Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası

Vasif Talıbovun günahı üzündən bu qədim türk torpağına gəlmələrin köçü təhlükəli miqyas alıb.

 

Azərbaycana Türkiyə və İraqdan kürd ailələrinin köçürülməsi barədə ölkə mətbuatında illər uzunu çoxsaylı yazılar dərc edilib. Lakin gəlmə kürdlərin ölkəmizə axınının təhlükəli həddə çatmasına baxmayaraq, hakimiyyət problemi həll etmək istiqamətində heç bir addım atmır. Əksinə, yüksək vəzifələri zəbt edən kürd əsilli məmurlar öz soydaşlarının ölkəmizdə məskunlaşmaları üçün əllərindən gələni əsirgəmirlər. Son aylar bu problem yenidən aktuallaşıb. Belə ki, ölkənin qərb bölgəsində, Gəncə şəhərində və Göygöl rayonunda çağırılmamış qonaqlar üçün qəsəbələrin inşasına təzədən start verilib. Göygöldən aldığımız məlumata görə, rayon ərazisində kürdlər uçun 6 qəsəbənin inşası nəzərdə tutulub.Məsələni dəqiqləşdirmək üçün Göygöl rayonuna ezam edilən əməkdaşımız Şəhriyar (keçmiş Mizrik – Ə.M.) kəndinin yaxınlığında gəlmə kürdlər üçün qəsəbənin inşa olunduğunun şahidi olub. Bundan əlavə, Göygöl rayonunda məmur vəzifələri tamamilə kürd əsilli şəxslər arasında «bölüşdürülüb». Rayon prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adamlarının tam nəzarəti altındadır. Rayon rəhbərliyinin mütləq əksəriyyəti B. Əyyubovun yaxın qohumlarıdır.
Gəlmə kürdlərin yerli sakinlərə qarşı kobud rəftar nümayiş etdirməsi isə qarşıdurmalara səbəb olur. Son olaraq bu ayın 14-də Göygöl rayonunun Səmədli kəndində gəlmələrlə yerli sakinlər arasında kütləvi qarşıdurma faktı qeydə alınıb. Dava nəticəsində 2 nəfər ağır xəsarət alaraq rayon xəstəxanasına yerləşdirilib. Ən maraqlısı isə elementar qayda-qanuna əməl etməyən, dəqiqəbaşı Azərbaycan qanunlarını tapdayan gəlmə kürdlərin cəzasız qalmasıdır.
Onu da qeyd edək ki, belə davalar tez-tez baş verir. Necə ki, bir müddət öncə Gürcüstanla sərhəddə gəlmə kürdlərlə sərhəd qoşunlarının hərbi qulluqçuları arasında silahlı insident baş vermişdi. O zaman həbs edilən kürdlər şübhəli şəkildə azad edildilər. Belə faktlardan biri də Bakının Binəqədi qəsəbəsində baş verib. Siyahını uzatmaq da olar.
Gəlmələrlə bağlı ən kritik vəziyyət isə Naxçıvandadır. Məlumatlara görə, muxtar respublika ərazisində kürdlər sistematik şəkildə məskunlaşdırılır. Bu işə isə birbaşa  Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov rəhbərlik edir. V.Talıbovun «xidməti» nəticəsində Naxçıvan kəndləri demək olar ki, boşalıb. Yerli əhali onun zülmündən baş götürərək Bakıya, Türkiyəyə və Rusiyaya üz tutub. V.Talıbovun şəxsi göstərişi ilə yerli əhali işlə təmin edilmir. Muxtar respublikada aparılan tikinti işlərinə, yeni acılan özəl müəssisələrə də gəlmə kürdlər işə götürülür.
Misal üçün, V.Talıbova məxsus «Gəmiqaya» şirkətinin iş icraçılarından tutmuş, sıravi fəhləyədək əməkdaşların böyük əksəriyyəti kürdlərdən ibarətdir. Bu halla barışmayan və etirazını bildirən ziyalılar isə V.Talıbovun təqiblərinə məruz qalırlar. Yerli ziyalıların doğma yurdlarından didərgin salınması isə ictimai müqaviməti sıfıra endirib.
Naxçıvandakı mənbələrimizin verdiyi məlumata görə, son aylar ərzində bu qədim türk torpağına 800 nəfər kürd əsilli fəhlə gətizdirilib. Gəlmə kürdlər kütləvi şəkildə Naxçıvanda əmlak sahibi olurlar. Onların Naxçıvanda ev və torpaq sahələri alması üçün beynəlxalq kürd təşkilatları maliyə yardımı ayırıb. Kürd əsilli iş adamlarına Naxçıvanda xüsusi şərait yaradılıb.
Naxçıvanın kürdləşdirilməsi nəticəsində yaxın gələcəkdə Azərbaycanı yeni fəlakətə sürükləyəcəyi artıq kimsədə şübhə doğurmur. Azərbaycanla quru əlaqəsi olmayan, üstəlik, kürd əsilli şəxslər tərəfindən idarə olunan muxtar respublikada çox qısa zamanda separatçı meyllərin baş qaldıracağı ehtimalı var. Türkiyədə kürdlərin aktivləşməsi, PKK -nın leqallaşdırılması istiqamətində aparılan işlər Naxçıvana da öz mənfi təsirini göstərəcək.
Sonda əlavə edək ki, gəlmə kürdlər ölkəmizə beynəlxalq kürd təşkilatlarının maliyyə yardımı ilə köçürülürlər. Xatırladaq ki, 2 il öncə İraqın Süleymaniyə şəhərində kürd təşkilatlarının qurultayı keçirilib. Qurultayda nümayiş etdirilən «qırmızı Kürdüstanın» xəritəsinə Naxçıvan, Laçın, Zəngilan, Qubadlı və Kəlbəcər rayonları daxil edilib, kürdlərin Azərbaycanda məskunlaşması məsələsi müzakirə olunub. Məhz həmin qurultaydan sonra kürdlərin Azərbaycana köçürülməsi planlı şəkildə həyata keçirilir.
Əfqan MUXTARLI / musavat.com