Zakir Qaralov
Zakir Qaralov

Seyran Ohanyanla bağlı cinayət işini prokurorluq orqanlarından yoxa çıxaran Faiq Axundov işdən qovuldu

 

«Milli Təhlükəsizlik Nazirliyi baş prokuror Zakir Qaralovun təqdimatı ilə prokurorluq orqanlarında erməni kökənli şəxslərin və bu millətin nümayəndələri ilə yaxın qohumluq münasibətlərində olanların müəyyən edilməsi üçün tədbirlər həyata keçirməyə başlayıb».Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrimizdən məlumat almışıq. Qaynağımızın verdiyi informasiyaya görə, artıq bir neçə prokurorluq işçisi bu araşdırmalardan sonra işdən çıxarılaraq sərəncama göndərilib. İşdən uzaqlaşdırılan adamlardan biri vaxtilə Kirovabad (indiki Gəncə) Şəhər Hərbi Qarnizonunun prokuroru olmuş, bir müddət əvvəllərə qədər isə Baş Prokurorluğun Polisə Nəzarət İdarəsində şöbə prokuroru vəzifəsində çalışmış Faiq Axundovdur.
Xəbərdə deyilir ki, baş prokuror Zakir Qaralovun birdən-birə belə bir təqdimatla çıxış etməsinin özəl səbəbi var. Belə ki, Zakir Qaralova Faiq Axundovun əməlləri ilə bağlı sensasion məlumatlar verilib. Bildirilir ki, Faiq Axundov Kirovabad Şəhər Hərbi Qarnizonunun prokuroru vəzifəsində çalışarkən ona hazırda Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın və erməni millətindən olan daha bir neçə hərbçinin Kirovabaddakı hərbi hissəni özbaşına tərk etməsi barədə material daxil olub, amma həmin material sonradan nəyə görəsə araşdırılmayıb. Qovluqdakı bəzi sənədlər isə müəmmalı şəkildə it-bata düşüb.
Bu xəbər baş prokurora çatdırılan kimi onun göstərişi ilə həmin cinayət işinin prokurorluğun arxivlərində axtarışına başlanılıb. Cinayət işi tapılsa da məlum olub ki, qovluqdakı iş bir neçə əhəmiyyətsiz sənəddən ibarətdir, daha vacib sənədlər orada olmalı olduğu halda yoxdur. Zakir Qaralova bu barədə məruzə ediləndən sonra o, araşdırmaları daha əhatəli şəkildə davam etdirməyi tapşırıb. Son nəticədə məlum olub ki, Faiq Axundovun qaynanası ermənidir. Asya Manutunyan adlı həmin qadın vaxtilə Kirovabad Şəhər İctimai İaşə İdarəsinin müdirəsi olub. Fərarilik etmiş Seyran Ohanyanın və digər erməni zabitlərinin həmin dövrdə cinayət məsuliyyətinə cəlb edilməməsinin səbəbi də məhz bu qadının işə müdaxiləsi ilə bağlı imiş. Yəni kifayət qədər nüfuzu olan bu erməni qadın öz soydaşlarını cinayət təqibindən qoruya bilib. Əlbəttə ki, yüksək vəzifələrdə çalışan azərbaycanlı qohumlarının və tanışlarının yardımı ilə…
Bu fakt öz təsdiqini tapandan sonra Faiq Axundov işdən çıxarılaraq sərəncama göndərilib. Əsas kimi onun bu ilin mayında Qaraheybət Təlim Mərkəzində 500-dək əsgərin kütləvi şəkildə zəhərlənməsi faktı barədə rəhbərliyə vaxtında məlumat verməməsi göstərilib. Amma aydındır ki, Faiq Axundov öz vəzifəsindən əslində sırf erməni məsələsinin araşdırılması ilə bağlı uzaqlaşdırılıb.
Yazıda adı hallanan bütün şəxsləri, o cümlədən Faiq Axundovu da dinləməyə və mövqeyini işıqlandırmağa hazırıq.  / www.musavat.com