Abdullah Öcalan
Abdullah Öcalan

Türk qatili kürd probleminin demokratik yolla həllinə dair plan açıqlayır, onun hökumətlə əlbir hərəkət etdiyinə dair şübhələr var.

30 minə yaxın türkün , o cümlədən qadın və uşaqların öldürülməsinə görə günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilən, «bəbək qatili» kimi tanınan PKK lideri Abdullah Öcalan bu gün Türkiyədə kürd probleminin «demokratik yolla həlli»inə dair öz planını açıqlayacaq. Nə qədər ironik olsa da, əliqanlı terror təşkilatının lideri artıq özünü demokrat kimi qələmə verir və «dəyişdiyini» bildirir, eyni zamanda hökuməti və baş nazir Ərdoğanı «cəsarətli olaraq» riskli addımlar atmağa çağırır.Öcalan azadlıqda olmasa da, onun üçün bu cür təşəbbüslərlə çıxış etməyə heç bir əngəl yoxdur. PKK liderinin çoxsaylı vəkilləri, əslində isə vəkil adı altında onun tapşırıqlarını müntəzəm olaraq terror təşkilatına çatdıran PKK mənsubları vaxtaşırı olaraq İmralı adasında onunla görüşür.
Dünən də vəkillərdən bir neçəsi Öcalanla həftəlik görüş adı altında İmralı adasına aparılıblar. Lakin əvvəlcədən məlum idi ki, vəkillər bu dəfə Öcalanın yanına onun kürd probleminin həllinə dair «yol xəritəsini» almaq üçün gedirlər. Əvvəlcədən elan olunub ki, Öcalan öz planını PKK-nın Türkiyədə ilk dəfə terror aksiyalarına başladığı 15 avqustda elan edəcək. İlk dəfə PKK öz varlığını 1984-cü ildə Türkiyənin cənub-şərqindəki Şemdinli qəsəbəsinə həyata keçirdiyi terror hücumu ilə büruzə verib. Həmin hücum zamanı dinc sakinlər girov götürülüb, təhlükəsizlik orqanlarının əməkdaşlarını tərk-silah edilib və yaraqlılar hücumu başa vurub dağlara çəkiliblər. Öcalan öz planını açıqlamaq üçün bu tarixi seçərək nümayiş etdirməyə çalışır ki, artıq onun təşkilatı silahlı mübarizədən əl çəkməyə hazırdır. Bir şərtlə ki, Türkiyədə kürdlərə «demokratik hüquqlar» verilsin, yəni onlar hansısa formada muxtariyyətə malik olsun, öz dillərində təhsil almaq, danışmaq və digər hüquqlar əldə etsin. Başqa sözlə, Türkiyə unitar dövlət modelindən əl çəkərək kürdlərin yer aldığı federal dövlətə çevrilsin.
Öcalanın «demokratik çözüm planı» açıqlamağa hazırlaşdığı bir vaxtda Türkiyə cəmiyyəti ölkənin əliqanlı terrorçunun təkliflərini dinləmək məcburiyyətində qalmasını müzakirə edir. Bir çox siyasət yazarları bunu acınacaqlı və PKK ilə mübarizədə verilən on minlərlə şəhidin qanını sızladacaq hal kimi şərh edirlər. Gözlənilir ki, PKK lideri vaxtilə İmralı adasında məhkəmədə etdiyi çıxışın əsas tezislərini təkrarlayacaq Türkiyənin bölünməsinə aparan təkliflər verəcək. Onun bu cür təşəbbüslə çıxış etmək cəsarətinə sahib olması isə Türkiyədə PKK terroru üçün həvəsləndirici amil hesab edilir. Məsələnin intriqalı tərəfi əslində odur ki, Öcalanla hökumət eyni vaxtda kürd probleminin demokratik yolla həllinin vacibliyi haqda danışmağa başlayıblar. Hökumət Öcalanın ardınca öz demokratik çözüm paketini açıqlamağa hazırlaşır. Bu ardıcıllıq bir çoxlarında belə sual doğurub: hökumətlə PKK-nın təşəbbüsləri bir-biri ilə əlaqəli deyil ki?
Hökumətin də təşəbbüsünün detalları hələ açıqlanmır. Ancaq mətbuata sızan məlumatlardan belə məlum olur ki, hökumət də məsələnin həllini Konstitusiyanı dəyişdirməkdə və kürdlərə geniş hüquqlar verməkdə görür. Bura kürd bölgələrində bələdiyyələrin səlahiyyətlərinin artırılması, kürd dilində təhsil, rəsmi mərasimlərdə kürd dilindən istifadə və digər məsələlər daxildir. Hökumət bu təşəbbüslə bağlı PKK ilə ünsiyyət qurmasa da, terror təşkilatının siyasi qolu kimi fəaliyyət göstərən kürd partiyası DTP ilə təmas içərisindədir. Hökumətdən planı korrdinasiya edən daxili işlər naziri Bəşir Atalay hazırda vətəndaş cəmiyyəti qurumları, siyasi partiyalar və iş çevrələri ilə təşəbbüsü müzakirə edir. Lakin CHP və MHP hökumətlə bu məsələ ilə bağlı müzakirə aparmağı rədd edib. Müxalifət AKP-ni Türkiyəni bölməyə hesablanmış planlarda ittiham edir. Baş nazir Ərdoğan isə belə görünür ki, müxalifətin bu davranışından narahatdır. Dünənki çıxışında o, MHP-ni və onun lideri Dövlət Baxçalını tənqid edərək deyib ki, plan qəbul edilməsə də heç olmasa görüşüb onu müzakirə etmək lazım idi. Ərdoğan yeganə məqsədlərinin axan qanı dayandırmaq olduğunu deyib və bildirib ki, Türkiyədə kürd probleminin olduğunu inkar etmək mümkün deyil. // musavat.com