərt kimi irəli sürmələri və seçkidə iştirak edən siyasi qüvvələrə və namizədlərə bu maraqlara görə münasibət bildirmələri olduqca vacib görünür. Əgər Iran daxilində buna nail olunarsa o zaman hətta hakim siyasi qüvvələr belə miyonlarla Azərbaycan türkünün  səsini almaq üçün onlara milli haqların təmin olunması istiqamətində vədlər verməyə, müəyyən öhdəliklər götürməyə məcbur olacaqlar. Bu yolun daha az təhlükəli və az riskli olması Iran daxilində bu istiqamətdə fəaliyyət qurulması imkanlarını artırır. Örnəyin əgər son prezident seçkilərində Güney Azərbaycan şəhərlərində milli haqları təmin edəcək namizədə səs veriləcəyi şüarları səslənmiş olsaydı, o zaman çətin seçki rəqabətində  qalib gəlmək istəyən siyasi rəqiblər də bu faktordan mütləq yararlanmağa calışacaqlardı.
Güney Azərbaycanda türklərin milli azadlıq mübarizəsinin qarşısında duran ən önəmli vəzifə məhz yuxarıda qeyd etdiyimiz kimi, seçkilər zamanı səslərin kompakt idarə olunmasıdır ki, bu siyasət zorakılıqlara qarşı özünümüdafiə hazırlıqlarının görülməsinə və dövrümüzdə azadlıq mübarizəsi aparan xalqların mərkəzi hakimiyyətlərə qarşı dirəniş üsullarından yararlanmasına imkan yarada bilər. Mərkəzi hakimiyyətlərin nəzarətlərini zəiflədən və sabitliyi pozan bu üsullar xalqın mübarizə iradəsini ortaya qoymaqla bərabər, həm də dünyanın diqqətini Güney Azərbaycan türkləri məsələsinə yönəltməyə imkan verər. Bu həm da mərkəzi fars hakimiyyətinin qorxu siyasətinə qarşı qoyulan əks təsir siyasətidir ki, azadlıq mübarizəsi aparan xalqların bu yoldan keçməsi labüddür. / azadliq.az