Coca-Cola
Coca-Cola

Tərkibini bilmədiyimiz içkini nədən içirik?

 

“Baku Coca-Cola Bottlers Ltd” şirkəti istehsal etdiyi məhsulların tərkibini açıqlamaqdan israrla yayınmaqda davam edir. Bu səbəbdən də şirkətin ölkəmizdə istehsal etdiyi “Coca-Cola”, “Fanta”, “Sprite”, “Freska”, “Bonaqua” içkilərinin tərkibi barədə əldə heç bir informasiya yoxdur.
Əldə olan məlumatlardan görünür ki, rəhmətlik Con Pembertonun “Coca-Cola”sının tərkibi özünün icad etdiyi “Coca”, Afrika qozu “Cola”nın ekstraktından, müxtəlif efir yağlarının qarışığından, sudan və karbon qazından ibarət olub.

Göründüyü kimi, ən azı “yaranış” mərhələsində “Coca-Cola”-nın resepti amerikalılar üçün “sirr” olmayıb. Bu halda məntiqi sual yaranır: Bəs indi nə üçün bu, insanlardan gizlədilir?! Məhz bu məqam haqlı şübhələrin baş qaldırmasında həlledici rol oynayır və böyük ehtimalla düşünmək olar ki, indiki “Coca-Cola” ilə Pembertonun “Coca-Cola”sının reseptləri arasında ciddi fərqlər var! Əcəba, bu fərq nədən ibarət ola bilər?
İçkinin tarixçəsindən görünür ki, onun bütün “sirri” məhz Pembertonun “icad” etdiyi “Coca” komponentindədir. Mümkündür ki, günümüzə gəlib çatana qədər bu komponentin tərkibi ciddi dəyişikliyə uğrayıb və bu, heç də içkinin keyfiyyətinin yaxşılaşmasına və sanitariya-tibbi təhlükəsizliyinin möhkəmlənməsinə xidmət etmir.
Məsələn, ehtimal etmək olar ki, Pembertonun “Coca”sının resepti istisnasız olaraq təbii qida komponentlərindən təşkil olunubmuş. Çünki o zaman kimya elmi o səviyyədə inkişaf etməmişdi. Sonradan isə külli miqdarda qazanc arxasınca qaçanlar həmin komponentlərin bir qismi və ya hamısı süni, sintetik-kimyəvi maddələrlə əvəzlənib.
Belə düşünməyə dolayı əsaslar var. Məsələn, bəllidir ki, qida sənayesində işlədilən təbii qida xammalları son illər geniş tətbiq olunan sintetik xammallardan xeyli bahadır ki, istifadə edildiyi halda məhsulun maya dəyərinin xeyli yüksəlməsinə gətirib çıxarır.

Günümüzdə “Coca-Cola” əmtəə nişanlı içki dünyanın əksər ölkələrində istehsal olunur. Maraqlıdır, planetimizdə nə qədər “Cola” ağacı bitməlidir və onların “şirə çıxımı” hansı məhsuldarlıqda olmalıdır ki, hazırkı “qlobal istehsal həcmi”ni təmin edə bilsin?
Hazırda Yer kürəsinin əksər bölgələrində gecə-gündüz, sayı-hesabı bilinməyən “Coca-Cola” “çay”ı axır! Görəsən, bu transmilli şirkət fantastik həcmdə “Cola” şirəsini haradan alır?! Çox güman ki, hazırda “Cola” ekstraktı da sintetik komponentlərlə və ya genetik modifikasiya edilmiş, yəni gen mühəndisliyi üsulu ilə yaradılmış bitkilərin “şirəsi” ilə əvəzlənib!

Bununla bağlı bir sıra faktlar mövcuddur. Məsələn, 2000-ci ildə “Qrinpis Yu-eS-eY” şirkəti tərəfindən istehsal prosesində genetik modifikasiyalı inqridiyentlərdən istifadə edən şirkətlərin siyahısı dərc olunub. Həmin siyahıda “Coca-Cola” və “Pepsi Co” şirkətlərinin də adları var.

Bu halda aydın olur ki, öz məhsullarının reseptini gizlətmək üçün şirkətin ciddi əsasları varmış! Bu versiyanın özü və şirkətin loqotipinin “güzgü əksi” bir çox qaranlıq mətləblərdən, o cümlədən onun gerçək məqsədlərindən xəbər verir ki, fikrimizcə, bu məsələ ətrafında düşünmək pis olmazdı.

***

“Cola” içkilərinin paraşokdan və qatı kimyəvi maddədən hazırlandığını şirkətin Bakıdakı zavodunda çalışanlar da təsdiq edir. Bütün bunlarla yanaşı, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da “Coca-cola” özünün ənənəvi aqressiv reklam siyasətini bütün gücü ilə davam etdirməkdədir. Bu siyasətin bir fraqmenti də ondan ibarətdir ki, demək olar, şirkət fəaliyyətə başladığı andan günümüzə qədər reklamlarını yalnız medianın ən kütləvisi olan telekanallar vasitəsilə yayımlayır.

