Vertolyot
Vertolyot

İrəvanın üzərində hərbi vertolyotlar uçur
Qarabağda müharibə başlayacağı haqda şayiələr İrəvanı qarışdırıb

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair prezidentlər arasında Moskvada aparılan son danışıqlardan sonra Ermənistanda qəribə proseslər baş verməyə başlayıb. Əvvəl ölkə mətbuatı Dağlıq Qarabağda hərbi əməliyyatların başladığı haqda şayiələrdən yazıb. Bu şayiələr ildırım sürəti ilə yayılıb və bütün şəhəri bürüyüb. Ermənilər küçələrdə dəstə-dəstə yığışaraq Qarabağda nə baş verdiyi haqda bir-birilərindən dəqiq xəbər öyrənməyə çalışıblar. Həmin gün televiziya kanallarının heç biri işləməyib və rəsmilər bunu texniki-profilaktik tədbirlərlə izah ediblər.
Daha sonra Ermənistan Müdafiə Nazirliyi şayiələri təkzib edib. Buna baxmayaraq, Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlayacağı haqda şayiələrin qarşısını almaq mümkün olmayıb. Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələrinin komandanlığı da xüsusi açıqlama verərək şayiələrin əsassız olduğunu, sadəcə, «Qarabağ ordusunun» Kəlbəcər istiqamətində manevrlər keçirdiyini bildirib.
İyulun 28-nə keçən axşam isə erməniləri xofa sala biləcək yeni hadisə baş verib. Axşam saat 21 radələrində İrəvanın mərkəzi hissəsində “Mi-24″ vertolyotları görünüb. Vertolyotlar aşağı hündürlükdə on dəfədən çox dövrə vurduqdan sonra naməlum istiqamətə uçublar. Təqribən 10 dəqiqədən sonra vertolyotlardan biri geri qayıdıb və yenidən aşağı hündürlükdə dövrə vurmağa başlayıb. Təşvişə düşən ermənilər rəsmi orqanlara zəng edərək bu uçuşların nəylə bağlı olduğunu soruşublar. Lakin onlara cavab verən olmayıb. «Armenia Today» saytının məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi də faktı şərh etməkdən imtina edib və vertolyotların uçuşunun səbəbini izah etməyib. Ehtimal olunur ki, müharibənin yenidən başladığı haqda şayiələrin yayılmasının arxasında hakimiyyət dayanır. Ermənistanda ehtimal edirlər ki, hakimiyyət əhalidə müharibə xofu yaratmaqla Dağlıq Qarabağa dair güzəştlərə zəmin hazırlamağa çalışır. Məsələ burasındadır ki, münaqişənin nizamlanmasının baza prinsiplərini özündə əks etdirən Madrid prinsiplərinin açıqlanmasından sonra Ermənistanda müxalifət qüvvələri hakimiyyətə qarşı hücuma keçiblər. Bu sülh təkliflərinin ermənilərin maraqlarına zidd olduğunu həm hakimiyyətə loyal siyasi qüvvələr, həm də radikal müxalifət bəyan edir. Qərbdəki erməni lobbi təşkilatları da planın qəbuledilməz olduğu haqda Ermənistan rəhbərliyini xəbərdar edib. Dağlıq Qarabağın özündə də Madrid prinsiplərini yaxına buraxmırlar. Aydın deyil ki, belə situasiyada müharibə xofunun yaradılması prezident Serj Sərkisyanın mövqelərini nə dərəcədə əlverişli edə bilərdi. Ancaq ehtimal olunur ki, Sərkisyan erməni ictimaiyyətinə danışıqlar masasında olan təkliflərin alternativinin müharibə olacağını çatdırmağa çalışır. Müharibə isə iqtisadiyyatı və ordusu acınacaqlı durumda olan Ermənistan üçün dağıdıcı nəticələrə gətirib çıxara  bilərdi.
