Yaponçik
Yaponçik

80-ə yaxın “vor zakon” ona sui-qəsdlə bağlı Barselonada təcili “sxodka”ya yığışdı
Gürcülərlə 25 ildir davam edən müharibə: avtoritet sağalanda kimlərdən qisas alacaq?

 

İyulun 29-da məruz qaldığı sui-qəsddən sonra ağır yaralanan əfsanəvi kriminal avtoritet, “Yaponçik” ləqəbli Vyaçeslav İvankovu “o dünyadan” qaytarmaq mümkün olub. Rusiya mətbuatı xəbər verir ki, dünən avtoriteti süni tənəffüs aparatından ayırıblar, o, müstəqil şəkildə nəfəs almağa başlayıb. Günün ikinci yarısında isə o, müalicə olunduğu Botkinsk xəstəxanasının reanimasiya şöbəsindən adi palataya köçürülüb.

life.ru saytı xəbər verir ki, qarnından dəyən güllə nəticəsində İvankov çoxlu qan itirib, buna baxmayaraq həkimlər 4 saat davam edən mürəkkəb əməliyyat sayəsində qanaxmanı dayandıra və yaralını ölümdən xilas edə biliblər. Xəstəxanaya aparılanda İvankovun həyatının tükdən asılı olduğu bildirilirdi. O, xəstəxanaya aparılanda həkimlərdən heç kim avtoritetin sağ qalacağına dair proqnoz verə bilməyib. Çünki 69 yaşlı İvankovun aldığı yara çox ciddi olub və xəstəxanaya çatdırılanacan xeyli qan itirib. Ancaq yaşının çox olmasına baxmayaraq İvankov möhkəm orqanizmi və həkimlərin səyi sayəsində ölüm riskini aradan qaldıra bilib. Son məlumata görə, İvankovun təzyiqi qaydasına düşüb və onun huşu özünə gəlib.

Kriminal aləm qazan kimi qaynayır

Xəbər verdiyimiz kimi, İvankov iyulun 29-da Moskvanın Xoroşevsk şosseində “Tayskiy slon” restoranından çıxarkən sui-qəsdə məruz qalıb. Peşəkar killer ona “Draqunov” snayper tüfəngindən atəş açıb. Əfsanəvi “vor zakon”na sui-qəsd Rusiyada və xaricdə geniş rezonansa səbəb olub. Belə ki, “Yaponçik” Rusiya və keçmiş sovet respublikaları ilə yanaşı ABŞ və Avropa ölkələrində də kifayət qədər məşhurdur. Onun haqqında kitablar, yüzlərlə məqalələr yazılıb, filmlər çəkilib.
Rus mətbuatı xəbər verir ki, “Yaponçik” adi palataya köçürülsə də həkimlər hələ də təhlükənin sovuşduğunu deməkdə çətinlik çəkirlər. Buna baxmayaraq əminlik var ki, avtoritetin həyatı üçün təhlükə minimuma enib. Kriminal aləmin nüfuzlu şəxsləri və İvankovun yaxın dostları hazırda onun palatasının qarşısında növbə çəkir. Onu müalicə edən həkimlərdən biri “İnterfaks” agentliyinə bildirib ki, güllə avtoritetin bağırsağını beş yerdən parçalayıb. Bağırsağın zədələnmiş hissəsi bir neçə saat davam edən əməliyyat nəticəsində kəsilib.
Agentlik hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən onu da xəbər verib ki, İspaniyanın Barselona şəhərində kriminal aləmin ən yüksək rütbəli şəxsləri təcili “sxodka”ya yığışıblar. Mənbənin sözlərinə görə, İvankova sui-qəsd təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda da kriminal qruplaşmalar arasında müharibəyə səbəb ola bilər. Barselonadakı toplantıda 80-ə yaxın tanınmış “vor zakon”un qatıldığı bildirilir. Onların əksəriyyəti əslən keçmiş sovet respublikalarından olanlardır.
“İvankova sui-qəsd misli görünməmiş hadisədir. Çünki o, kriminal aləmdə kral hesab olunurdu. Bu səbəbdən həmin sui-qəsdin çoxsaylı kriminal qruplaşmalar arasında əsl müharibəyə səbəb olacağı gözlənilir. Bu cür nümayişkaranə hücum XX əsrin 40-cı illərindən bəri törədilmirdi” – deyə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Xatırladaq ki, bir gün əvvəl də Rusiya xüsusi xidmət orqanlarındakı mənbə İvankova görə qanın su yerinə axacağı haqda xəbərdarlıq etmişdi. Qeyd edək ki, Avropa ölkələrinin bir çoxunda güclü rus mafiyası fəaliyyət göstərir. Bu mafiya əsasən keçmiş sovet respublikalarından olan avtoritetlərin rəhbərliyi altındadır. İvankov özü də son vaxtlar Avropa ölkələrində yaşayırdı və sui-qəsddən az əvvəl hansısa mühüm “razborka” üçün Moskvaya gəlibmiş.

