BMT
BMT

BMT-nin İnsan Haqları Şurasının iyulun 31-də Cenevrədə keçirilən sessiyasında açıqlanan Azərbaycanla bağlı hesabatda bu yaxınlarda həbsə alınan iki internet yazarı – Emin Milli və Adnan Hacızadənin həbsindən narahatlıq bildirilir. “Azadlıq” radiosunun məlumatına görə, sənəddə deyilir ki, gənclərin hücuma məruz qalması ilə bağlı polisə məlumat vermələrindən sonra niyə həbs edilmələrinə aydınlıq gətirilməyib.

Ümumiyyətlə, komitə jurnalistlərə qarşı xuliqanlıq ittihamlarının irəli sürülməsindən narahatlığını bildirib. Hesabatda Azərbaycanda söz azadlığına qoyulan məhdudiyyətlər, müstəqil qəzetlərin bağlanması, xarici radiostansiyaların FM tezliyindən çıxarılması, jurnalistlərin qətli və döyülməsi haqda xəbərlərdən narahatlıq ifadə olunur.

Komitə Azərbaycan hökumətinə məsləhət görür ki, söz azadlığına qoyulan birbaşa və dolayı məhdudiyyətlərin aradan qaldırılması, jurnalistlərin zorakılıqdan qorunması üçün tədbirlər görsün. Hesabatda o da deyilir ki, hökumət müstəqil mətbuatın fəaliyyəti və radiostansiyaların yerli yayımına heç bir səbəb olmadan məhdudiyyət qoymamalıdır.

Azərbaycan polisi Bakıda gül bayramına etiraz aksiyası keçirməyə cəhd edən gəncləri saxlayır. Sənəddə o da qeyd edilir ki, BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanda istintaq zamanı insanlardan işgəncə yoluyla ifadə alınması, işgəncə ilə alınan ifadələrdən məhkəmələrdə istifadə edilməsi, işgəncə ilə bağlı şikayətlərin araşdırılmaması, polis məntəqələrində ölümlər haqda xəbərlərdən də narahatdır.

Komitə Azərbaycan hökumətinə məsləhət görur ki, hüquq-mühafizə orqanları haqqında şikayətləri araşdırmaq üçün müstəqil orqan yaratsın, günahı olanlar cəzalandırılsın. Bundan başqa, Milli Təhlükəsizlik Nazirliyindəki təcridxana ya bağlanmalı, ya da Ədliyyə Nazirliyinin tabeliyinə verilməlidir.

BMT-nin İnsan Haqları Komitəsi həm də insanların sərbəst toplaşmasına məhdudiyyət qoyulması, dinc nümayişlərin həddən ziyadə zor tətbiq etməklə dağıdılması haqda xəbərlərdən də narahatlıq keçirir. Komitə Azərbaycan hökumətinə məsləhət görür ki, sərbəst toplaşma ilə bağlı qaydaları yenidən nəzərdən keçirsin ki, həmin qaydalar insanların sərbəst toplaşmaq hüquqlarından yararlanmasına şərait yaratsın.

Hesabatda o da deyilir ki, Azərbaycan hökumətinin təmsilçiləri dini azadlıqların məhdudlaşdırılmadığını bildirsələr də, dini icmalar sərbəst fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyə məcbur edilir. Komitə ondan da narahatdır ki, müsəlman icmaları dövlət qeydiyyatından keçməzdən qabaq Qafqaz Müsəlmanları İdarəsindən ilkin razılıq almalıdır: “Amma həmin təşkilatın hansı prinsiplər əsasında müraciətləri qiymətləndirməsi haqda məlumat yoxdur”.
İ.ABBASOV / www.ayna.az