Vasif Talıbov
Vasif Talıbov

İndi hamı məhz bu çayxanalarda çay içməlidir.

Naxçıvan Muxtar Respublikasında büdcə təşkilatlarında işləyənlərinki deyəsən gətirmir. Çünki onların hamısına xüsusi plan qoyulub. Ya ilin əvvəlində hamı nəsə əkməlidir, ya da əvəzində töycü verməlidirlər. Töycü deyəndə ki, əməkhaqqının bir hissəsini. Məsələn, Naxçıvandakı mənbəmizin xəbərinə görə, bu il Şərur rayon Musiqi Məktəbinə çuğundur planı qoyublar. Müəllimlər mütləq çuğundur əkməli, sonra da onu dövlətə təhvil verməli idilər.

Bir sözlə, əlahiddə plan. Amma çuğundur əkmək istəmirsənsə, bundan da çıxış yolu var. Hər ay əməkhaqqının 60 faizini verməlisən. Əgər vermirsənsə, onda əlvida iş…

***

Muxtar respublikada bircə dənə də çayxana qalmayıb, bu barədə çox yazılıb. Amma biz bu çayxana məqamının başqa tərəfinə toxunacağıq. Söhbət ondan gedir ki, çayxanaları bağlayan yerli hökumət indi özü çayxanalar tikmək niyyətinə düşüb. Bütün muxtar respublika üzrə hər yerə car çəkilib ki, bundan sonra hər kənddə təzə çayxana tikiləcək. Amma dövlətin hesabına. Hamı da ancaq bu çayxanalarda əyləşə bilər. Köhnə çayxanaları isə yadınızdan çıxarın.

Naxçıvanda tətbiq olunan yeni qaydalardan biri də burda sovet maşını olan şəxslərə öz maşınından taksi kimi istifadə etməmək qadağası ilə bağlıdır. Əslində bu barədə də yazmışıq. Bir qədər əvvəl isə yeni qaydanın daha bir özəlliyi də üzə çıxıb. İş ondadır ki, hətta xarici markalı maşının olsa belə, aeroportun qarşısında durmağa icazə verilmir.

«Aeroportun qarşısında dayanan sürücülərin özləri də muxtar respublikanın regionlarına uyğun proporsiyalara bölünüblər. Məsələn, Şərur rayonuna 8 taksi ayrılıb. Bu o deməkdir ki, 9-cu şərurlu 2009-cu il buraxılışlı »Mersedes-600″də belə gəlib taksi kimi müştəri gözləsə, onu oradan qovacaqlar», – deyə mənbə bildirir.

Naxçıvanlıların çörəyi İqdırdan çıxır desək, yanılmarıq. İndi bu çörəyi də onlara çox görürlər: «Təsəvvür edin, 5 kiloqramdan artıq kartof gətirən şəxs hər kilosuna görə, 20 qəpik «rüsum» ödəməlidir. Bu pulu hansı əsasla tuturlar, heç kimə izahat verilmir. Amma rəsmi izahatı olan ərzaq növləri də var. Məsələn, Sədərək gömrüyündə divara xüsusi bir elan vurulub. Elanda göstərilir ki, Naxçıvana qənd, bal, un məmulatları, hətta banan gətirilməsi belə yasaqdır. Səbəb kimi də göstərirlər ki, həmin məhsullar Naxçıvanda istehsal olunduğundan, fərhad əliyevsayağı hərə yerli mal almalıdır ki, xeyir də… «xana» qalsın. Amma bananın məsələyə nə dəxli var, burasını anlamadıq. Çünki Naxçıvanda banan yetişmir”.

Sənan SEYİDBƏYLİ