Georgi Vanyan
Georgi Vanyan

“Azərbaycan filmlərinə Ermənistanda tələbat var”

 

Ermənistanda “Azərbaycan filmləri festivalı” keçirməyə hazırlaşan rejissor Georgi Vanyanın Turan agentliyinə müsahibəsi

– Layihəniz haqda ətraflı danışın: ideya kimə məxsusdur, kim sponsorluq edir?

– İdeya Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzində yaranıb və ABŞ-ın Ermənistandakı səfirliyinin dəstəyini alıb. Biz artıq uzun illərdir cəmiyyətlərimiz arasında izolyasiyanın aradan qaldırılmasına və mədəniyyət – incəsənət və maarif sahəsində körpülər qurulmasına yönəlmiş layihələr həyata keçiririk. Biz rəssamlar, musiqiçilər, jurnalistlər üçün birgə master-klaslardan başladıq, sonra erməni məktəbində Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Təcrübə və uğursuzluqların təhlili ilə biz ona gəlib çatdıq ki, ayrı-ayrı seminarlar, treninqlər və hətta açıq master-klasların məhdud insanlar dairəsində birdəfəlik effekti olur.
Buna görə, bu gün biz bütün yerevanlılar üçün klassik mədəni tədbir – Azərbaycan filmləri festivalı təşkil edirik və qrantsız beynəlxalq layihələrdə yaranmış kinoları nümayiş etdirəcəyik. Biz Azərbaycanın müasir mədəniyyətinin daşıyıcısı sayılan filmləri, bir çox cəhətdən bizimkinə bənzəyən bugünki reallığı və problemləri əks etdirən filmləri nümayiş etdirəcəyik.

– Filmlər hansı prinsiplə seçilir?
– Festivalın proqramında bütün janrlarda qısametrajlı filmlərin müsabiqədə nümayişi olacaq. Qarşımızda nisbətən müxtəlif palitra yaratmaq vəzifəsi durur. Son seçim sentyabrın əvvəllərində festivalın gənclərdən – yuxarı sinif şagirdləri və birinci kurs tələbələrindən ibarət münsiflər heyətinin işi zamanı baş verəcək. Bu münsiflər heyətinin köməyilə biz festivalın müsabiqə proqramını tərtib edəcəyik, ona baxdıqdan sonra tamaşaçılar səsvermə yolu ilə qalibi müəyyən edəcəklər. Biz həmçinin tammetrajlı filmlərin müsabiqədənkənar nümayişini planlaşdırırıq.

– Layihənin məqsədi nədən ibarətdir, nəyə nail olmaq istərdiniz?
– İlk öncə, biz daxili dialoqa, erməni cəmiyyəti daxilində dialoqa nail olmaq istəyirik. Festivala gələnlərə və filmlərə baxanlara düşünmək üçün imkan yaratmaq, əsas vermək, stereotiplərdən azad etmək istəyirik. Stereotiplər Azərbaycan-Ermənistan dialoqunun qarşısını alır.

– Hesab edirsiniz ki, Ermənistanda bu gün Azərbaycan kinosuna tələbat var?
– Azərbaycan filminə, əlbəttə ki, Ermənistanda tələbat var və biz festival coğrafiyasının genişlənməsi və filmlərin təkcə paytaxtda deyil, regionlarda da nümayiş etdirilməsi üçün əlimizdən gələni etməyə çalışacağıq.

– Kim artıq öz işlərini göndərməyə razılıq verib, kiminlə danışıqlar aparırsınız?
– Son illər ərzində bizdə Azərbaycan filmlərindən kiçik kolleksiya yığılıb, biz Azərbaycanda və Gürcüstandakı dostlarımıza və tanışlarımıza müraciət etmişik və bu kolleksiyanı, əsasən, beynəlxalq festivallarda nümayiş etdirilmiş filmlər hesabına tamamlamışıq. Dünən bizim www.southcaucasus.com saytımızda festivalda iştirak üçün dəvət yerləşdirilib və Azərbaycan kinematoqrafçılarından cavab almağa ümid edirəm. Filmlər seçildikdən və festivalın proqramı tərtib edildikdən sonra biz mütləq nümayişə razılıqlarını almaq üçün müəlliflərə müraciət edəcəyik.

– Azərbaycanda erməni filmlərinin nümayişi layihəsi nəzərdə tutulurmu?
– Bizim layihəmiz Azərbaycanda da analoji festival keçirilməsini nəzərdə tutmur və biz qarşımıza Azərbaycanda festival keçirilməsinə nail olmağı məqsəd qoymuruq. Amma biz belə bir təşəbbüsə lazımi dəstək göstərməyə hazırıq. Ermənistanda bizim fəaliyyətimizin “rəqibləri”, xüsusən Azərbaycan Günləri keçirildikdən sonra, belə birtərəfli təşəbbüslərin erməni ictimaiyyətinin, xüsusən gənclərin beyninin yuyulmasına yönəldiyi barədə nəzəriyyə irəli sürürlər. Bu, sadəcə Stalin rejiminin yaşamaqda olan atavizmidir. Ünsiyyət satqınlıq deyil. Ünsiyyət insanın yeganə ehtiyacıdır.

***

ERMƏNİSTANDA AZƏRBAYCAN FİLMLƏRİ FESTİVALI KEÇİRİLƏCƏK

Festivalın proqramına 50 film daxil edilib   

Oktyabrda Yerevanda Azərbaycan filmləri festivalı keçiriləcək. Festivalın təşkilatçısı Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzidir. Mərkəzin direktoru Georgi Vanyan bildirib ki, festivalda bədii, sənədli və animasiya filmləri nümayiş etdiriləcək.
Hazırda artıq festivalın proqramına daxil edilməsi nəzərdə tutulan 50 filmə baxılıb. “Biz partnyorlarımız vasitəsilə gənc Azərbaycan rejissorları ilə əlaqə qurmağa çalışırıq və artıq onlardan bəziləri ilə belə əlaqələr yaratmağa nail olmuşuq”, deyə Vanyan bildirib.
Filmlər paytaxt kinoteatrlarında nümayiş etdiriləcək, istək olarsa, fiziki şəxslər və təşkilatlar üçün ayrıca nümayişlər də təşkil olunacaq, bu ilin əvvəllərində Yerevanda keçirilən türk kinosu festivalında olduğu kimi.
Vanyan qeyd edib ki, festivalın keçirilməsində əsas məqsəd iki dövlət arasında dialoq qurulmasına yardım etməkdir. Azərbaycan filmləri festivalı ABŞ-ın Ermənistandakı səfirliyinin dəstəyi ilə keçiriləcək. // Turan