Bakı Metropoliteni
Bakı Metropoliteni

Yay aylarında Bakı metrosunda bir boğanaq olur. Söhbət təkcə sərnişin axını güclənən saatlarda lap dözülməz olan qatarlardan getmir. Adətən qışda isti, yayda sərin stansiyalarda bu problem var.

26 il metro polisində işləmiş Adil Hüseynov deyir ki, əvvəllər, xüsusilə sovet dövründə metroda ventilyasiya sistemi çox normal işləyirdi: “İstər yayda, istər qışda stansiyalarda normal, təmiz hava vardı. 1995-ci ilə qədər metroda çalışmışam, boğanaqla rastlaşmamışam, ciddi şikayət eşitməmişəm”.

“Media forum” saytına danışan Bakı Metropolitenin baş mühəndisi Etibar İsayev isə metroda boğanaq olması fikri ilə razılaşmır. Onun sözlərinə görə, yayda paytaxtda ən sərin yer metrodur: “Metropolitenin inşaat norma və qaydalarına əsasən, platforma elə tikilir ki, qatar gələndə külək sərnişinləri yıxmasın. Qatar bir tuneldən digərinə keçəndə külək kamerası vasitəsilə hava axınının istiqaməti elə dəyişir ki, sərnişin platformada dayana bilsin. Bu küləyin qarşısında boğanağın olması mümkün deyil. Qatarın gətirdiyi külək əlavə ventilyasiya sisteminə ehtiyac da qoymur. Bundan başqa, qatarların salonunda hər iki tərəfdən təbii ventilyasiya nəzərdə tutulub.

Metropolitendə güclü ventilyasiya sistemi mövcuddur. Lakin həmin ventilyasiya şəbəkəsi həmişə qoşulmur və ya qoşulduqda dərəcəsi az qoyulur. Bu da tuneldə metroiqlim şəraitini saxlamaq, rütubətin qarşısını almaq üçündür. Yayda isə bütün bunlara ehtiyac duyulmur, çünki qatarın küləyi ventilyasiyadan qat-qat artıq sərinlik verir”.

“Media forum”a açıqlamasında Adil Hüseynov metropoliten rəsmisi Etibar İsayevin fikirləri ilə razı olmadığını bildirib: “Qatarın gətirdiyi güclü hava axını ilə metrostansiyada təmiz hava yarana bilməz, bu mümkün deyil. Metroda təmiz hava axınını yalnız ventilyasiya sistemi ilə yaratmaq mümkündür. Ola bilər, bu sistem çoxdan quraşdırıldığından yaxşı işləmir”.