Sel
Sel

Sel yolları sıradan çıxarıb, mal-qaranı tələf edib


Bu gün Ağstğafada güclü yağışların yaratdığı sel rayon mərkəzi və Dağkəsəmən kəndinə ciddi ziyan vurub. Sel yolları sıradan çıxarıb, mal-qaranı tələf edib. Evlər su altında qalıb. Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, Dağkəsəmən kəndində 62 yaşlı qadın su axınında boğulub, 2 nəfər isə ağır xəsarət alıb.

Hazırda dəyən zərərin miqyası dəqiqləşdirilir.

APA-nın məlumatına görə, hadisə nəticəsində həlak olan şəs Dağ Kəsəmən kənd sakini Suğra Mehralı qızı Yusifovadır. Onu öz həyətlərindən sel aparıb. Onun meyiti Qazax rayonu ərazisində tapılıb. Həmin kəndin daha iki sakini, Murad Vasif oğlu Ərəbov və Vasil Elviz oğlu Ərəbov isə sel nəticəsində uçan ev çardağının altında qalaraq ağır yaralanıblar.

Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tovuz rayon İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata görə, bu rayonda leysan yağışlar və daşqın kənd təsərrüfatına ciddi ziyan vurub.

Vüsalə Cənnətova / www.lent.az