Gürcü mafiyası ilə 25 illik müharibə

“Komsomolskaya pravda” qəzeti isə İvankovla gürcü mafiyası arasında 25 ildir davam edən müharibə haqda yazır. Əsas ehtimallardan biri odur ki, “Yaponçik” məşhur kriminal avtoritetlər – milliyyətcə yezidi kürd olan “Ded Xasan” ləqəbli Aslan Usoyan və gürcü avtoritet, “Tora” ləqəbli Tariel Oniyani arasındakı çəkişmədə birincinin tərəfini tutduğu üçün hədəfə çevrilib. Qəzet yazır ki, İvankova sui-qəsdi hazırda Rusiyanın uzaq İrkutsk şəhərində də geniş müzakirə edirlər. Çünki avtoritet 80-ci illərdə Maqadanda həbsdə olarkən onu Uzaq Şərqdə tanımayan yox idi. Qəzetin yazdığına görə, İrkutskda hesab edirlər ki, İvankova qarşı sui-qəsddə gürcü qruplaşmalarının əli var. Bu da təsadüfi deyil. Çünki İvankov Rusiyada gürcü kriminal qruplaşmalarını zəiflətmək və slavyan qruplaşmalarını gücləndirmək üçün 25 ildir mübarizə aparır.
Bildirilir ki, hər şey 80-ci illərin əvvəllərində ümumittifaq əhəmiyyətli “vor zakon” İvankovun saxlanıldığı Maqadan həbsxanasındakı qiyamdan sonra başlayıb. Həmin qiyama görə İvankovu daha ağır rejimli İrkutsk həbsxanasına köçürüblər. Həmin vaxt Sibirdə hakimiyyəti gürcü əsilli “vor zakon”lar öz əllərində möhkəm saxlayırdı. Ancaq “Yaponçik” gələndən sonra vəziyyət dəyişməyə başlayıb. Uzun illər Rusiyanın Uzaq Şərqində mütəşəkkil cinayətkar qruplaşmalara qarşı mübarizə aparmış istefada olan milis polkovniki Aleksandr Popov öz kitabında yazıb ki, İvankov şəxsən slavyan əsilli avtoritetləri “koronovat” eləməklə onların nüfuz dairəsini genişləndirməyə çalışıb. Bu cəhd gürcü qruplaşmaların sərt müqavimətinə səbəb olub. Nəticədə hər iki tərəfdən ciddi itkilərlə müşayiət olunan müharibə başlayıb. Bu müharibə hələ də davam edir və hər iki tərəfdən öldürülən “vor zakon”ların sayı onlarladır.
Uzaq Şərqdəki kriminal qruplaşmalar qiymətli təbii sərvətlər və meşə ehtiyatları üzərində nəzarəti ələ keçirmək üçün öz adamları vasitəsilə bu sahələrdə işləyən şirkətlərin səhmlərini alıblar. İvankov bu nüfuz bölgüsündə slavyan əsilli qruplaşmaların mövqelərinin güclənməsində böyük rol oynayıb. Ona görə də İrkutskda onu “xalq qəhrəmanı” hesab edirlər. Eyni zamanda çoxları inanır ki, İvankovu gürcü “vor zakon”lar aradan götürmək istəyib. Bu baxımdan İvankovun sağalaraq onlardan qisas alacağına şübhə edən yoxdur.

