Avroviziya 2009
Avroviziya 2009

Bu ilki «Eurovision» müsiqi turnirində Azərbaycan və Ermənistandakı bir sıra tamaşaçılar digər ölkənin iştirakçılarına az da olsa səs veriblər. Hətta erməni auditoriyasının səsləri Araş və Ayselə bir xal qazandırmaq üçün kifayət edib. 
Lakin Azərbaycanda erməni müğənnilərə səs vermiş şəxslərin bu hərəkəti, Milli Təhlükəsizlik Nazirliyinin diqqətini cəlb edib. Səs verənlər Nazirliyiə çağırılaraq, sorğu-sual ediliblər və onlardan izahat alınıb. Müxbirlərin fikrincə, bu xəbər «Eurovision» təşkilatçılarının qəzəbinə səbəb ola bilər və bunun müqabilində ölkənin gələcək iştirakına problemlər yarana bilər. Bu barədə BBC radiosunun Azərbaycan xidməti məlumat yayıb.
Səs verənlərdən biri – Rövşən Nəsirov deyir ki, bir neçə gün əvvəl o MTN-nin rayon şöbələrindən birinə dəvət olunub və ondan səsverməsi ilə bağlı izahat alınıb. 
“Mənə dedilər ki, məndə milli hiss yoxdur. Dedilər ki, bu gün Ermənistana səs verirsən, sabah da gedib metronu partladarsan. Vətənini satmısan və s. İzahat aldılar”. 
O ki qaldı yarışmada erməni iştirakçılarına səs verməsinin səbəblərinə, Rövşən deyir ki, burada bir neçə amil rol oynayıb:  “Birincisi hakimiyyətə etiraz olaraq səs verdim. İkincisi, Araşın ölkəni təmsil etməsinə etiraz etdim, habelə ermənilərin mahnısı mənə daha uğurlu gəldi. Mən ermənilərə yarımfinalda səs vermişdim. Cəmi bir SMS göndərmişdim”. 
Rövşənin dediyinə görə, onu MTN-in Ceyhun Süleymanov adlı əməkdaşı sorğu-sual edib. Ceyhun Süleymanov isə izahatalma faktını təstiq edir və bildirir ki, Ermənistanla Azərbaycan arasında mövcud münasibətlər baxımından bu, məqbul profilaktiki prosedurdur: “Ona heç bir təzyiq edilməyib və biz sadəcə onun hərəkətinin səbəbi ilə maraqlanmışıq. Sadəcə söhbət etmişik. Bir vətəndaş kimi maraqlıdır ki, nə əcəb səs verib ona”.
«Eurovision» müsabiqəsinin Azərbaycandakı təşkilatçısı İctimai Televiziyadır. Televiziyanın baş direktoru İsmayıl Ömərov hesab edir ki, «Eurovision» müsiqi yarışmasıdır və orada səs verənlərin qərarlarının motivlərini araşdırmağa ehtiyac yoxdur: “Bu, musiqi aləmidir. Musiqi bəlkə də dünyada insanları birləşdirən yeganə ən mühüm bir vasitədir. Ona görə kimin kimə səs verməsi, araşdırma mövsuzu olmamalıdır”. 
İsmayıl Ömərov həm də ümid edir ki, bu hadisə Azərbaycanla «Eurovision» Komitəsi arasında əməkdaşlığa mənfi təsir etməyəcək. / TURAN