Adına “nur” da, “işıq” da desən, rəmzini lampa da, şam da yapsan qaranlıq elə qaranlıqdır

Elçin Mirzəbəyli
Elçin Mirzəbəyli

Elçin Mirzəbəyli

 

Azərbaycana səfəri zamanı emosional və pafoslu ifadələrlə “Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağını” bəyan edən, ancaq işğalçı ölkəylə razılaşdırılmış “yol xəritəsi” və Ankara-İrəvan danışıqlarında Qarabağ şərtinin arxa plana keçirilməsi barədə xəbərlərə aydınlıq gətirməyə lüzum görməyən Rəcəb Tayyib Ərdoğan geriyə dönən kimi qardaş ölkənin bəzi media qurumları üstümüzə yürüməyə başladı. Sanki AKP-nin Ermənistan siyasətində baş verən uğursuzluğun, türk xalqının iradəsi önündə geriyə çəkilmə məcburiyyətinin qisasını almaq əmri verilmişdi…
“Radikal”, “Bu gün”, “Zaman”, “Milliyet” və neçə-neçə internet portalları uydurma iddialarla, qəzəbli pafosla, nəfəs kəsən yalanlarla bir millətin iki dövlətini üz-üzə qoyacaq siyasətə qarşı çıxan insanları, gerçək vətənsevərləri hədəfə götürdülər. Təəssüf ki, bu prosesə hələ də son qoyulmayıb və yeni-yeni çalarlarla davam etməkdədir.
Dünən Türkiyə mətbuatında və bir sıra internet səhifələrində AKP çevrəsindən sızdırıldığı şübhə doğurmayan, vaxtilə Rəcəb Tayyib Ərdoğanın ağlasığmaz reaksiya ilə qarşıladığı olay yenidən gündəmə gətirilib.
AK Parti (Ədalət və İnkişaf Partiyası)“Azəri vəkillər şok oldu” başlıqlı yazıda Azərbaycandan Türkiyəyə səfər edən qadın millət vəkillərinin barəsində Rəcəb Tayyib Ərdoğanın qapalı çevrədə səsləndirdiyi fikirlər yer alıb: “Müxalifət daha öncə də Kıbrıs, Kərkük və Azərbaycan-Ermənistan məsələsində də bənzər bir yol izləmişdi. Bütün bunların boş iddialar olduğu ortaya çıxdı. İndi də bu məsələ üzərindən “xəyanət” ittihamlarıyla məni müzakirə edirlər. Azərbaycan-Ermənistan məsələsində… Hə mən, nə nazirlərim “Ermənistan sərhəd qapısı açılacaq” demədik. Amma Azərbaycanın bir qrup millət vəkili Türkiyəyə gəlib bu məsələylə bağlı açıqlamada bulundular. Bu millət vəkillərinin Türkiyədə çox dərin bağlantılar içində olduğunu öyrəndim. Bunlar Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışan çox dərin bir siyasətin tərkib hissəsi olaraq gəlmişdilər”.
“Dərin siyasətin tərkib hissəsi” – AKP-nin üslubuna xas olan ifadədir. Elə bil qondarma və Latın Amerikası ölkələrinin “sabun operaları”na bənzəyən Ergenekon “itthamnamə”lərindən götürülüb.
Doğrusu, Rəcəb Tayyib Ərdoğanın öz çevrəsində Türkiyə mediasında iqtibas gətirilən fikirləri səsləndirməsinə qətiyyən təəccüblənmirəm. Hər halda xanım millət vəkillərinə “fitnəkar” deyən, ölkə müxalifətinə və müstəqil mediyaya münasibətdə əsəblərini çilovlamağı bacarmayan bir siyasətçidən daha kəskin ittihamları gözləmək mümkündür.
Görəsən, hörmətli Ərdoğan nədən bu qədər qəzəblidir? Bəlkə onun hakimiyyətə gəlməsinə yardımçı olan dairələrə verdiyi sözü sonuna qədər tuta bilmədiyindən… Bəlkə… daha tühaf səbəbləri var bu çılğınlığın?! Ola bilsin, Davosdakı razılaşdırılmış və daxili “bazara” hesablanmış “qəhrəmanlığın” Azərbaycanla, daha dəqiq desək Türkiyə-Ermənistan münasibətlərilə bağlı məsələlərdə effekt verməməsindən əndişələnib…
…Ermənilərlə bağlı planları iflasa uğrayan AKP iqtidarı bakanlarını dəyişsə də, təəssüf ki, mahiyyətini dəyişə bilmədi… Çünki bu mahiyyət müasir görüntüyə bürünmüş feadal təfəkküründən, qara bayraqların dalğalandığı qaranlıqlardan gəlir… Adına “nur” da, “işıq” da desən, rəmzini lampa da, şam da yapsan qaranlıq elə qaranlıqdır!
Türk milləti kimin kim olduğunu, haradan və nə üçün gəldiyini yaxşı bilir. O üzdən buraxılan səhvlərə, yürüdülən yanlış siyasətə, millətin iradəsi nəzərə alınmadan verilən vədlərə görə günahkarı nə Türkiyə, nə də Azərbaycan türklərinin arasında axtarmağa ehtiyac yoxdur.
One minute, sayın Erdoğan! One minute…