Hacker
Hacker

“Odnoklassniki”də ermənilərin 28 qrupu dağıdıldı

 

Virtual məkanda yerli hakerlərlə ermənilər arasındakı “müharibə” davam edir. Son “qurban” isə Rusiyanın populyar “Odnoklassniki.ru” saytında ermənilərin resursları olub.
Azərbaycanlı hakerlər bu dəfə gürcü “həmkar”ları ilə birləşərək “Odnoklassniki”də ermənilərin 28 qrupunu dağıdıblar.
Qruplar arasında 14 min üzvü olan “Ermənistan hamı üçün”, “Erməni soyqırımı” (9 min üzv), “Erməni milli hüquqları” (7300 üzv), habelə Gürcüstanda ermənilərin kompakt yaşadıqları Samstxe-Cavaxetiya bölgəsi barədə 7 vbe-səhifə, terrorçu ASALA təşkilatı barədə 4 səhifə, Qaregin Njdeyə həsr olunmuş səhifələr və s. var.
Ermənilər hesab edirlər ki, bu resurs və səhifələrin hücuma məruz qalaraq sıradan çıxarılmasında azərbaycanlı hakerlərlə yanaşı, gürcülər də fəal iştirak ediblər.
“Azərbaycanlılar həmişə yalnız Dağlıq Qarabağ və erməni tarixi barədə olan veb-resursları özlərinə hədəf seçiblər. Bu dəfə Cavaxla bağlı səhifələrin də dağıdılması göstərir ki, hücumda gürcü hakerlər də fəal iştirak ediblər. Çünki Cavax ermənilərinin hüquqlarının təminatı barədə söz düşən kimi gürcülər təbdən çıxırlar”, – İrəvanda çıxan “İravunk” qəzetinin dünənki sayında bildirilib.

Ermənistanın ən məşhur haker qruplarından olan “34Van7a” isə dünən bəyan edib ki, “Odnoklassniki”də sıradan çıxarılmış resursların hamısını bərpa etməklə yanaşı, Azərbaycana və azərbaycanlılara məxsus saytlar, veb-resurslar və səhifələri dağıtmağa başlayacaq: “Həmin saytlar arasında Azərbaycanın dövlət qurumlarının rəsmi veb-saytlarını da ola biləcəyini istisna etmirik”.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yetkililəri isə bildirirlər ki, rəsmi qurumların veb-resurslarının haker hücumlarından müdafiə səviyyəsini artırmaq üçün indiyədək müvafiq tədbirlər görülüb və həmin işlər hazırda da davam edir.

Bu arada İnternetdəki ən populyar “Facebook” və “Twitter” sosial şəbəkələrində Ermənistan prezidenti Serj Sərkisyana qarşı genişmiqyaslı kampaniya başlanıb.

Türk və azərbaycanlı İnterent istifadəçilərinin kampaniyası “Sərkisyan, diplomatların qətli və Xocalı faciəsi üçün Türkiyə ilə Azərbaycandan üzr istə” şüarı ilə aparılır.

Kampaniya iştirakçıları hesab edirlər ki, S.Sərkisyanın “Yalnız sərhəd açılandan sonra Türkiyəyə səfər edərək” sözləri həyasız şantajdır.
“Ankaraya gələrək türk diplomatları Mehmet Baydar, Bahadır Demir, İsmayıl erez, Talib Ener, Oktar Çirit, Taha Çirim və Danış Tunalıgilin erməni terrorçular tərəfindən qətlə yetirilməsinə, habelə Azərbaycanın Xocalı şəhərində uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsinə görə üzr istəmək əvəzinə Sərkisyan Türkiyə qarşısında şərt qoyur”, -kampaniya ilə bağlı yayılmış açıqlamada bildirilir.

Türk və azərbaycanlı İnternet istifadəçiləri ötən il Ermənistana rəsmi səfər etdiyi üçün Türkiyə prezidenti Abdulla Gülü də sərt tənqid ediblər. // Humay, Ekspress