Güllü Hüseynova
Güllü Hüseynova

«İmkanımız olmadığından, repetitorlarla hazırlığı buraxmağa məcbur oldum»
«İkinci qrupa sənəd vermişdim. Cəmi 200 bal topladım. Birinci mərhələdən keçmədiyimi bilən gündən özümə yer tapa bilmirəm. Oxumaq istəyirdim, alınmadı. Özümü çox çarəsiz hiss etdim, buna görə dərman içdim»,- deyə on yeddi yaşlı paytaxt sakini Güllü Hüseynova nəyə görə intihar etdiyini anlatmağa başladı. Avqustun 5-də ali məktəblərə daxil olanların siyahısı açıqlanan gün zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə çatdırılan G.Hüseynovanın xoşbəxtlikdən həyatını xilas etmək mümkün olub. Ali məktəbə daxil ola bilməyən abituriyent həkimlərə iki qutu yüksək dozalı dərman qəbul etdiyini bildirib.

Artıq evə buraxılan G.Hüseynova deyir ki, xəstəxanaya valideynləri tərəfindən vaxtında çatdırıldığından, həyatını xilas etmək mümkün olub. Onun sözlərinə görə, dünəndən olanlar barədə fikirləşir və etdiklərinə görə çox peşmandır. «Keçən il bir neçə ay müəllim yanına hazırlığa getdim. Sonra imkanımız olmadığından, hazırlığı buraxmağa məcbur oldum. Özüm hazırlaşdım. İndi fikirləşirəm, yəqin texnikuma sənəd verərəm»,- deyən G.Hüseynova anasının onun xəstəxanaya düşməsindən üzüldüyünü bildirdi və bir də anasını üzməyəcəyini vurğuladı.

Röya Rəfiyeva /ANS PRESS/