Baş nazirin müavini Əli Həsənovun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bir neçə gün öncəki iclasında sensasion bəyanatlarla çıxış etməsi onun özünə qarşı çevrilib. Ə.Həsənov baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri olmaqla bərabər, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir.
O, komissiyanın iclasında deyib ki, hazırda ölkədə 23254 nəfərin narkoman olduğu bildirilsə də, bu rəqəm reallığı əks etdirmir: «Açıqlanan rəqəm real rəqəmlərə qətiyyən yaxın deyil. Növbəti iclasda görəcəksiniz nələr hazırlayacağam! Mən milli təhlükəsizlik nazirindən xahiş edəcəyəm ki, çox ciddi bir arayışın hazırlanması barədə tapşırıq versin. Bir gün o uşaqların da siyahısını çıxaracağam. Narkotik istifadəçilərinin kimlərin uşaqları olduğunu açıqlayacağam. Əmin olun ki, çalışıb çıxaracağam. Valideynlər də öz uşaqları ilə məşğul olmalıdırlar. İmkansızlar narkotik ala bilməz. Çünki narkotiklər ucuz deyil, çox bahadır».
Ə.Həsənovun dediklərində həqiqət payı var. Mətbuatda və ictimaiyyət arasında dolaşan söhbətlərdə xeyli məmur övladının bu bəlaya mübtəla olmasından bəhs edilib. Ə.Həsənovun açıqlaması heç də xalqa, məmur övladlarına canıyananlıqdan irəli gəlmir. Bu, hakimiyyət daxilindəki qruplaşmaların savaşının şiddətlənməsinin göstəricisidir. Amma istər zəlzələdən, istərsə də vəlvələdən, cənab Həsənov faydalı bir işə imza atıb. Son vaxtlar doğurdan da narkotiklərlə bağlı vəziyyət kritikləşib. Və həqiqətən də bu işlə imkansızlar yox, imkanlılar daha çox məşğul olurlar. Bu prosesin qarşısının alınması üçün kompleks tədbirlər görülməsi zərurəti ortadadır.
Lakin Ə.Həsənovun bu hədəsi başqa istiqamət alıb. Hakimiyyətə yaxın mənbələrdən bizə çatan xəbərə görə, saraydakı rəqibləri də Ə.Həsənovu «vurmaq» üçün kampaniyaya başlamaq niyyətindədirlər. Əli Həsənov şəxsi münasibətləri zəminində kimlərisə hədələdiyi üçün qarşı tərəf də cavabını şəxsi və ailə məsələləri üzərində ideolojiləşdirmək istəyir. Bizə sızdırılan informasiyada bildirilir ki, rəqibləri Ə.Həsənovun ermənilərlə qohum olması məsələsini yaxın günlərdə dövriyyəyə buraxmağı planlaşdırırlar. Bunun üçün bəzi məmurlar nəzarətlərindəki qəzetlərdə müəyyən tapşırıq da veriblər. Qeyd edək ki, Ə.Həsənovun həyat yoldaşı milliyyətcə ermənidir. Və hazırda onunla birgə yaşayır. Rəqibləri isə onu vurmaq üçün «ermənilərlə qohumluğu olan şəxs “Qaçqınkom”un sədri olmamalıdır, yüksək dövlət vəzifəsi tutmamalıdır” tezisini ortaya atmağa və onu ictimailəşdirməyə çalışacaqlar…
Hər halda, görünən budur ki, Ə.Həsənovun verdiyi açıqlama özünün əleyhinə işləyə bilər. Onu da qeyd edək ki, hörmətli Əli müəllim bu bəyanatla çıxış edəndən bir gün sonra Nazirlər Kabineti onun dediklərini malalamağa çalışmışdı…
Tofiq ƏHMƏDLİ / musavat.com