Boz Qarğa
Boz Qarğa

Görəsən, bu, nəyə işarədir?

Paytaxtda qarğa sıxlığı müşahidə olunur. Əvvəllər qarğanı yalnız payızın sonu və qış bitənə qədər görmək mümkün olurdusa, indi bu məsələ bir qədər də sadələşib. Nəzərə alsaq ki, yay fəslidir, ətrafda qarğaların qarıltısı təəccüb doğurur. Hətta belə bir deyim da var ki, qarğa qarıldayanda qar yağır.

Qeyd edim ki, paytaxtda məskən salan boz qarğadır. El arasında bunlara ala qarğa da deyirlər. Şəhərin birdən-birə qarğaların məskəninə çevrilməsi məşhur bir filmi də yada salır. Şəhər qarğaların hücumuna məruz qalır və nəticədə əhali şəhəri tərk edir. Məqsədimiz paytaxt sakinlərini təşvişə salmaq deyil. Sadəcə qarğaların hardan və niyə gəlməsini öyrənməkdir. Məlumat üçün deyim ki, qarğanın 8 növü var. Onlardan yalnız biri yəni boz qarğa yırtıcı quş hesab olunur. Çünki, digər canlılarla qidalanır ki, bu xüsusiyyət qarğakimlər fəsiləsinin digər 7 növündə yoxdur. Boz qarğanın qanadları və dimdiyindən savayı hər tərəfi boz rəngdədir. Dimdiyi isə qarmaqvari olub qartal dimdiyini xatırladır.

İlk namizədlik dissertasiyası qarğalar haqda olan biologiya elmləri doktoru, professor Qara Mustafayev deyir ki, Bakıda həmişə qarğa olub. Amma qışda. XX əsrin sonlarında isə Bakıdan həm də boz qarğa balasının səsi gəldi. Professor deyir o vaxt həyəcan təbili çalındı, amma məsələyə reaksiya verən olmadı: “1998-ci ildə Bakıda 1 cüt qarğa yuva qurub, 1999-cu ildə 3 yuvası olub, 2000-ci ildə Təhsil cəmiyyətinin “Bilgi” jurnalında Qara müəllim bir məqalə yazdı. Məqalədə beləydi ki, Bakıya qarğa hücumu başlandı. Bax onda gərək Bakının müqəddəratını həll edən qurumlar bununla maraqlanaydı”.

Qara Mustafayev deyir ala qarğa əvvəllər buralara qışda baş çəkər, nəsil artırma dövründə isə digər məkanlarda olardı. Aprel ayından avqustun sonlarına qədər nəsil vermək qabiliyyətinə malik olan nəsil verən, yuva tikən boz qarğanın hazırda Bakıda sayı 100 cütə çatıb.

Onu da deyim ki, boz qarğa təbiətdə sanitar rolunu oynasa da, şəhər təbiəti üçün zərərli hesab olunur. Hər halda oriontoloqlar belə deyir: “Boz qarğa bakılı pasportu aldı, onun şəhər üçün ziyanı odur ki, şəhərin estetik gözəlliyinə xidmət edən quşların yuvasını dağıdır, balalarını yeyir, onları nəsil artırmağa qoymur”.

Boz qarğanı paytaxta gətirən bir çox amillər var. Belə ki, yeni yaşayış massivlərinin salınması, yaşıllıqların, xüsusən də hündür ağacların sayının çoxalması, zibilliklərin artması və s. bu kimi amillər qarğanın özünü bu məkanda rahat hiss etməsinə əlverişli şərait yaradır.

Oriontoloq İlyas Babayev deyir ki, qarğa təbii şəraitdə kollarda yuva qurur, amma mədəni şəraitdə yüksəkdə elektrik dirəklərində yuva qurur. Həyat tərzinə görə yırtıcı quşdur, əgər sayı çoxalarsa, zərər verə bilər.

Qara Mustafayevin sözlərinə görə, boz qarğa problemi təkcə paytaxt Bakıda deyil. Uzun illərdir ki, inkişaf etmiş Avropa ölkələri də onunla mübarizədə acizdir. Hətta bir müddət Moskvada onun yuvası yanğınsöndürən maşınların su borusu vasitəsilə dağıdılırdı ki, bu üsul da sonradan əlverişli hesab olunmadı. Çünki, yuva sökülən zaman içərisində olan balaca qarğa balaları və yumurtalar ətrafa səpələnirdi ki, bu da bioloji etikaya zidd idi. Q, Mustafayev hesab edir ki, bu quşdan yaxa qurtarmaq üçün gərək onun yem bazası məhv edilsin.

Oriontoloq boz qarğanın insanların sağlamlığına deyil, ovqatına təsir etdiyini deyir. Onun sözlərinə görə vaxtsız-vədəsiz çığırğan quş sayılan boz qarğanın səsi hamıda ikrah doğurur. Aqressiv quş olan boz qarğa ətrafda digər quşların hərəkət etməsinə imkan vermir. Oriontoloqların sözlərinə görə, 1 cüt boz qarğa özünə məxsus geniş ərazi seçir və bu ərazinin idarəedicisinə çevrilir.

Ekologiya və Təbii Sərəvətlər Nazirliyində isə quş ovuna qoyulan mövcud qadağalara görə bu növün artıdığını deyirlər. Ekologiya və Təbiəti Mühafizə Siyasəti Şöbəsinin sektor müdiri Sədaqət Məmmədova alimlərin apardığı müşahidələr nəticəsində boz qarğanın sayının artması öz təsdiqini taparsa, müvafiq tədbirlər görüləcəyini bildirdi.

“Bütün alimlərlə birgə müşahidələr müzakirə olunmalıdır. Ondan sonra koordinasiya şurası bu quşların qarşısının alınması üçün tədbirlər görə bilər. Amma əvvəl dəqiqləşdirmək lazımdır ki, bunlar əsasən hansı bölgələrdə daha çoxdur”.

Aidiyyatı qurumlar məsələyə əncam çəkənə qədər, gəlin, boz qarğanın şəhərimizdə artmasına imkan verməyək. Demirəm tutub öldürək. Sadəcə işimizi ehtiyatlı və səliqəli tutaq. Yəni ən azı yediyimiz qida qalıqlarını ətrafa səpələməyib lazımi ünvanına atsaq, mübarizə yollarını bir qədər asanlaşdırmış olarıq”. /ANS TV/