“Yaponçik”in tacına iddialılar

Rusiya Federal Təhlükəsizlik Xidmətinin adının açıqlanmasını istəməyən əməkdaşı isə deyib ki, “Yaponçik”ə sui-qəsddən sonra kriminal aləmdə vəziyyət mürəkkəb xarakter alıb. Çünki nüfuzlu “vor zakon”lar onsuz da yaxşı vəziyyətdə deyildi və mövqeləri zəifləməklə bərabər sıraları da seyrəlirdi. Son zamanlara qədər kriminal aləmi idarə edən iki böyük klan – “Ded Xasan”ın və “Tora”nın qruplaşmaları dağılmaq üzrədir. T.Oniyani hazırda həbsdədir.
Digər gürcü avtoritet “Laşa Rustavski” isə bu yaxınlarda xaricdən qayıdıb və “Ded Xasan”ı dəstəkləyib. Nəticədə Oniyaninin bir çox tərəfdaşı düşmən tərəfə keçib.
Lakin “Ded Xasan”ın “kruqu” da ciddi itkilər verib. Elə bu yaxınlarda onun qruplaşmasından iki nüfuzlu “vor” – “Skif” ləqəbli Andrey Qolubev və “Alik Soçinski” ləqəbli Alik Minalyan öldürülüblər. Onların hər ikisi klanlar arasındakı “razborka”da məhv edilib. Məlumata görə, “Skif” cinayətkar aləmdə çox nüfuzlu adam hesab olunurdu, ancaq “Yaponçik” onun dəfnində iştirak etməyib. Buna baxmayaraq “Yaponçik”in “Skif”in öldürülməsi ilə bağlı “sxodka”da iştirak etdiyi və hökm çıxardığı bildirilir. Ehtimal olunur ki, ciddi itkilər verən “Ded Xasan” “Yaponçik”ə sui-qəsddən sonra müvəqqəti də olsa ölkəni tərk edəcək. Mənbə deyib ki, əgər İvankov ölsəydi, “Laşa Rustavski” onun tacına əsas iddiaçı hesab oluna bilərdi.
Digər nüfuzlu iddiaçı isə hazırda xaricdə yaşayan “Şakro Molodoy” ləqəbli Zaxar Kalaşov hesab edilir.
Rusiya mətbuatında yer alan versiyalardan biri isə belədir ki, İvankovu bu yaxınlarda hüquq-mühafizə orqanlarının dağıtdığı killerlər bandası aradan götürmək istəyib. Həmin bandanın liderinin “Yaponçik”lə münaqişəsi olduğu bildirilir. Əslən Ryazandan olan banda 90-cı illərin ortalarında Moskvaya yerləşib və sifarişli qətlləri həyata keçirməklə məşğul olub. Bandanın lideri İqor Bulekov iyulun 11-də Moskvada ölü tapılıb. Onun qolunda narkotik qəbulu üçün iynə yeri aşkarlanıb, baxmayaraq ki, Bulekov narkotikdən istifadə etmirmiş. Bildirilir ki, müəmmalı şəraitdə ölən Bulekov son vaxtlar “Yaponçik”in adını tez-tez çəkirmiş. Hələlik hüquq-mühafizə orqanları istintaqı aparmaqda çətinlik çəkirlər, çünki “Yaponçik”in yaxın ətrafı kriminal aləmin qanunlarına uyğun olaraq sui-qəsd məsələsində “poqon”larla əməkdaşlıq etmir.

Fərhad MƏMMƏDOV / www.musavat.com