Bakı Futbol Klubu
Bakı Futbol Klubu

“Levski” “Bakı”nın qarşısından geri çəkildi; Azərbaycan çempionu Sofiyaya birbaşa çarter reysi ilə uçacaq
Xəbər verildiyi kimi, Bolqarıstanın «Levski» futbol klubu «Bakı» ilə oyundan sonra ölkəmizdə aeroportda müəyyən problemlərlə üzləşmişdi. Həmin vaxt «Levski»nin prezidenti Todor Batkov eyni problemləri «Bakı» üçün də yaradacaqlarını bildirmişdi. Mafioz qüvvələrlə bağlılığı olduğu söylənilən Batkov dediklərini həyata keçirməkdə, deyəsən, israrlıdır. Belə ki, Bolqarıstan tərəfi «Levski» ilə oyuna çarter reysi ilə getməyi planlaşdıran «Bakı»nın təyyarəsini qəbul etməkdən imtina edib.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi də məlumatlandırılıb. Bolqarlar «Bakı» üçün yaratdıqları problemə görə heç bir səbəb göstərməyib. Məsələ ilə bağlı hərəkətə keçən Azərbaycanın Bolqarıstandakı səfiri də prosesə müdaxilə edib.
AFFA rəsmiləri də olaydan məlumatlıdır və bütün imkanlarını səfərbər edib ki, məsələ həll olunsun. AFFA Bolqarıstan Hava Yollarının “Bakı” klubunu Sofiyaya aparan təyyarəni qəbul etməkdən imtina etməsi ilə bağlı beynəlxalq futbol qurumlarını məlumatlandırıb. Bu barədə fanat.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. O bildirib ki, artıq FİFA və UEFA bununla bağlı Bolqarıstan tərəfinə təzyiq göstərərək məsələnin həllinə çalışır.
AFFA-nın baş katibi Elxan Məmmədov da Bolqarıstan Hava Yollarının “Bakı”nı Sofiyaya aparacaq təyyarəni qəbul etməkdən imtinasından sonra yaranan problemin qısa zamanda həll olunacağına inanır. Baş katib azerisport.com saytına bildirib ki, problem bu gün yoluna qoyulacaq: “Mən fikirləşmirəm ki, narahat olmağa əsas var. Problem ən qısa zamanda həll olunacaq”.
Azərbaycan tərəfinin bu problemi həll etmək üçün göstərdiyi səylər dünən öz nəticəsini verib. “Bakı”nı Sofiyaya aparacaq təyyarə ətrafında yaranan problemə avqustun 2-nə keçən gecə son qoyulub. qol.az-ın məlumatına görə, Azərbaycan çempionunu Bakıdan çarter reysi ilə birbaşa Bolqarıstan paytaxtına aparacaq təyyarənin məhz Sofiyaya enməsinə qarşı çıxan bolqarlar sonda öz istəklərindən əl çəkiblər. Gün ərzində aparılan danışıqlar axşam saatlarında komandamız üçün müsbət sonluqla nəticələnib. Bir sözlə, “Levski” “Bakı”nın qarşısından geri çəkilib. Beləliklə, “Bakı” bu gün saat 13:00-da birbaşa çarter reysi ilə Sofiyaya yola düşəcək.
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov isə klubun rəsmi saytına açıqlamasında “Levski”nin geri çəkilməyə məcbur olduğunu qabardıb. O, baş verən qalmaqalı “Levski”nin və Bolqarıstan mətbuatının stəkanda fırtına yaratmaq cəhdləri kimi dəyərləndirib: “Əslində klublar arasında heç bir problem yoxdur. ”Levski”nin hava limanına gecikməsi və təyyarənin vaxtında havaya qalxmaması bizi kədərləndirdi, çünki onlar bizim qonağımız idi. Ancaq gecə yola çıxmaq onların qərarı idi və bizimlə razılaşdırılmamışdı. Biz Heydər Əliyev adına hava limanının saat 00:00-dan 00:07-dək bağlı olduğunu onların nəzərinə ilk gündən çatdırmışdıq, sonra da gecə saatlarında uçuşların mümkünsüz olduğunu dəfələrlə təkrar etmişik. Bolqarıstan klubunun rəhbərliyi uçuşla bağlı bütün məsələləri özlərinin həll edəcəyini bildirirdi. Uçuşun vaxtında baş tutmamasına gəldikdə isə bu, təyyarənin məxsus olduğu “Bulgarian Air” və ona xidmət göstərən yerli qurumların məsələsidir. Bunun futbola nə dəxli olduğunu başa düşmürük”.
Z.Məmmədov baş verənləri həlledici oyundan əvvəl rəqibin “Bakı”ya psixoloji təzyiq göstərmək cəhdləri kimi də qiymətləndirib: “Görürlər ki, daş qayaya rast gəlib. Onlar da bizim kimi mərhələ keçmək istəyir. Kim güclüdürsə, o da qalib gəlsin. Arzumuz budur ki, ilk oyunda Feliksin ağır zədələnməsi və norveçli referinin buna göz yumması kimi ədalətsiz hallar təkrarlanmayacaq, qarşılaşma hakimin nəzarətində olacaq”.
“Bakı” rəsmisi bu cür qalmaqalların onları qorxutmadığını da vurğulayıb: “Biz ”Bakı” klubu olaraq idman prinsiplərinin aliliyinə və UEFA-nın qərəzsiz müdrikliyinə arxalanırıq. “Bakı” ölkəmizi Avropada layiqli təmsil etmək missiyasını öz üzərinə götürüb, bu yolda bizi heç bir çətinlik qorxutmur. Sofiyada meydana çıxıb öz oyunumuzu oynayacağıq. İnanıram ki, mərhələni keçən tərəf “Bakı” olacaq”.
Qeyd edək ki, “Levski”-“Bakı” oyunu sabah baş tutacaq. Bakıda keçirilən ilk matçda qolsuz bərabərlik (0:0) qeydə alındığından təmsilçilərimizi mərhələ adlamaq üçün qollu heç-heçə də qane edəcək.