Şəki
Şəki

“Bu azanlar ki, şəhadətləri dinin təməli, əbədi yurdumun üstündə mənim inləməli!”

  

Şəki əhalisi iki gündür əzan səsinə həsrət qalıb. Şəki İslam mədrəsəsində olan mənbədən əldə etdiyimiz məlumata görə azan təbii üsulla, ata-baba qaydalarına uyğun oxunur. Yəni azan verilir, ancaq səsgücləndiricidən istifadə olunmadan oxunduğu üçün Şəki əhalisi çox sevdiyi azan səsini eşitməkdən məhrun olub.

Şəki sakinlərinin verdiyi məlumata görə, azanın verilməməsi Latviya prezidenti Valdis Zatlersin həmin şəhərə səfəri ilə əlaqədardır. Yəni əcnəbi prezidentin narahat olacağı düşünülərək azanın susdurulmasına qərar verilib.(Səbəb bu olsa da, Zatlersin belə bir şeydən xəbəri olduğunu və buna razı olacağını güman etmək olmaz)

Maraqlıdır, görəsən müsəlman ölkə rəhbərlərinin rəsmi səfərə getdiyi xristian şəhərlərdə kilsə zəngləri susdurulurmu? Belə bir şeyi nəinki icra etmək, heç fikirləşmək də mümkün deyil.

Bu gün Kamçatkadan Böyük Britaniyaya, Kanadadan Argentinaya dünyanın bütün coğrafiyalarında azan oxunur. Hətta kommunistlərin son qalası Kuba da bundan istisna deyil. Azana sadəcə bəzi Avropa ölkələrindəki faşist duyğulara sahib, sağ görüşlü siyasətçilər qarşı çıxırlar. O da narahat olduqları üçün yox, dini tolerantlığa qarşı dözümsüz olduqları üçün.

Azan müsəlmanların yaşadığı məkanların rəmzi, milli-mənəvi dəyərimizdir. Bundan başqa azan və bayraq müsəlman-türklərin qeyri-rəsmi atributu hesab olunur. Biz müsəlmanlar bu qədər böyük dəyəri olan mənəvi atributumuza hörmət göstərməkdə aciz qalsaq, başqalarının bizə hörmət göstərməsini necə gözləyə bilərik?

Təxminən 10 gün sonra müqəddəs ramazan ayı başlayacaq. Şəki əhalisi obaşı bağlamaq və axşam orucunu açmaq üçün saatdan istifadə etmir. Çünki 17 ilə yaxın zamandır Şəki şəhərində azan verilirdi.

Biz yenə də bunun davam edəcəyinə ümid edək. Çünki bütün gün avtomobillərdə müxtəlif səs siqnallarının, moyka kompressorlarının, tikintilərdə laqunda səslərinin və s. fasiləsiz eşidildiyi bir ölkədə 24 saat ərzində cəmi 5 dəfə verilən azan səsinin kimisə narahat etməsindən söhbət gedə bilməz. Türk dünyasının böyük istiqlal şairi Mehmet Akif Ersoy demişkən, “Bu azanlar ki, şəhadətləri dinin təməli, əbədi yurdumun üstündə mənim inləməli!”

 Şirəli Məmmədov /ANS PRESS/