İnsanlar gün ərzində onun mənasız, məzmunsuz reklam çarxlarını zorən “seyr edib” usandıqca, şirkətin reklam siyasəti də ifrat dərəcədə “sırtıqlaşır”! Reklamların devizlərinə diqqət edək. Məsələn, “öz ritminlə yaşa!” olduqca gülünc çağırışdır və ziyalı, özünə hörmət edən insan bunu əsəbiləşmədən seyr edə bilməz. Guya hər kəs, o cümlədən “Coca-cola” içməyənlər öz ritmilə ilə yaşamırmış. Lap adamı ələ salmaqdır…

Maraqlıdır, niyə insanlartərkibini bilmədiyi şübhəli mayeyə pul verir və içir? Təəssüf doğurucu bir məqam da ondan ibarətdir ki, qeyri-rəsmi hesablamalara görə adambaşına düşən “Cola” istehlakına görə Azərbaycan keçmiş Sovet məkanında birrinci yeri tutur.
Verilən məlumatlara görə, “Coka-cola”nın həddən artıq istifadəsi zəiflik və əzələlərin iflic olmasına səbəb olur. Belə ki, İngiltərə xəstəxanalarının birində aparılan araşdırma nəticəsində “Coca-cola”dan istifadə edən şəxslərin qanında potasium maddəsi aşkar edilib. Həkimlər qanda potasiumun əmələ gəlməsinə səbəb olan sözügedən içkinin insan bədəninə bir çox mənfi təsirlərinin olduğunu sübut etdiklərini bildiriblər.

Araşdırmada iştirak edən mütəxəssislər 4-5 litr “Coca-cola” içən avstraliyalı kəndlinin ağçiyər xərcəngi xəstəliyinə tutulduğunu müəyyən ediblər. Həkimlər xəstəyə yaşaması üçün bu içkidən imtina etməsini tövsiyə ediblər. Habelə, onlar ishala səbəb olan kofeinli kola içkilərinin də insanda müxtəlif xəstəliklərə səbəb olduğunu bildiriblər. Eləcə də həkimlər “Coka-cola”dan istifadə edən şəxslərdə şəkər xəstəliyi, diş və sümük xəstəliklərinə daha çox rast gəlindiyini deyiblər.

Türkiyədə fəaliyyət göstərən Müqəddəs Nikolay Fondunun Dünya Şurasının rəhbəri Muammer Karabulut ötən ilin sentyabr ayında istehsalçı şirkəti məhkəməyə verərək buraxdığı sərinləşdirici içkinin tərkibini açıqlamağı tələb edib.

“Coca-Cola” rəqib firmaların bu texnologiyanı oğurlaya biləcəyi bəhanəsilə 1886-cı ildən bəri onu sirr kimi saxlayırdı. “news.open.by” saytının yazdığına görə, iddiaçı gizli komponentin insan orqanizmi üçün zərərli ola biləcəyini əsas gətirərək firmanı məhkəməyə verib. Məhkəmə iddianı qəbul edib və firma öz sirrini açmağa məcbur olub.
Bu məcburiyyəti labüd edən daha güclü amil isə Türkiyə bazarlarının qapılarının “Sosa-Sola” məhsullarının üzünə bağlana biləcəyi hədəsi olub. Sirli maddə isə karmin və ya koşenil adlanan təbii boyaq maddəsi imiş. Mütəxəssislərin rəyinə görə, onu koşenil adlı soxulcanlardan alırlar. Qida sənayesində bu maddəyə karmin turşusu da deyirlər.

“Cosa-Cola”nın tərkibində daha bir kompanentin olmasını firma özü də gizlətmirdi. Məhsulun etiketində şəkər, fosfat turşusu, kafein, karamel və karbonatdan başqa bugünə qədər naməlum olan bir maddənin də varlığı qeyd olunur.

“Biz dünya üzrə ən gizli saxlanan peşə sirrini öyrənə bildik. “Coca-cola”nın düsturunu Antalyada istehlakçı hüquqları ilə bağlı keçirilən məhkəmədə şirkətin vəkilləri təqdim etdilər”,- deyə Karabulut bildirib.
Atlantalı əczaçı Con Pembertonun sirli resepti aşağıdakı kimidir: şəkər (%10.58 W/V), fosfor turşusu (0.544 G/L), kofein (150 MG/L), karamel (%0.11), karbon qazı (7.5 G/l) və “koka-kola” ekstraktı (%0.015 W/V).
Aparılan araşdırmalardan bəlli olub ki, bu ekstrakt təbii “karmin” boyası və ya “koşenil” ərzaq əlavəsidir. “Koşenil” əlavəsi qırmızı boya böcəyindən əldə edilir. Yeyinti sənayesində onu karmin turşusu da adlandırırlar və E-120 beynəlxalq indeksi ilə tanınır.

***

Şirkətin mənfəəti son illərdə xeyli azalıb. Şirkət nümayəndələri bunu bir sıra islahatların aparılması və digər amillərlə izah etməyə çalışırlar. Nümayəndələrin bildirdiyinə görə, “Coca-cola” istifadəçilərinin sayında azalma müşahidə olunsa da, “Sprayt” və “Kok” kimi içkilərin satışında hər hansı bir azalma qeydə alınmayıb.
“Coca-cola” şirkətinin prezidenti M.Kent jurnalistlərə müsahibəsində qlobal iqtisadi böhranı da nəzərə alaraq, uzun müddətə hesablanmış böyümə planlaşdırdıqlarını bildirib. Hazırkı vəziyyətin bir qədər çətin olduğunu deyən M.Kent optimist olduğunu və şirkətin iqtisadi böhrandan təsirlənməyəcəyini də sözlərinə əlavə edib.

***

“Coca-Cola” kimi içkilərdən imtina etməyə əsas verə biləcək faktlar indiyədək də az olmayıb. Bir fakt da odur ki, ustalar paslanmş vintləri açmaq üçün üzərinə “Coca-Cola” və “Pesi-Cola” tökürlər. Bir fincan “cola”nın içərisinə atılmış ətin beş-on dəqiqədən sonra nə hala gəldiyini görmək üçün uzağa getmək lazım deyil – mətbəxdə də bunu təcrübədən keçirmək olar…

Lalə Mehralı // Ekspress