Terrorçu
Terrorçu

Tofiq ƏHMƏDLİ / musavat.com

Hakimiyyətdəki kürd əsilli məmurlar ölkəmizin gələcəyini minalayırlar

 

Azərbaycanda kifayət qədər güclü dayaqlara malik olan kürdlər zaman keçdikcə burada özlərini daha rahat hiss etməyə başlayırlar. Hətta o səviyyədə ki, kürd əsilli «qanuni oğru»lar da Bakıya maneəsiz gələ, burada toy məclisində iştirak edə bilirlər. Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakıda keçirilən toy məclislərinin birində “Şakro” ləqəbli kürd əsilli «qanuni oğru» Zahir Kalaşov da iştirak edib. «Ay işığı» restoranında keçirilən məclisə xüsusi dəvətlə gələn «Şakro» və onun bir neçə yaxını toydan sonra dərhal Bakını tərk ediblər. Bu barədə mötəbərliyinə şübhə etmədiyimiz mənbədən xəbər almışıq.
Mənbənin dediyinə görə, «Şakro» ölkə rəhbərliyində təmsil olunan kürd əsilli bir şəxsin xüsusi dəvəti ilə toya gəlib. «Şakro» cinayətkar aləmin xaç atası sayılan «Ded Xasan»ın yaxınıdır. Bəzi mənbələr «Şakro»nu «Ded Xasan»ın  varisi də hesab edirlər.
Mənbənin bildirdiyinə görə, həm «Şakro»nun, həm də «Ded Xasan»ın prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovla yaxın münasibətləri var. Elə «Ay işığı»ının da Əyyubovlara məxsusluğunu nəzərə alsaq, qanuni oğrunun məhz bu cameyə tərəfindən toya dəvət olunduğunu ehtimal etmək olar…
Son illərdə kürdlər Bakıya intensiv şəkildə köç edirlər. Təxminən 2005-ci ildən sonra ölkəyə Türkiyədən, İraqdan, İrandan xeyli kürd ailələri gəlib.
Buradaca qeyd edək ki, Azərbaycan beynəlmiləlçilik prinsiplərinin qətiyyən əleyhinə deyil. Ölkəmizdə uzun illərdir müxtəlif etnik xalqlar – ləzgi, talış, avar, ingiloy, o cümlədən kürdlər və digər millətlərin nümayəndələri heç bir problemsiz, bərabərhüquqlu şəkildə yaşayırlar. Burada söhbət sadəcə, kürdlərin və xüsusi ilə PKK-ya bu və ya digər şəkildə bağlılığı olan tayfaların Azərbaycana məqsədli şəkildə köçürülməsindən gedir. Bu, düşünülmüş və gələcəyə hesablanmış siyasət təsiri bağışlayır. Əslində, müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanın kürdləşdirilməsi planı indi yox, uzun illərdən bəri həyata keçirilən bir prosesdir. Düzdür  köçmən kürdlərin ayrı-ayrı rayonlara yerləşdirilməsi ilə bağlı «Yeni Müsavat»da dərc olunan yazılardan sonra ölkənin hüquq-mühafizə orqanları bu istiqamətdə bəzi işlər gördülər. Gəlmələr tez-tələsik sınırdışı edildi. Amma proses o qədər intensiv aparılır ki, polisin və digər strukturların məsələyə müdaxiləsi hər dəfə effektiv nəticə vermir.
Ötən saylarımızda Göygöl rayonu ərazisinə gəlmə kürdlərin köçürülməsi ilə bağlı məlumat vermişik. Müxbirimizin apardığı müşahidə və araşdırma zamanı məlum olub ki, rayon ərazisində kürdlər üçün yeni qəsəbə salınır. Bu, ilk belə fakt deyil. Paytaxt da daxil olmaqla ölkənin bir neçə rayonunda  gəlmə kürdlər üçün düşərgələrin salındığı barədə son illər mətbuatda dəfələrlə xəbər və reportaj dərc olunub. Etiraf edək ki, «Yeni Müsavat» bu mövzuya xüsusi həssaslıq göstərir. 
Kürdlərin Azərbaycana köçləri 2007-ci ildən intensiv şəkil alıb. Bu müddət ərzində hakimiyyətdəki kürd çetesinin yaxından dəstəyi ilə Göygöldə, Samuxda, Şəmkirdə, Goranboyda, Naftalanda xeyli sayda kürd ailəsi yerləşdirilib. Əməkdaşlarımız dəfələrlə onların məskunlaşdırıldıqları və qapalı saxlanılan yaşayış məntəqələrindən reportaj hazırlayıblar. «Yeni Müsavat» olaraq hər hansı millətin, etnik qrupun Azərbaycanda yaşamasının əleyhinə deyilik. Bu məsələni gündəmə gətirməyimizin məqsədi başqadır. Söhbət PKK-ya yaxın və bu qanlı hörgütə açıq simpatiya bəsləyən əşirətlərin ölkəmizin coğrafiyası boyunca yerləşdirilməsindən gedir. Bir neçə 10 ildən sonra bədnam qonşularımız kimi gəlmə kürdlərin də Azərbaycana qarşı ərazi davasına qalxmayacaqlarına kimsə təminat verə bilərmi? Siyasi kürdçülüyün arxasında dünyanın hansı nəhəng ölkələrinin dayandığı, kürdləri necə və hansı şərtlərlə təşkilatlandırdıqları da kimsəyə sirr deyil. Bu xüsusda köçmənlərin vətənimizdə yerləşdirilmələrini Azərbaycanın gələcəyinə basdırılmış mina saymaq olar. Siyasi kürdçülüyün ideoloqlarının, təşkilatçılarının planları Türkiyədə, İraqda, İranda, Gürcüstanda müqavimətlə üzləşdiyi halda, Azərbaycanda münbit şəraitlə rastlaşıblar. Hətta o qədər arxayın və arxalıdırlar ki, kürd əsilli «qanuni oğru» belə Bakıya toya gəlir, ona dəyib-dolaşan olmur…

***

Vaxtı ilə çar Rusiyası Azərbaycanın müxtəlif ərazilərinə etnik qruplar yerləşdirirdi. Həmçinin Qarabağın dağlıq hissəsinə müxtəlif yerlərdən ermənilərin kütləvi köçünü təşkil edirdi. Onların sayını süni yolla artırırdı. Sonra da ora köçürdüyü ermənilərin vasitəsi ilə bizə qarşı torpaq davasına başladı. 100 ildən artıqdır gedən bu münaqişə Azərbaycana böyük ziyanlar vurub. Məhz ermənilərlə aramızda süni şəkildə yaradılan münaqişə nəticəsində xeyli torpaq itirmişik. On minlərlə Azərbaycan türkünün həyatına son qoyulub. İnkişafımızın qarşısı alınıb. Rusiya hələ də bu münaqişədən öz nəfinə yararlanır. Ermənilər isə Qarabağda ikinci erməni dövləti qurmaq iddiasındadırlar.
Oxşar ssenari bu gün kürd planı üzrə aparılır. Erməni sorununu çözməmiş indi də kürd problemi ilə üzləşməkdəyik. Və bu, əslində kürd xalqının da maraqlarına uyğun deyil. Odur ki, həyəcan təbilini birgə dayanmadan çalmaq lazımdır. Yoxsa həm Azərbaycan türklərinə, həm də Azərbaycan kürdlərinə yazıq olacaq.