Petrosyan
Petrosyan

Qabil Hüseynli: «Onun radikallaşması, sadəcə, daxili mübarizədə istifadə edilən bir fənddir»

 

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan növbəti dəfə Serj Sərkisyanı satqınlıqda ittiham edib. O bəyan edib ki, indiki hakimiyyət Qarabağı artıq Azərbaycana verib. Onun fikrincə, bunun qarşısını ancaq Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaqla almaq olardı. Ter-Petrosyan deyib ki, indiki hakimiyyət Türkiyə qarşısında da geri çəkilib və genosid məsələsində güzəştə gedib: “Bunlar Qarabağı da verəcəklər. Daha doğrusu, artıq veriblər. Qarabağı birdəfəlik itirməyin qarşısını almaq üçün yeganə yol indiki hakimiyyətin istefasına nail olmaqdır. Serj Sərkisyan mümkün qədər tez hakimiyyətdən getməlidir».Lakin Ter-Petrosyan hesab edir ki, Qərb indiki hakimiyyətin arxasındadır və məqsəd Qarabağın verilməsini asanlaşdırmaqdır.
Maraqlıdır ki, onun özü vaxtilə hakimiyyətdən Qarabağ məsələsində loyal münasibət sərgilədiyinə, sülh çağırışları etdiyinə görə uzaqlaşdırılmışdı. O zaman Robert Köşəryanın tərəfdarları ona qarşı kampaniya apararaq, Ter- Petrosyan hakimiyyətini devirə bilmişdilər. Bəs indi nə baş verir ki, Petrosyan radikal mövqe tutur? Bu, onun hakimiyyətə elə vurulduğu kartla gəlmək cəhdindən xəbər verir, yoxsa dediklərində həqiqət var?
Politoloq, Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli  L.Ter-Petrosyanın söylədiklərini daha çox siyasi boşboğazlıq sayır: «Çünki Petrosyanın hakimiyyətdə olduğu dövrlə müqayisədə, Qarabağ məsələsində indiki hakimiyyətin mövqeyi daha möhkəmdir. Petrosyandan sonra Madrid prinsipləri qəbul edilib, bu sənəd nizamlanma prosesinin üzərində dayanır. Ötən dövr ərzində Rusiya-Ermənistan əlaqələri xeyli möhkəmlənib. Ermənistan Kollektiv Təhlükəsizlik Şurasının üzvü kimi, çevik qüvvə baxımından  həlledici rollardan birini oynayır. Hətta bu gün Ermənistan Qafqazda baş verən münaqişə ocaqlarına özünün sülhməramlılarını göndərməyi təklif edir. Məsələ ondadır ki, ermənilər Qarabağ məsələsində əvvəldən axıra qədər riyakarlıq edirlər. Hazırda münaqişənin həlli ilə bağlı baza prinsipləri müəyyənləşməsə də, onun konturları görünməkdədir. Fakt ondan ibarətdir ki. Ermənistanda indi mövqelər daha da kəskinləşib, kompromissiz bir vəziyyətə gəlib çatıb. Qondarma erməni soyqırımı məsələsinə gəlincə, bununla bağlı bir müddət danışıqlar aparıldı, «yol xəritəsi» cızıldı, sonra da bunu bir kağız parçası kimi kənara atdılar. İndi gündəmdə sərhədlərin açılması durur. «Soyqırımın» araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasından, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarının konstitusiyadan çıxarılmasından  söhbət getmir. Ən əsas odur ki, bu gün Qarabağ hələ ki heç kimə verilmir. Qarabağ münaqişəsi ilə bağlı səslənən beynəlxalq miqyasda  bütün bəyanatlarda istər Petrosyanı, istərsə də sıradan bir ermənini çılğınlaşdıran hadisə baş verməsi faktı yoxdur. Petrosyanın verdiyi bəyanat, sadəcə, Ermənistanda daxili mübarizədə istifadə edilən bir fənddir”.
Elşad MƏMMƏDLİ