Rövşən Nəsirli
Rövşən Nəsirli

«Eurovision 2009» mahnı müsabiqəsində Ermənistana səs verən azərbaycanlı kimdir?

 

“Məndən izahat alındı ki, niyə Ermənistana səs göndərmişəm. Dedilər ki, bunu dövlət təhlükəsizliyi üçün edirik. Mənə psixoloji təzyiq etmək istəyirdilər ki, sənin milliyyətin yoxdur, niyə Ermənistana səs verirsən? İzahat yazdırıb buraxdılar.” «Eurovision 2009» mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərənlərdən biri Rövşən Nəsirli “Azadliq” radiosuna belə deyib. Onun sözlərinə görə, avqustun 12-də Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırılıb və  Ermənistan iştirakçısına niyə səs göndərməsi ilə bağlı izahat istəyiblər. Rövşən Nəsirlinin dediyinə görə, onu sorğu-suala tutan MTN əməkdaşının əlindəki siyahıda ondan başqa daha bir neçə nəfərin də adı və telefon nömrəsi olub.
Rəsmi məlumata görə, «Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib. Rövşən Nəsirli deyib ki, Azərbaycanı müğənni Araşın təmsil etməsinə etiraz olaraq Ermənistana səs göndərib. Həm də erməni müğənnilərin ifa etdikləri mahnını Azərbaycan üslubuna daha yaxın hesab edib, nəinki Araşın bəstəsini. Amma ağlına da gəlməyib ki, bu seçiminə görə MTN-ə çağırıla bilər.
Bəs görəsən yarışmada Ermənistana səs göndərənlərin siyahısını MTN-ə “Azercell”mi verib?
Şirkətin nümayəndəsi Ülviyyə Həsənzadə  yalnız onu deyib ki, bu cür məlumatlar ictimaiyyətə açıqlanmır.