İçərişəhər
İçərişəhər

Zəngin tarixə və mədəniyyətə malik İçərişəhər, onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar saray-kompleksi, məscidlər, Karvansara, Bazar Meydanı və s. kimi abidələri öz unikallığı ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur. Təəssüflər olsun ki, İçərişəhəri daş-daş, pillə-pillə sökərək xalqı Azərbaycan tarixinin ən gizli qatlarını özündə yaşadan mətləbləri bilməkdən məhrum etməyə çalışıblar.
Prezident İlham Əliyevin 2005-ci il 10 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə təsdiq edilib. 2006-cı ilin avqust ayında verilən daha bir sərəncamla müvafiq orqanlara Bakı şəhərindəki tarix-memarlıq abidələrinin təmiri, xarici görünüşünün bərpası, abadlaşdırılması və xüsusi işıqlandırılması üçün zəruri işlərin görülməsi, o cümlədən İçərişəhərin bərpası və qorunub-saxlanması üzrə dövlət proqramının hazırlanması tapşırılıb. Nəhayət, İçərişəhərə yeni status verilməsi, onun Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq Azərbaycan Respublikası Prezidentinin 629 saylı fərmanı ilə Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə verilməsi nəticəsində ərazidə aparılan tikinti işləri dayandırıldı.
Son bir ayda İçərişəhərdə Bazar Meydanı fəaliyyət göstərir. Bazarın təşkil edilməsində əsas məqsəd Azərbaycan mədəniyyətini ölkəmizə gələn xarici qonaqlara göstərməkdir. Burada hər bazar günü saat 16:00-dan 20:00-a qədər bazar təşkil edilir. Bazarda əl işləri, tarixi əşyalar, müxtəlif bəzək əşyaları satılır. Eyni zamanda Azərbaycanın milli yeməkləri bişirilərək satılır. Hətta satılan əşyalara endirimlər də var. Bazarın 16:00-da açılmağına baxmayaraq turistlər açılışa 2 saat öncədən gəlirlər. Bazarda xaricilər çoxluq təşkil edir.
Bazarla, oradakı şəraitlə yaxından tanış olmaq üçün sözügedən ərazidə olduq. Araqçın satan Elvin gələn qonaqlar haqqında bunları dedi: “Xaricilər satılan əşyalara çox maraq göstərirlər. Bizim adi bildiyimiz araqçınlara çox dəyər verirlər. Həm özlərinə, həm də yaxınlarına hədiyyə alıb aparırlar. Araqçınları Şamaxıdan gətiririk. Çox şükür ki, problemsiz satırıq. Müştərilər də çox razı qalırlar”.
Bazarda lal qızın göz oxşayan əl işləri diqqətimizdən yayınmadı. Bu əşyaları 14 yaşlı qız hazırlamışdı. Leylanın danışdıqlarını anası bizə izah edirdi: “Hazırladığımız əşyaları əsasən xarici qonaqlara satırıq. Çünki onlar bu əşyalara dəyər verirlər. Əvvəllər bizə çətin olurdu onları tapıb bu əşyaları təqdim etmək. Ancaq indi təşkil olunan bazar bizə böyük fürsət yaradır. Həm mədəniyyətimizi tanıtmağa, həm də hazırladığımız əşyaları satmağa”.
Bazar Meydanında kababçı işləyən Əhməd turistlərin əsasən kababa üstünlük verdiklərini dedi: “Hətta kabab bişən zaman tüstüsündə dururlar. Onlar bu tüstüdən ləzzət aldıqlarını deyirlər”.
Pakistan vətəndaşı Ahməd Alişah İçərişəhəri İslamabada bənzətdiyini dedi: “Bakının ən çox xoşuma gələn yeri İçərişəhərdi. Son günlər təşkil edilən Bazar Meydanı isə lap yerinə düşüb. Buranın düşündürücü səssizliyi, gözoxşayan mənzərəsi var. Azərbaycanın yeməkləri çox dadlıdır. Badımcan dolmasının isə ləzzəti heç bir yerdə yoxdu. Amma bunu da deyim ki, azərbaycanlılar bir-birlərinə qarşı çox soyuqdurlar”.
Türkan TURAN / musavat.com