Beynəlxalq Qızıl Xaç Komitəsi
Beynəlxalq Qızıl Xaç Komitəsi
260 itkin düşmüş şəxsin ailələrini tapmaq mümkün olmayıb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslər barəsində ətraflı məlumat toplanılmasına və mərkəzləşdirilmiş qaydada idarə olunmasına dair milli proqramın birinci mərhələsini başa çatdırıb.

BQXK-nın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, iyunun 30-a qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) iyirmi nəfər xüsusi təlim keçmiş könüllüsü itkin düşmüş şəxslərin ailələri ilə müsahibələr apararaq ətraflı məlumatların toplanması (ƏMT) üçün nəzərdə tutulmuş 1151 sorğu anketi doldurub. Sorğu anketləri itkin düşmüş şəxsin zahiri görünüşləri və hansı şəraitdə yoxa çıxmaları haqda geniş məlumatları əhatə edir.

BQXK-nın Axtarış üzrə Regional nümayəndəsi Yelena Miloşeviç Lepotiç qeyd edib ki, Azərbaycanda ƏMT prosesinin birinci mərhələsi rəsmi olaraq başa çatsa da, Bakı, Sumqayıt və Abşeron rayonunun sakinləri kimi BQXK-da qeydiyyatdan keçmiş, lakin həmin ünvanlardan artıq köçmüş 260 itkin düşmüş şəxsin ailələrini tapmaq hələ mümkün olmayıb: “BQXK məlumat toplanılması prosesinin uğurla başa çatması üçün həmin ailələri BQXK və AzQAC-ın onlara ən yaxın ofisi ilə əlaqə saxlamağa çağırır. Həmin insanlar +99 412 493 16 38 nömrəli telefonla ƏMT prosesi üçün yaradılmış “Qaynar xətt”ə müraciət edə bilərlər”. ƏMT sorğu anketləri Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriləcək.

Qeyd edək ki, 2008-ci il aprelin 14-də BQXK və Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslər haqda ətraflı məlumatların toplanması və mərkəzləşdirilmiş qaydada idarə edilməsi haqda çərçivə sazişi imzalayıb. Bütün toplanılmış məlumatlar mərkəzləşdirilmiş qaydada bir məlumat bazasında saxlanılacaq və gələcəkdə itkin düşmüşlərin talelərinə aydınlıq gətirilməsində kömək edəcək. Lakin məlumat toplanılması prosesi hələ yekunlaşmayıb. İndi həmin proses cəbhə xəttinə yaxın yerləşən 18 şəhər və rayonda davam edir. Gələn il isə Azərbaycanın qalan 35 şəhər və rayonu bu prosesə qoşulacaq. BQXK ətraflı məlumat toplanılmasını ölkənin bütün bölgələrində 2010-cu ilin sonuna qədər bitirməyi nəzərdə tutur.

Y. M. Lepotiç qeyd edib ki, itkin düşmüş şəxslər barəsində ətraflı məlumat toplanılması prosesi köhnə yaraları təzələyə bilər: “Lakin biləndə ki, onların itkin düşmüş qohumları unudulmayıb, ailələr rahatlıq tapırlar. Biz ümid edirik ki, indi toplanan məlumat cavabların tapılmasına gətirib çıxaracaq, nəticədə, bu, yaraların sağalmasına kömək edəcək”.

Lent.az