Milis
Milis

Yüzlərlə soydaşımız zorən Azərbaycana keçirilib

 

Son vaxtlar Azərbaycanın şimal sərhədlərində-Rusiyanın Dağıstan vilayətində kriminal durumun xeyli gərginləşməsi ciddi narahatçılıq doğurur. Hadisələr başqa dövlətin ərazisində baş versə də, prosesin nəzarətdən çıxmasının bu və ya digər şəkildə ölkəmizə də təsir göstərəcəyi şübhəsizdir. Son hadisələrdən sonra Rusiya hökuməti ərazidə radikal addımlar atmağa başlayıb. Görülən tədbirlər sırasında Dağıstanda çalışan Azərbaycan vətəndaşları da hədəfdə olub. Belə ki, son iki gün ərzində bu vilayətin Mahaçqala, Gizlər, Qızılyurt, Xasavyurt, Buynaksk və digər şəhərlərində çörəkpulu qazanmaq üçün ticarət və tikinti işlərində çalışan Azərbaycan vətəndaşları kütləvi şəkildə zorən Rusiya ərazisindən çıxarılmağa başlayıb.

Daha çox şimal və şimal-qərb bölgəsindən olan vətəndaşlarımız rus xüsusi təyinatlı polis dəstələrinin amansız münasibəti ilə qarşılaşıblar. Verilən məlumata görə vətəndaşlarımızın deportasiyası zamanı həbs olunanlar da olub. Azərbaycan ərazisinə keçməyə müvəffəq olan şəxslərin sözlərinə görə Rusiya-Azərbaycan sərhədində gücləndirilmiş iş rejimi tətbiq olunub. Buna səbəb Azərbaycanla sərhəddə dağ kəndlərində və meşə zolaqlarında məskunlaşdığı ehtimal olunan radikal dini qruplaşmaların Rusiya ərazisinə keçə bilmələridir. Aldığımız məlumata görə bölgədəki dini təmayüllü silahlı qruplaşmalar yaxın günlərdə Rusiya ərazisində kütləvi iğtişaşlar hazırlamağı planlaşdırırlar.

İslam dinindən olan Azərbaycan vətəndaşlarının bölgədən çıxarılması da bununla bağlıdır. // Yeni Müsavat