Ermənistan Ordusu
Ermənistan Ordusu

Ermənistan hakimiyyəti Cəbrayıl və Füzulinin boşaldılması hazırlıqlarına başlayıb, yerli erməni zabitlər prosesə etiraz edir.

Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların qaytarılması məsələsi Qarabağ «ordusu» ilə Ermənistan arasında qarşıdurmaya səbəb olub. Ermənistan mətbuatının yazdığına görə, Qarabağdakı erməni işğalçı qüvvələrinin yerli zabitləri Cəbrayıl və Füzuli rayonlarının işğal altındakı ərazilərinin azad edilməsinə qarşı çıxırlar. “Aykakan jamanak” qəzetinin yazdığına görə, narazılıq həmin ərazilərdə Ermənistan hökumətinin və erməni diasporunun maliyyələşdirdiyi dövlət səviyyəli tikinti işlərinin qəfil dayanmasından sonra başlayıb.Qəzet Qarabağdakı mənbələrə istinadən yazıb ki, həmin vaxta qədər tikinti işləri çox fəal davam edirdi. Məlumata görə, tikinti işlərinin dayandırılmasının səbəbləri izah edilməyib, ancaq erməni ordusunun sərhəd qoşunlarının yüksək rütbəli qarabağlı zabitləri dar çərçivədə apardıqları söhbətlərdə deyiblər ki, bu, həmin ərazilərin Azərbaycana qaytarılması üçün görülən hazırlıqlarla bağlıdır. Lakin qarabağlı zabitlər bu ərazilərin qaytarılmasına qarşı çıxırlar. Zabitlər hətta bu ərazilərdən çıxmamaq üçün  Ermənistan hakimiyyətinə qarşı silahlı müqavimətə hazır olduqlarını deyiblər. Qəzet yazır ki, ətraf rayonların qaytarılmasına dair hazırlıqlar üzündən Qarabağda yüksək və orta rütbəli zabitlərin Ermənistanla münasibətləri gərginləşib. Onlar deyirlər ki, Ermənistan Qarabağı satır.
Azərbaycanın Füzuli və Cəbrayıl rayonları strateji əhəmiyyəti ilə yanaşı, həm də münbit torpaqları ilə tanınır. Erməni ordusunun zabitlərinin oranı boşaltmaq planına qarşı çıxmaları da çox güman ki, bununla bağlıdır. Maraqlı olan fakt həm də budur ki, erməni tərəfi ətraf rayonların boşaldılması üçün hazırlıq işlərinə artıq başlayıb. Söhbət Dağlıq Qarabağ ətrafındakı 5 rayonun dərhal boşaldılması planlarından gedir.Hazırda danışıqlarda müzakirə edilən Madrid prinsiplərinə görə, 5 rayon, o cümlədən Füzuli və Cəbrayıl rayonları Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının əldə olunmasından sonra boşaldılmalı, həmin bölgələrə beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir. Laçın və Kəlbəcər rayonlarının boşaldılması məsələsi isə Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumdan sonra həll edilməlidir. Minsk Qrupunun həmsədrləri bu prinsiplər üzrə tərəflərin razılaşmaya yaxın olduqları haqda açıqlamalar verirlər. Belə görünür ki, həmin açıqlamalar əsassız deyil. Bu günlərdə Azərbaycan hökuməti də işğal altında olan ərazilərin bərpasına dair dövlət proqramını açıqlamışdı.
Lakin yerli və xarici ekspertlər hesab edir ki, sözügedən plan Ermənistanın maraqlarına nə dərəcədə cavab versə də, onun qəbul edilməsi çətin olacaq. Əsas maneə kimi Ermənistandakı qatı millətçi qüvvələrin və ordunun müqaviməti, habelə Dağlıq Qarabağ ermənilərinin mövqeyi hesab edilir. Dağlıq Qarabağdakı separatçı erməni rejimi Madrid prinsipləri ilə razı olmadığını artıq bildirib. Xankəndindəki rejim ətraf rayonların boşaldılmalı olduğunu qəbul edən rəsmi İrəvana qarşı çıxır və bildirir ki, onların razılığı olmadan heç bir ərazi qaytarılmasından söhbət gedə bilməz. Belə görünür ki, siyasi səviyyədə davam edən bu narazılıq erməni ordusuna da sirayət edib. Dağlıq Qarabağdakı erməni ordusunda onsuz da qarabağlı hərbçilərlə ermənistanlılar arasında narazılıqların olduğu məlumdur. İndi isə qarabağlı hərbçilər Ermənistanın Qarabağı satmağa hazırlaşdığını əsas  gətirərək müzakirədə olan sülh planına qarşı müqavimət göstərirlər. Ekspertlərə görə, mümkün sülh razılaşmasının qarşısını almaq üçün Qarabağdakı erməni qüvvələrinin yerli zabitlərin komandanlığı altında olan hissələri təxribat xarakterli əməliyyatlar keçirə bilərlər. // musavat.com