Necati Şaşmaz
Necati Şaşmaz

«Poliqon» İnformasiya Agentliyi Ziya Məmmədovun oğlu Anar Məmmədovun ağlasığmaz sərgüzəştlərindən yazdı

Həmişə maraqlı mövzulardan biri də bu olub ki, oliqarxlar topladıqları bu qədər pulu hara və necə xərcləyir. Digər tərəfdən, cəmiyyət üçün oliqarxların övladlarının həyatı da həmişə maraqlı olub. Bunları nəzərə alaraq bu gün nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun etdiklərinin çox cüzi bir hissəsini nəzərinizə çatdırırıq.

Anar Məmmədov sərbəst biznes imkanlarına sahib olan bir sahibkar kimi tanınır. Fəaliyyətinin ilk dövrünü yükdaşıma biznesinə həsr edən nazir oğlu daha sonra «Delfin» otelinin fəaliyyətinə nəzarəti öz boynuna götürdü. Beləliklə, xırda biznesdən ciddi biznesə keçid edən Anar Məmmədov atasının imkanlarından bəhrələnməklə daha ciddi uğurlara imza atmağa həvəs göstərdi. Kəmaləddin Heydərovun oğlundan fərqli olaraq Ziya Məmmədovun oğlu cəmiyyətdə daha tez-tez görünməklə özü haqqında müxtəlif şayiələrin yayılmasına nail oldu. Hətta bir sıra qalmaqallarda, hətta atəşli olaylarda da Anar Məmmədovun adı çəkilməyə başladı. Görünür, çılğınlıq dövründə baş verən bu hadisələr bir müddətdən sonra təmkinli biznesmen imici ilə əvəzləndi.

Azərbaycana meydan oxuyan «ZQAN-holdinq»…

Anar Məmmədov gündəmə daha sonra «ZQAN-Holdinq»in sahibi kimi gəldi. Dünənə qədər Ziya Məmmədovun əsas biznes işlərini qardaşı və millət vəkili Elton Məmmədov həyata keçirirdisə, «ZQAN-Holdinq» işində Anar Məmmədov onu əvəzlədi. Ailə biznesinə çevrilən holdinqin fəaliyyəti çoxşaxəlidir. Əsas funksiyalarından biri tikinti işləri idisə, digəri də körpü salma, yol çəkmədir. Əslində Azərbaycanda həyata keçirilən yol-körpü bumu zamanı əsas işləri məhz Anar Məmmədovun rəhbərlik etdiyi holdinq reallaşdırırdı. Hətta bu holdinq atasının təsiri hesabına «Akkord» kimi şirkəti müəyyən dairələrdə sıxışdırmağa da nail oldu. Bütün bunlar isə Anar Məmmədovun uğurları kimi qəbul edilir və gələcək planlarının həyata keçməsinə stimul verirdi.
Anar Məmmədovun başqa bir keyfiyyəti də atasının oğlu olmasını təsdiqləyir. O da atası kimi mənzil həvəskarı idi və «ZQAN-Holdinq» bir neçə çoxmərtəbəli binanın tikintisini həyata keçirdi.
Bu günün özündə də «ZQAN» Azərbaycanda ən aparıcı holdinqlərdən biri və birincisidir. Anar-holdinqin iş fəaliyyətini bununla tamamlamaq olar. Amma onun daha maraqlı məşğuliyyəti də var – qazandığı pulları xərcləmək.

Anar Məmmədov türk müğənni xanımlarını çox sevir

Elə buna görə də məhz Anar Məmmədovun bir neçə türk xanım müğənnilərinə qızıl mikrofon, brilyant qaşlı bəzək əşyaları bağışladığı deyilirdi. Haradasa atasının dostu Telman İsmayılovun xarakteri onun da xoşuna gəlmişdi və acından köpük qusan sadə vətəndaşlara önəm verməyən oliqarx oğlu istəkli müğənnilərinə yüz min dollarlıq hədiyyələr verməkdədir. Azərbaycan televiziyalarında bir körpənin əməliyyat olunmasa öləcəyi elanlarını yəqin ki, çox oxuyubsunuz və bunu da eşidibsiniz ki, bir körpənin həyatını xilas etmək üçün cəmi-cümlətanı 5-10 min manat lazım olur. Amma bu pulun ödənilməsi haqqında yəqin ki, heç kəs heç nə eşitməyib.
Anar Məmmədov isə Türkiyə telekanallarında verilən belə elanda aktivlik göstərərək səxavət əlini açmış və Fələstin qaçqınlarına yardım etmişdi. Çünki burası Türkiyə idi və orda reklam olunmaq daha vacibdir.

