İldırım Məmmədli
İldırım Məmmədli

Hərbi ekspert İldırım Məmmədli hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məqsədlə yaradılıb 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin növbəti birgə hərbi təlimləri gələn il Ermənistanda keçirilə bilər. Bunun üçün bizə düşmən olan tərəfin sadəcə öz istəyini və hazır olduğunu bildirməyi kifayətdir. ANS PRESS-in Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, təşkilatın baş katibi Nikolay Bordyuja qeyd edib ki, gələn il keçiriləcək birgə hərbi təlimlər zamanı yeni bir saziş imzalana bilər. Belə ki, bu quruma üzv olan hər hansısa bir dövlətə qarşı hərbi təhlükə yaranarsa, KTMT-yə üzv olan dövlətlər həmin dövlətə qarşı birgə hücuma keçə bilər.

Xatırladaq ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir. Azərbaycan uzun illərdir ki, bu qurumun üzvü olan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb və torpaqlarımızın 20 faizi həmin dövlət tərəfindən işğal edilib. Bunu nəzərə alaraq ANS PRESS bu məsələ ilə bağlı Hərbi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik, hərbi ekspert İldırım Məmmədovun münasibətini öyrəndi. Ekspertin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ümumi büdcəsi 100 milyard dollardır, amma NATO-nun büdcəsi 900 milyard dollar təşkil edir. “Bu baxımdan məlum olur ki, bu qurum sadəcə uçota alınaraq silahlandırılmış və NATO-ya qarşı yaradılmış bir qurumdur. Təbii ki, bu qurum elə də böyük imicə malik deyil», – deyə o vurğulayıb.

İ.Məmmədlinin fikrincə, Rusiya bu qurumu yaratmaqda Sovet neoimperiya rejimini yenidən bərpa etmək məqsədi güdür: «Amma onlarda heç nə alınmayacaq. Çünki ABŞ da yatmayıb və Orta Asiyada öz gücünü möhkəmləndirir. Qırğızıstanın «Manas» hava limanında dünyanın ən böyük hərbi bazalarından birini yerləşdirib. Belarus isə artıq NATO-ya yaxınlaşmaqla bağlı müxtəlif sənədlər imzalayıb».

Lakin ehtiyatda olan polkovnik eyni zamanda düşünür ki, bütün bunlara baxmayaraq Azərbaycan hökuməti də “əl-qolunu” bağlamamalıdır: «Biz də NATO-ya doğru irəliləməliyik. Ordumuz müasir silahlar almalıdır, dünya və NATO standartlarına uyğunlaşdırmalıdır».

Hərbi ekspert son günlər Türkiyə hərbçilərinin ölkəmizə gəlişinin də məhz bununla bağlı olduğunu düşünür: «Azərbaycanın bir çıxış yolu var. O da NATO-ya doğru istiqamət götürməkdir. Bu gün Azərbaycan ordusundakı vəziyyət də buna imkan verir. Əks halda vəziyyətimiz lap çətinləşə bilər», – deyə İ.Məmmədli vurğulayıb.

Aqşin Rafiqoğlu/ANS PRESS/