Bu arada xəbər verildiyi kimi, Minsk Qrupunun həmsədrləri ötən həftə sonu Polşanın Krakov şəhərində toplaşaraq Madrid prinsiplərini yeniləmək barədə müzakirələr aparıblar. Bu müzakirələr barədə həmsədrlər bir-birilərinin ardınca ziddiyyətli məlumatlar veriblər. Fransalı həmsədr Bernar Fasye bir gün əvvəl «İnterfaks» agentliyinə bildirib ki, görüşdə münaqişənin nizamlanmasının baza prinsiplərinə yeniliklər etmək üçün intensiv müzakirələr aparılıb. «Ancaq sənəd hələ hazır deyil. Biz daha bir neçə işçi görüşü keçirməliyik. Madrid prinsiplərinin yenilənmiş variantı isə hazır olan kimi tərəflərə təqdim ediləcək» – deyə diplomat bildirib. Xatırladaq ki, Madrid prinsiplərinin əvvəlki variantı prezidentlərin son danışıqları ərəfəsində ABŞ administrasiyası tərəfindən açıqlanıb. Orada ətraf ərazilərin boşaldılması, Dağlıq Qarabağa təhlükəsizlik təminatı və aralıq statusu, beynəlxalq sülhməramlıların yerləşdirilməsi və nəhayət, bölgənin yekun statusunun müəyyən edilməsi üçün səsvermənin keçirilməsi daxildir.
Dünən isə amerikalı həmsədr Metyu Brayza «Azadlıq» radiostansiyasının erməni redaksiyasına  Madrid prinsiplərinin yenilənmiş variantının hazır olduğunu bildirib. O deyib ki, həmsədrlər sənədin yenilənmiş variantını hazırlayıblar və həmin sənəd münaqişənin nizamlanmasına dair əsas prinsiplərin yekun formasını özündə əks etdirir. Brayza həmsədrlərin Krakovda bir neçə gün məhsuldar işlədiklərini bildirib. «Biz tərəflərin 2007-ci ilin noyabrından bu vaxta kimi ortaya qoyduqları mövqeni diqqətlə təhlil etdik. Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin iyulun 10-da verilmiş bəyanatını əsas götürərək Madrid prinsiplərinin yeni variantını hazırladıq» –  deyə amerikalı diplomat bildirib. Brayza onu da deyib ki, həmsədrlər Ermənistanın keçmiş prezidenti Robert Köçəryana və keçmiş xarici işlər naziri Vardan Oskanyana Madrid prinsiplərinin əsasını qoyduqları üçün təşəkkürlərini çatdırıblar. Eyni zamanda indiki prezident Serj Sərkisyana və xarici işlər naziri Edvard Nalbəndyana da Madrid prinsipləri əsasında əldə edilən mühüm irəliləyişlərə görə təşəkkür ediblər. «Bu irəliləyişlərin sayəsində Madrid prinsipləri arxada qalıb. İndi bizim baza prinsiplərinə yekun forma vermək üçün imkanlarımız var” – deyə, Brayza əlavə edib.
Amerikalı həmsədrə görə Azərbaycan da konstruktiv mövqe tutub. «Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarları kimi öz ölkələrinin milli maraqlarını müdafiə edirlər» – deyə o bildirib. Xatırladaq ki, bütün həmsədrlər adından amerikalı Metyu Brayza gələn ay Ermənistan və Azərbaycana səfər edəcək. Fasye özü isə sentyabrda regiona gələcək.  Elə həmin ayın sonunda hər üç həmsədr birlikdə regiona gələcəklər. Prezidentlərin növbəti görüşünün isə oktyabrda MDB-nin Moldovada keçiriləcək sammiti zamanı baş tutması gözlənilir. Həmin görüşdən əvvəl həmsədrlər Madrid prinsiplərini yeni formada tərəflərə təqdim edəcəklər. Yeniliklərin nədən ibarət ola biləcəyi haqda hələlik məlumat yoxdur. Brayzanın təsdiq etdiyi kimi 2007-ci ilin noyabrında Madriddə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə təqdim edilən bu sənəd bütünlüklə erməni tərəfinin mövqeyi əsasında hazırlanıb. Erməni rəsmiləri dəfələrlə deyiblər ki, sənəd münaqişənin nizamlanmasına dair onların irəli sürdüyü 3 əsas məsələni özündə əks etdirir. Bunlar Dağlıq Qarabağa təhlükəsizlik təminatı, Ermənistanla quru sərhədləri və bölgənin statusunun öz iradəsini ifadə etmə əsasında müəyyən edilməsidir. Lakin Madrid prinsipləri əsasında danışıqlar apardığına görə Ermənistanda Robert Köçəryandan haqq-hesab çəkməyi tələb edirlər. Keçmiş xarici işlər naziri Vardan Oskanyan isə demişdi ki, bu təklifləri qəbul edib-etməmək məsuliyyəti indiki hakimiyyətin üzərinə düşür. Onun sözlərinə görə, Köçəryan hakimiyyəti heç bir güzəştə getməyib.
F.MƏMMƏDOV / musavat.com