Nazir oğlunun Türkiyə sevgisinin səbəbləri…

Çoxları düşünəcək ki, Anar Məmmədovun Türkiyəyə sevgisi millətçiliyi, türkçülük prinsiplərinə hörmətlə yanaşması ilə bağlıdır. Amma onun ümumiyyətlə ideologiyanın nə olmasından yəqin ki, xəbəri də yoxdur. Onu cəlb edən Türkiyə isə xanım müğənnilər səviyyəsindən o yana keçmir. Anar Məmmədovun sevdiyi Türkiyə hədiyyələr bağışladığı xanım müğənnilərin gözləri, başqa şeylərdir.
Anar Məmmədov vaxt tapdıqca Türkiyədən Azərbaycana tanınmış aktyorları və müğənniləri də dəvət edir. Belə dəvətlərdən birini də türk iş adamı və prodüser Kemal Cenk İçten vasitəsilə Azərbaycanda qəhrəmana çevrilən Polad Alemdar rolunun ifaçısı Necati Şaşmaza göndərir. Ciddi pul qarşılığında Azərbaycana gələn Polad Alemdar sonda kömək üçün az qalır Böyük İsgəndərə yalvarsın. O, başa düşür ki, Anar Məmmədov Böyük İsgəndərdən qat-qat böyükdür və Türkiyənin gizli hökuməti Anar Məmmədovun bir cibi qədərdir. O biri cibini və atasının cibini belə nəzərə almasan.
Deməli, məclis təşkil olunur, yeyib-içmək, rəqqasələr, yaraşıqlı və açıq-saçıq xanımların əhatəsində Polad Alemdar ağlını itirir. Birdən Anar Məmmədovun əmri eşidilir:

– Polad Alemdar, dur oyna!

– Bən oynaya bilməm.

– Ayə, mənə nə dəxli, deyirəm oyna, «znaçit» oynamalısan.

– Əfəndim, bən bacarmam.

– Ə, pulunu vermişəm?

– Əvət, əfəndim.

– Onda oyna!

Bir sözlə, neçə ildi ki, yəhudi masonlarının qarşısında, Böyük İsgəndərin önündə sınmayan Polad Alemdar Anar Məmmədovun qabağında sınır. Və bu proses videoya çəkilib indi şəhərdə əl-əl gəzir. Hər kəs Anar Məmmədovun qəhrəmanlığından danışır…

Anar Məmmədovun Hadisə eşqi

Anar Məmmədov Polad Alemdarı sındırandan sonra növbəti hədəfini müəyyənləşdirir. Ağlasığmaz pullar qarşılığında «Eurovision» yarışmasının Türkiyə təmsilçisi Hadisəni öz qrupu ilə birlikdə Bakıya gətirdir. Anar Məmmədovun hər sözünə dimdik duran Hadisə işin sonuna yaxın «düm tək-tək» demək istəmir. Hadisənin dediyinə, sonra təkzib etdiyinə görə, Anar müəllim Hadisəyə bir yerdə olmağı və orada hadisə yaratmağı təklif edir. Gələcək ərinin yanında çıxılmaz vəziyyətə düşən Hadisə Anar Məmmədova nə qədər yalvarsa da xeyri olmur. Nəticədə Hadisə aradan çıxır və Türkiyəyə çatan kimi ona «düm tək-tək» dedirdib lüm-lüt etmək istəyən nazir oğlundan danışır. Bu isə Anar Məmmədov üçün çox ciddi «ÇP» sayıla bilərdi. Buna görə əks həmlələr başlayır.
Aldığımız məlumata görə, bu işə bir neçə türk müğənnisi və Türkiyədən Azərbaycana müğənni daşıyan «prodakşın»lardan birinin rəhbərliyi qarışır. Nəticədə Hadisə dediklərini «tək-tək» təkzib edir. Bir tərəfdən deyilir ki, Hadisə də Polad Alemdar kimi sındırılıb, bu biri tərəfdən isə deyilir ki, Hadisəyə ürəyi istədiyi qədər pul verilib və o, susub. Hər halda, bunun düzgününü Anar Məmmədovla Hadisə daha yaxşı bilər.
Bax, beləcə oliqarxlardan birinin, Ziya Məmmədovun oğlunun nələr etdiyini bildiniz. Bunu da bildiniz ki, bir müğənninin Azərbaycana gəlməsi 100-120 min manata başa gəlir. Bu pul isə Azərbaycanda ən azı on ailənin ömürlük çörəkpulu deməkdir.
Beləcə, millətin bir başında acından mədələr dum-dum edir, bu biri başında yüz minin müqabilində Hadisələr Anar Məmmədovların imkanları hesabına «düm-düm tək» deyir. Bunu isə hamı görür. Hətta bunu görüb ölçü götürməli olan orqanlar da… Nə isə, növbəti araşdırmamızı gözləyin.
Redaksiyadan: Biz «Poliqon» İnformasiya Agentliyinin pia.az saytında yerləşdirdiyi bu yazını orada heç bir dəyişiklik etmədən, yəni olduğu kimi dərc edirik – Hadisənin məşhur mahnısının adından başqa ()Mahnnın adı “düm-düm tək” yox, “düm tək-tək”dir).