İran və İsrail
İran və İsrail

Nüfuzlu amerikalı politoloqdan sensasion proqnoz

 

«Avqustun 22-də İran İsrailə zərbə endirəcək, cavab zərbəsi ilə dünya müharibəsi başlayacaq»

İsrailin və ya ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara əl ata biləcəyi haqda xəbərlərin çoxaldığı bir vaxtda Amerika mətbuatında ağlasığmaz iddia yer alıb. Nüfuzlu amerikalı politoloq, ultramühafizəkar çevrələrə və keçmiş prezident Corc Buşun yaxın ətrafına bağlı Bernard Lyuis «Wall Street Journal» qəzetində dərc edilmiş məqaləsində göstərib ki, avqustun 22-si yeni dünya müharibəsinin başlandığı gün olacaq. Onun iddiasına görə, həmin gün İran İsrailin hücumunu gözləmədən ona zərbə endirəcək. Cavab zərbələri ilə yeni dünya müharibəsi başlayacaq.Bəs niyə məhz 22 avqust? Politoloq qeyd edir ki, həmin gün Vaşinqtonun nüvə məsələsini danışıqlar yoluyla həll etmək üçün Tehrana verdiyi vaxt başa çatır, İranın bu təklifi rədd edəcəyi artıq şübhəsizdir. Həmçinin həmin gün müsəlmanlar üçün müqəddəs Ramazan ayı da girir və İran bu tarixdən «İsraili yer üzündən silmək» planlarını başlatmaq üçün istifadə edə bilər. Cavab zərbələri isə dərhal endiriləcək və münaqişə ABŞ-ın qarışmasıyla sürətlə böyüyüb bütün regionu əhatə edəcək.
Lyuisin iddiasını şərh edən rusiyalı şərhçi Sergey Markov deyib ki, bu ssenari ona utopiya kimi görünür. Baxmayaraq ki, Yaxın Şərqdə nə desən gözləmək olar.”Regionda çoxlu başdanxarab adamlar var, onlar müntəzəm olaraq odla oynayırlar. Situasiya qətiyyən nəzarətdə deyil və istənilən an partlaya bilər” deyə o, fikrini tamamlayıb. İstefada olan general Aleksandr Vladimirov isə hesab edir ki, bu cür müharibə hər iki tərəf üçün mənasız addım olardı. «Belə müharibə həm də təhlükəlidir və məntiqsizdir. İsrailin nüvə silahı var və İranın zərbəsinə məruz qalsa, onu tətbiq edə bilər. Bu isə yeni dünya müharibəsinin başlaması deməkdir. Çünki digər ölkələr, o cümlədən Rusiya bu cür irimiqyaslı münaqişədən kənarda qala bilməzdi. Əslində burada söhbət müharibədən deyil, sivilizasiyalar arasında toqquşmadan gedə bilər».

Qeyd edək ki, indiyədək İran İsrailə birinci zərbə endirmək barədə açıq xəbərdarlıq etməyib. Belə görünür ki, İranın belə planı da yoxdur, baxmayaraq ki, prezident Mahmud Əhmədinejad İsrailin yer üzündən silinəcəyi haqda bir neçə dəfə bəyanat verib. İran hər dəfə onu bəyan edir ki, İsrailin zərbəsinə ən sərt şəkildə cavab verəcək və bu ölkənin nüvə obyektlərinə raket zərbələri endirəcək. İsrailin nüvə obyektlərinə zərbə endirməsi isə  yəhudi ölkəsi üçün dağıdıcı nəticələrə malik olard. Ona görə də İranın İsraili «yer üzündən silmək» üçün qarşı tərəfin birinci hücum etməsini gözlədiyini təxmin etmək olar. Lakin indi ABŞ-ın mühafizəkar çevrələri İranın birinci zərbə endirməyə hazırlaşdığı haqda iddialar ortaya atır və bu iddianı «Wall Street Journal» kimi nüfuzlu qəzet dərc edir. Ehtimal ki, sözügedən iddia İranın İsrail üçün təhlükə təşkil etdiyi haqda Amerika ictimaiyyətinə rəyləri möhkəmləndirməyə xidmət edir. Xüsusən elə bir vaxtda ki, ABŞ-ın indki rəhbərliyi İranla dil tapmağa çalışır və İsrailin bu ölkəyə qarşı hücum əməliyyatlarını önləmək üçün ciddi səy göstərir.

Artıq xəbərlər var ki, ABŞ bu təhlükəni ötən ay önləyib. Bildirilirdi ki, İsrail İranda seçkisonrası gərginlikdən istifadə edərək bu ölkəyə qarşı qəfil hava əməliyyatlarına başlamaq istəyib və ölkə rəhbərliyi səviyyəsində ABŞ-dan icazə istəyib. Ancaq Barak Obama administrasiyası bu icazəni verməyib. Buna baxmayaraq, İsrailin İrana qarşı hücum variantı aktual olaraq qalır. Ötən gün İsrail güc strukturlarındakı yüksək səlahiyyətli mənbə deyib ki, yəhudi dövləti ABŞ-dan razılıq almadan və öz planlarını Ağ Evlə razılaşdırmadan İranın nüvə obyektlərinə zərbələr endirə bilər. Onun fikrincə, bu zərbələr nəticəsində İranın nüvə fəaliyyətləri ciddi ölçülərdə zəifləyərdi: «Lakin yaxın həftələrdə İrana hücum etməyin mənası yoxdur. Birləşmiş Ştatların Tehrana verdiyi vaxt hələ bitməyib, məlum deyil ki, İran nüvə məsələsinə dair Qərblə konstruktiv dialoqa başlayacaq, ya yox. Buna baxmayaraq, İsrailin hərbi əməliyyatlar planı hazırdır və o həyata keçirilə biləndir». ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton isə bildirib ki, onun məlumatlarına görə, İsrailin İrana qarşı hərbi əməliyyatları bu ilin sonlarında başlayacaq. Bolton İranın nüvə silahı əldə etmədən İsrailin ona zərbə endirmək fikrində olduğunu bildirib: «Prezident Əhmədinejad İranı yer üzündən silməklə hədələyib. Mən hesab etmirəm ki, İsrail ölkədə yaşayan 6 milyon yəhudinin nüvə zərbəsi nəticəsində məhv edilməsini gözləmək fikrindədir». // Yeni Müsavat