Vahid Əhmədov
Vahid Əhmədov

Bu sensasion açıqlamanı millət vəkili Vahid Əhmədov verib

 

“Mən hələ 1997-ci ildə demişdim ki, vaxt gələcək erməni problemi kürd probleminin yanında yalan olacaq”

Azərbaycanda kürd problemilə bağlı mətbuatda, xüsusilə müstəqil qəzetlərdə dəfələrlə yazılıb. Kürdlərin ölkəyə axını, hakimiyyət daxilində kürd qruplaşmaların at oynatması və s. müstəqil mətbuatın vaxtaşırı toxunduğu məsələ olub.
Artıq kürd problemi o səviyyəyə çatıb ki, hakimiyyətə yaxın deputatlar da bu məsələ ilə bağlı narahatlıqlarını ifadə etməyə başlayıblar. Elə dünən Vətəndaş Həmrəyliyi Partiyası və Norveçdə fəaliyyət göstərən Qüzey-Güney Azərbaycan Siyasi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Ambasador otelində “Dağlıq Qarabağ probleminin həllində siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” mövzusunda keçirilən elmi-praktiki konfransda deputat Vahid Əhmədov kürd problemindən danışıb. Deputat bildirib ki, indi Azərbaycanda kürd məsələsilə bağlı çox ciddi proseslər gedir. “Mən hələ 1997-ci ildə demişdim ki, vaxt gələcək, Azərbaycanda erməni məsələsi kürd məsələsinin yanında yalan olacaq. Indi bu proses gedir, sadəcə biz hələ hiss eləmirik. Amma nə vaxtsa hiss edəcəyik, necə ki, indi Türkiyə bunu hiss edir”,- deyə Vahid Əhmədov bildirib. Bu fikirlərin ardınca deputat əlavə edib ki, Azərbaycandakı kürd qruplaşmaları ordunu ələ keçirmək istəyir: “Azərbaycan ordusunun başında türk oğlu türk dayanır. Ona görə də qara qüvvələr ordunu ələ keçirməyə çalışır. Amma inanmıram ki, dövlət başçısı belə şeyə yol versin”.
Vahid Əmədovun bu açıqlaması hakimiyyət daxilində kifayət qədər ciddi proseslərin getdiyindən xəbər verir. Güman etmək olar ki, artıq iqtidar daxilində qruplararası mübarizə etnik müstəviyə keçib. Hakimiyyət daxilində kürd qruplaşması təsir imkanlarını artırmaq üçün səfərbər olublar və vəziyyət o qədər pisdir ki, hətta Ilham Əliyevin onlara güzəştə getməsi gözləniləndir. Hər halda Vahid Əhmədovun net olaraq deyil, bir qədər inamsız şəkildə “Inanmıram ki, Ilham Əliyev belə şeylərə yol versin” fikri belə deməyə əsas verir. Əgər deputat dövlət başçısının heç bir halda kürd qruplaşmasının maraqlarına cavab verən addım atmayacağından əmin olsaydı yəqin ki, fikrini “Ilham Əliyev heç vaxt belə şeylərə yol verməz” şəklində ifadə edərdi. Vahid Əhmədov deputatdır və uzun illərdir ki, siyasi fəaliyyətlə məşğuldur, hansı fikri necə deməyi çox yaxşı bilir.
Bəs niyə Vahid Əhmədov Ilham Əliyevdən arxayın deyil? Cavab aydındır: Hakimiyyətdəki kürd qruplaşmasının dövlət başçısına təsir imkanları daha çoxdur. Bir sıra məsələlərdə Ilham Əliyev onlara güzəştə getməyə məcbur olub. Götürək elə sabiq deputat Hüseyn Abdullayevin “vurulmasını”. Sirr deyil ki, Hüseyn Abdullayev deputat həmkarı Fəzail Ağamalını şapalaqladığına görə cəzalandırılmayıb. Sabiq deputat məhz kürd qruplaşmasına qarşı apardığı mübarizənin qurbanı olub. Hüseyn Abdullayev artıq doğma yurdu Naxçıvanın kürdlər tərəfindən zəbt olunmasını görüb, elə oradaca “Oğuz eli” təşkilatını təsis etdi. Bu təşkilatın hədəfi Naxçıvanı  kürdlərdən xilas etmək idi. Amma deputat məqsədinə çata bilmədi. Qısa müddət ərzində hakimiyyətdəki kürd qruplaşması Heydər Əliyevin “oğlum” dediyi şəxsin həbsinə, deputat mandatından məhrum edilməsinə nail oldu. Bu məsələdə Ilham Əliyev atasının və onun hakimiyyətə gəlməsi yolunda xeyli iş görmüş Hüseyn Abdullayevə deyil, kürd qruplaşmasına dəstək verdi. Bütün bunları Vahid Əhmədov da bilməmiş deyil.
Bu baxımdan da Ilham Əliyev barədə o qədər də əmin danışa bilmir.
Deputatın bu açıqlamasını həm də müdafiə naziri Səfər Əbiyevin ictimaiyyətə mesajı kimi dəyərləndirmək olar. Söhbət ondan gedir ki, Vahid Əhmədovla Səfər Əbiyev həmyerlidir, hətta onların arasında qohumluq əlaqələrinin olduğu bildirilir. Elə bu baxımdan da deputat həmişə Səfər Əbiyevi müdafiə edib. Indi də müdafiə naziri deputatın dililə Azərbaycan ordusuna ciddi təhlükə yarandığını ictimaiyyətə çatdırmaq istəyir. Hər halda, ictimaiyyət Vahid Əhmədovun açıqlamasına ciddi yanaşmalı və Azərbaycan ordusunu həm hakimiyyətdəki kürd qruplaşmalarından, həm də Səfər Əbiyevin harınlamış generallarından qorumalıdır.
Seyid / www.azadliq.az