Rasim Əkbərov
Rasim Əkbərov

“Qanunsuz silahlı birləşmə yaratmaq fikrimiz yoxdur”
Rasim Əkbərov: “Məqsədimiz vətənpərvərlik ruhunu qaldırmaqdır; Qarabağ Azadlıq Ordusunu Milli Ordunun ehtiyat hissəsi kimi yaratmaq istəyirik”

 

Bir müddət öncə Azərbaycanın Milli Qəhrəmanı Rasim Əkbərovun Qarabağ Azadlıq Ordusu yaratması barədə məlumat vermişdik. Bu barədə qəzetimizə məlumatı R. Əkbərov özü vermişdi. O, müxbirimizə verdiyi açıqlamasında yaradılan təşkilatın partizan dəstəsi olduğunu bildirmiş, amma ətraflı məlumat verməkdən imtina etmişdi.

Goranboy rayonunda olan mənbələrimiz isə I Qarabağ müharibəsi iştirakçılarının, peşəkar hərbçilərin artıq R.Əkbərovun ətrafına toplaşdığını bildirmişdi. Bu məlumat qəzetimizdə dərc ediləndən sonra R.Əkbərovun yaxınları məlumatı təkzib edib.
Məsələni dəqiqləşdirmək məqsədilə R.Əkbərovla görüşmək qərarına gəldik.

***

Goranboyda hamı R.Əkbərovu “komandir” adlandırır. O, bu adı Qarabağ döyüşlərində göstərdiyi fədakarlığa görə qazanıb. R.Əkbərovun həbsdə olması, səhhətində ciddi problemlərin yaranması belə onu “komandir” adından məhrum etməyib. R.Əkbərov goranboylular üçün “komandir” olaraq qalıb. Goranboyda komandiri tapmaq bizim üçün çətin olmadı. Onunla bağ sahəsində görüşdük və dərhal mətləbə keçdik. R.Əkbərov öncə təşkilatın yaradılmasının zəruriliyindən danışdı:

– Qarabağ Azadlıq Ordusu adlı təşkilatın yaradılması ideyası keçmiş döyüşçülərə məxsusdur. Səhhətimdə yaranan problemlərlə bağlı bu ideyanı uzun müddət həyata keçirə bilmirdik. İndi Allaha şükür ki, səhhətim nisbətən düzəlib. Təşkilatın yaradılmasına qərar vermişik. Bildiyiniz kimi, qarşıdan Qarabağla bağlı danışıqların növbəti, bəlkə də həlledici mərhələsi gəlir. Belə bir məqamda vətənpərvər insanlar Azərbaycanının və ölkə rəhbərliyinin beynəlxalq güclər qarşısında tək qalmasına biganə yanaşa bilməz. Mənə müraciət edən insanlar prezident İlham Əliyevə bacardığımız köməyi etmək istədiklərini bildirdilər. Bütün dünya, xüsusən də Azərbaycana təzyiq etmək istəyən dövlətlər bilməlidir ki, prezident İlham Əliyevə xalq və keçmiş döyüşçülər dəstək verir.

– Sizin partizan müharibəsinə başlamaq barədə dedikləriniz cəmiyyət arasında geniş rezonansa səbəb olub…

– Burada bir qədər anlaşılmazlıq olub. Əvvəla, Azərbaycanda formalaşmış dövlət var. Bu dövlətin mərkəzləşdirilmiş qaydada silahlı qüvvələri var. Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, Daxili Qoşunlar və digər qoşun növləri var. Prezident İlham Əliyev həm də Ali Baş Komandandır. Azərbaycanda partizan dəstələri, könüllü batalyonlar müstəqil dövlətimiz formalaşmazdan əvvəl olub. Bu dəstələr arasında rabitənin olmaması, vahid komandalığa tabe olmamaları son nəticədə ağır məğlubiyyətlərə səbəb oldu. Hazırda dövlətin nəzarətindən kənarda hərbi birləşmənin yaradılmasına ehtiyac yoxdur. Bu baxımdan qanunsuz silahlı birləşmə yaratmaq fikrimiz yoxdur. Məqsədimiz hərbi vətənpərvərlik ruhunu qaldırmaqdır. Təşkilatımızın müxtəlif qollardan ibarət olması nəzərdə tutulub. Burada gənclərə hərbi biliklərin aşılanması, müdafiə və hücumun təşkilinin nəzəri cəhətdən öyrədilməsi nəzərdə tutulub. Eyni zamanda qarşımıza Qarabağda partizan hərəkatının əsaslarını hazırlamaq məqsədini qoymuşuq. Bu məqsəd real şəkildə partizan hərəkatına başlamaq anlamında qəbul edilməməlidir. Biz peşəkar hərbçilər və döyüşçülər partizan hərəkatının metodlarının hazırlanmasına səy göstərəcəyik. Qarabağ Azadlıq Ordusunu Milli Ordunun ehtiyat hissəsi kimi yaratmaq istəyirik. Bu tipli qurumlar dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş demokratik ölkələrdə də var. Biz gəncləri döyüşə hazır vəziyyətdə saxlamağa səy göstərəcəyik. Əgər sabah prezident İlham Əliyev döyüş əmri versə, Qarabağ Azadlıq Ordusu Milli Ordunun avanqard hissəsinə çevriləcək. Bir daha deyirəm ki, qanunsuz silahlı dəstə yaratmırıq. Təşkilatımız Azərbaycan Konstitusiyası çərçivəsində yaradılacaq. Lazımı sənədləri  hazırlayıb Ədliyyə Nazirliyinə təqdim edəcəyik.

– Hər halda, yüzlərlə insan redaksiyamıza müraciət edərək Qarabağ Azadlıq Ordusuna qoşulmaq istəyini bildirib.

– Belə müraciətlər mənə də olunub. Bu hal bir daha onu sübut edir ki, Azərbaycan xalqının döyüş əzmini qırmaq mümkün olmayıb. Gənclər və keçmiş döyüşçülər vətən naminə silaha sarılmağa hazırdır. Bu faktı bütün dünya nəzərə almalıdır.

***

Rasim Əkbərovla qısa müsahibəni yekunlaşdırdıqdan sonra bağa komandirin atası Ağa dayı gəldi. Ağa dayı narahatlıqla bizə məsələnin düzgün başa düşülmədiyini söylədi: “Rasim döyüşlərdə 36 dəfə yaralanıb. Kontuziya alıb. Səhhətində problemlər var. Qarabağ məsələsi onun ən ağrılı yeridir. Bəzi hallarda həyəcanından fikirlərini düzgün ifadə edə bilmir. Rasim partizan müharibəsinə başlamır və səhhəti belə işə imkan vermir”.
Goranboyda olarkən onu da öyrəndik ki, R.Əkbərovun açıqlamalarından sonra Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsi və polis hərəkətə keçib. Həmin qurumların nümayəndələri R.Əkbərovla görüşüb. Həmin dövrdə R.Əkbərov dağda istirahət edirmiş. MTN və polisin təkidi ilə R.Əkbərov istirahətini yarımçıq qoymalı olub və rayon mərkəzinə qayıdıb.
Onu da deyək ki, R.Əkbərovun bəyanatı erməniləri də həyəcanlandırıb. Məlumata görə, ermənilər Goranboy istiqamətində döyüş mövqelərini möhkəmləndiriblər və əraziyə əlavə qüvvələr yerləşdiriblər.
Sonda “Yeni Müsavat” qəzeti olaraq bir daha bildiririk ki, R.Əkbərovun açıqlamalarını olduğu kimi dərc etmişik.

Əfqan MUXTARLI, Bakı-Goranboy-Bakı