PKK
PKK

Ermənistanın kürd icması Kürd Fəhlə Partiyasının (PKK) 25-illiyi münasibətilə nümayiş təşkil edib. BBC-nin xəbərinə görə, İrəvanın Şaumyan adına meydanına toplaşan 200-dək kürd adından Türkiyə hökumətinin ünvanına «bu ölkədə kürd xalqına qarşı qətliama son qoymaq, kürd məsələsini beynəlxalq qanunlara uyğun, dinc yolla həll etmək» haqqında çağırış qəbul olunub. Meydana toplaşan kürd icması nümayəndələrindən biri deyib ki, toplantının məqsədi «Turkiyəli soydaşlarının tapdanmış haqlarının müdafiəsinə» yönəlmiş mübarizəsinə həmrəylik bildirmək və Kürd Fəhlə Partiyasının 25 illiyini qeyd etməkdir: «Nümayişimizlə Türkiyə hökumətinə təzyiq göstərə bilmərik. Lakin istəyirik ki, erməni milləti kürd xaqlınının yaşayışını təmin etdiyinin heç olmasa 10 faizi qədər Türkiyədə təmin olunsun», – deyə aksiya iştirakçısı bildirib. Nümayişin İrəvan meriyasının icazəsi ilə keçirildiyi bildirilir.

Ermənistan kürd icmasının rəhbəri Knyaz Həsənov keçən 25 il ərzində tərəflərin böyük itkilər verdiyini bildirib.

Onun sözlərinə görə, kürdlərin yenilməz iradəsi Türkiyə hökumətini kürdlərlə danışıqlar aparmağa və son dövrdə kürd məsələsinin sülh yolu ilə həllindən söz açmağa məcbur edib: «Bu gün keçirdiyimiz nümayişin bir məqsədi var – kürdlər öz mətinliyini nümayiş etdirirlər. İstəyirlər ki, Türkiyədə onların azadlıqları müdafiə olunsun, Türkiyə bizi bir millət kimi tanısın, dilimizi, mədəniyyətimizi tanısın». Eyni zamanda, Knyaz Həsənov əlavə edib ki, ermənilərin soyqırımı tanınmalıdır. «Qoy türklər bizə qarşı etdiklərini etiraf etsinlər. Artıq yetər! Onların bizi, bizim onları görməyə gözümüz yoxdur», – deyə kürd icmasının rəhbəri bildirib.

Mitinqdə səslənən nitqlərdə Ermənistan kürd icması nümayəndələri deyiblər ki, «dünya kürd məsələsinə göz yuma bilməz və Türkiyə hakimiyyəti kürdlərin lideri Abdullah Öcalanı həbsdən buraxmalıdır.» Türkiyə və Ermənistan arasında diplomatik əlaqələr yoxdur, lakin bir sıra müşahidəçilər qeyd edirlər ki, Avropa İttifaqı və Birləşmiş Ştatların terrorçu təşkilat kimi tanıdıqları PKK-nın yubileyinin qeyd olunması İrəvan-Ankara münasibətlərinə heç də müsbət təsir etməyəcək.