UNO (UFO)
UNO (UFO)

“UNO-lar hələ ötən əsrin ortalarından Abşeron səmasında görünüblər. 1954-cü ildə Bakının səmasında hətta eyni vaxta üç UNO uçub.”

 

Dünən səhər saat 10.50-də Bakı səmasında yumru ağ ləkə müşahidə olunub. Çox böyük sürətlə hərəkət edən həmin şarabənzər ləkə əvvəlcə cənub-şərq istiqamətə meyllənib, təxminən yarım dəqiqədən sonra isə yönünü dəyişərək şimala tərəf uçub. 2 dəqiqəlik uçuşdan sonra o, əvvəlcə şərq, sonra isə cənub-qərb-şimal istiqamətlərində hərəkət edib, istiqamətini şimal-şərqə dəyişəndən sonra qəflətən yoxa çıxıb. Həmin ləkə yoxa çıxarkən özündən sonra konsentrik kiçik buludlar qoyub.
Müşahidə olunan halı şəhər sakinləri Uçan Naməlum Obyekt (UNO) adlandırırlar.
Xatırladaq ki, son 5 il ərzində Bakı şəhəri və Abşeron yarımadasının səmasında 31 dəfə UNO görüldüyü iddia edilib. 6 dəfə isə Xəzərdə üzən naməlum obyektlərə rast gəlinib ki, onlardan ən sonuncusu daha çox kiçik sualtı qayığı və ya torpedo tipli dalğıc dəstəkləyicisini xatırladırdı.
Sadalanan olaylar Bakının “UNO-ların gərdiş etdiyi” məkan sayanların sayını da artırıb. Mütəxəssislər isə bunu əksini düşünür.
“Doğrudur, UNO istənilən yerdə və istənilən zaman peyda ola bilər. Amma şəhər sakinlərinin dediklərinə inansaq, UNO-lar Bakıya sanki marşrut açıblar və burada “mütəmadi ezamiyyətlər”də olurlar. Təbii ki, belə deyil. Səmada görünən, vertolyot, təyyarə, deltaplan və ya digər uçan vasitə kimi səciyyələndirilməsi mümkünsüz obyektlər heç də həmişə UNO-lar olmur”, – Rusiya UNO Tədqiqatçıları Birliyinin sədr müavini Aydın Bağırov bildirir.

Onun sözlərinə görə, müşahidə edilən naməlum obyektlər metereoloji zonddan tutmuş, stratosferdən atmoferə girən kosmik gəmi qalıqlarına qədər ən müxtəlif nəsnələr ola bilər. Əksər hallarda isə səsdən sürətli qırıcı təyyarələrin uçuşundan sonra onların reaktiv mühərriklərindən çıxan böyük temperaturlu dəm qazı və tüstü belə ləkələr yaradır. Həmin dəm qazı çox yüksək hərarətli olduqlarından, havanı dərhal yandırır və ağ ləkələr yaradır.

Təcrübəli pilot, aviasiya mütəxəssisi Nadir İmanov da məhz bu versiyanı ağlabatan sayır: “UNO-lara inananlar heç olmasa qırıcı təyyarələrin uçuşlarına, onlardan sonra uzun müddət göy üzündə qalan ağ zolaqlara baxsınlar. Camaata inansaq, Bakıda az qala hər həftə bir UNO müşahidə olunur. Halbuki Hava Hücumundan Müdafiə Qüvvələri, habelə digər strukturların radilokasiya sistemləri belə qurğuları qeydə almayıblar. UNO varsa, mütləq radarların moniorlarına düşərdi”.

Parapsixoloq Elmira Qurbanova isə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, UNO-ların mövcudluğu artıq şübhə doğurmayan məsələdi və Bakı səmasında da onlar tez-tez peyda olurlar.
“Bunu inkar edən adamların dedikləri diletant fikirlərdir. Xəzər dənizinin ortasında çox güclü geomaqnit anomaliyası olmaqla bahəm, Abşeron sahil zolağının müəyyən hissələrində kosmik şüaların intensivliyi digər yerlərlə müqayisədə dəfələrlə artıqdır”, – E.Qurbanova deyib.

Onun dediyinə görə, Rusiyanın Müdafiə Nazirliyi iyulun 29-da SSRİ-nin Hərbi-Dəniz Qüvvələrinin gəmi və sualtı qayıqlarının dəfələrlə UNO-larla qarşılaşması barədə sənədlərin üzərində “məxfi” qrifini götürüb.

Həmin sənədlərdən aşkar görünür ki, yadplanetlilərin suya xüsusi marağı var.

“Məsələn, Rusiyadakı Baykal gölündə 5 dəfə naməlum obyektlərin su üzünə çıxması qeydə alınıb. Göldə habelə mənşəyi naməlum olan güclü işıq siqnalları da müşayiət olunub. Sakit Okeanda isə Rusiyanın atom sualtı qayığı 6 UNO ilə qarşılaşıb. UNO-lar qayığı bir müddət izləyiblər, sonra qəflətən yoxa çıxıblar. Kontr-admiral Yuri Beketov isə söyləyib ki, SSRİ dönəmi ilə yanaşı, Rusiyanın Hərbi-Dəniz Qüvvələrində gəmi və sualtı qayıqlarda yaranmış texniki nasazlıqların bir hissəsi UNO-ların təsiri ilə bağlı ola bilər. O, Xəzərdə də dəfələrlə UNO-ların qeydə alındığını vurğulayıb. Əgər rus admiral belə deyirsə, biz niyə Bakı və Abşeron səmasında UNO-ların uçuşlarını şübhə altına alıb, istehza etməliyik – anlamıram”, – E.Qurbanova söyləyir.

“Cənubi Qafqaz UNO Tədqiqatları İnstitutu” adlanan təşkilatın direktoru olduğunu söyləyən Fərhad Quliyev də UNO-ların Bakı səmasında tez-tez uçduqlarını, bu işdə heç bir qeyri-adilik görmədiyini söylədi.

“Burada nə var ki?! UNO-lar hələ ötən əsrin ortalarından Abşeron səmasında görünüblər. 1954-cü ildə Bakının səmasında hətta eyni vaxta üç UNO uçub. O vaxtın qəzetləri bu barədə yazmasalar da, camaat hər şeyi görmüşdü. Sonralar tez-tez belə hallar olurdu. 1995-ci ildən bəri isə bizə naməlum səbəblərdən UNO uçuşlarının intensivliyi artıb”, – F.Quliyev deyir.

Müdafiə Nazirliyi isə hadisəyə şərh etməkdən boyun qaçırıb. MN mənsublarının dediklərinə görə, “belə qeyri-ciddi xəbərlərə diqqət verməyə dəyməz”. // Ekspress