Kosmik Peyk
Kosmik Peyk

RİTN keçirdiyi tenderin nəticəsini elan etdi

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 04 noyabr tarixli 27 nömrəli sərəncamına müvafiq olaraq, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması işlərinin satınalınması üçün “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi tərəfindən cari ilin yanvar ayında tender elan edilmişdi.

RİTN-in mətbuat xidmətinə istinadən xəbərə görə, tenderdə Fransanın “ThalesAlenia Space” və “EADS/Astrium”, ABŞ-ın “Space Systems/Loral İnc. və “Orbital Sciences Corporation” şirkətləri, Yaponiya və Rusiyanın “Sumitomo Corporation” və “İSS Reşetnev” konsorsiumu iştirak ediblər.

İddiaçılara təqdim olunan Əsas Şərtlər Toplusuna uyğun verilən təkliflər Tender komissiyası və əlavə cəlb edilən xarici ekspertlər tərəfindən təkliflərin Əsas Şərtlər Toplusuna uyğunluğu, avadanlığın keyfiyyəti və dayanıqlılığı, peykin yaşama müddəti, son texnoloji yeniliklərin tətbiqi, təklifin qiyməti və sairə əsas şərtlər nəzərə alınmaqla müqayisə edilərək, qiymətləndirilib. Qiymətləndirmə komissiyanın hüquqi, texniki və maliyyə qrupları tərəfindən aparılıb.

Tender komissiyası tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında ABŞ-ın “Orbital Sciences Corporation” şirkətinə birinci, ABŞ-ın “Space Systems/Loral İnc.” şirkətinə ikinci, Fransanın “ThalesAlenia Space” şirkətinə üçüncü yer verilməsi barədə qərar qəbul edib. // T.İsmayılov, QayNar