Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy

Bu gün «Qafqazın ən böyük demokratı» adlandırılan Əbülfəz Elçibəyin ölüm günüdür. 

1988-ci ildə xalq hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ömrünün sonunadək onun sədri olub. Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının demokratiya carçısı idi…

1992-ci ilin 7 iyununda ilk demokratik seçkilərdə prezident seçilən Əbülfəz Elçibəy, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Keçmiş sovet respublikaları arasında birinci olaraq rus ordusunun Azərbaycandan çıxarılmasının başa çatdırılması Elçibəy hakimiyyətinin tarixi nailiyyəti idi. Bəy qısa müddət ərzində ölkənin siyasi sistemini dəyişdirmək istiqamətində də uğurlu addımlar atdı.
Onun hakimiyyəti dövründə təhsil haqqında qanun qəbul olunub, test üsulu tətbiq edilib…

O dövrdə hərbi şəraitin çətinliklərinə, keçmiş sistemdən miras qalmış problemlərin ağırlığına, parlamentin əsasən keçmiş kommunistlərdən ibarət mühafizəkar hissəsinin kəskin müqavimətinə baxmayaraq, bir illik hakimiyyət ərzində (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi və bununla da demokratik, suveren Azərbaycanda müstəqil qanunvericiliyin əsası qoyuldu…
Mətbuatın dövlətdən yardım alması təcrübəsi də Elçibəyin zamanında tətbiq edilib. Azsaylı xalqların çıxardığı 4 qəzet Prezident Fondundan maliyyə yardımı alıb, onlara radio və televiziyadan istifadə etmək imkanı yaradılıb. Məhz bu məqsədyönlü işin nəticəsidir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tuta bildi.
Elçibəy iqtidarının Azərbaycanı ciddi inkişafa aparacağından narahat olan xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etdilər və ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Öz xalqını labüd faciələrdən qurtarmaq istəyən prezident Əbülfəz Elzibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi.
1997-ci ilin 30 oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz bəy, həmin ilin noyabrında Bütov Azərbaycan Birliyini də yaratdı və ona rəhbərliyi də öz üzərinə götürdü. Marqaret Tetçerin «Qafqazda ən böyük demokrat» adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi.
Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 63 yaşındaykən qardaş Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşdu…Elçibəy və Türkeş
Həmin tarixdən 9 il keçməsinə baxmayaraq, mövcud hakimiyyət onun hüquqlarını hələ də tanımaq istəmir. Uzun mübarizədən sonra onun qəbirüstü abidəsi ucaldılsa da, «Eks-prezidentlər haqqında» qanun hələ də qəbul edilməyib.
Bu gün əqidə yoldaşları, demokratlar saat 11:00-da onun məzarı önünə toplaşaraq, Əbülfəz Elçibəyi anacaqlar. 
Allah sənə rəhmət eləsin, BƏY!
Elşad MƏMMƏDLİ

O, artıq 9 ildir ki, cismən aramızda yoxdur. Daim qəlblərdə yaşayan, hər an ruhu bizimlə olan Əbülfəz Elçibəyi Azərbaycan 22 avqust 2000-ci ildə itirdi. Ötən bu illər ərzində BƏY haqqında çox fikirlər səslənib. Kimi onu hakimiyyəti verdiyinə görə qınayıb, kimi «o qardaş qanı tökmək istəmədi» deyib böyüklüyünü etiraf edib. Təbii, dahi insanlar haqqında heç də həmişə birmənalı münasibət olmur. Amma biz Azərbaycan vətəndaşı olaraq Elçibəyə borcluyuq. O, bizə müstəqil Azərbaycan miras qoyub getdi…