Xəzər Dənizi
Xəzər Dənizi

Aşqabad Xəzərdəki yataqlara görə Bakını beynəlxalq məhkəməyə verdi; Tehran İsə dənizin Azərbaycan sektorunda neft hasilatına başlayır

 

Türkmənistan Xəzərdəki mübahisəli yataqlara görə Azərbaycanı Beynəlxalq Arbitraj Məhkəməsinə verib. Bu barədə «Röyter» agentliyi prezident Qurbanqulu Berdıməhəmmədovun hökumətin iclasındakı çıxışına istinadən xəbər yayıb. Bildirilir ki, Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov iyulun 23-də Nazirlər Kabinetinin xüsusi iclasını keçirib. İclasda əsas müzakirə mövzularından biri Xəzər ərazisində Azərbaycanla mübahisəli neft-qaz yataqları olub. İclasda xarici işlər naziri, Türkmənistan prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Toylı Komekov hesabat verib.
O, Xəzər dənizinin dibi və təkinin bölünməsi məsələləri üzrə ötən həftə Bakıda keçirilən Türkmənistan-Azərbaycan danışıqlarının nəticələri haqda məlumat verib. T.Komekov qeyd edib ki, onların səylərinə baxmayaraq Azərbaycanla mübahisəli yataqlarla bağlı konsensus əldə olunmayıb.
Danışıqların tarixinə toxunan Berdıməhəmmədov qeyd edib ki, bu sahədə qarşılıqlı məqbul variantın tapılması mübahisəli «Ömər» və «Osman»    («Azəri» və «Çıraq») yataqlarının birtərəfli istismarına başlayan Azərbaycanın xüsusi mövqeyinə görə gecikir. O, həmçinin Azərbaycanın «Sərdar» («Kəpəz») yatağına iddiaları olduğunu da bildirib. Prezident deyib ki, SSRİ vaxtından mövcud olan normativ aktlara əsasən bu yataqlar Türkmənistan ərazisinin hüdudundadır və birmənalı olaraq ona məxsusdur: «Türkmənistan üçün Xəzər dənizində belə birtərəfli fəaliyyət qəbuledilməzdir».<%-1>
Dövlət başçısı baş nazirin müavini Rəşid Mərədova Azərbaycanın iradlarının, habelə xarici neft-qaz şirkətlərinin yataqların işlənməsində iştirakının qanuniliyini öyrənmək üçün beynəlxalq ekspertlərlə məsləhətləşməyi və sonra Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməyi tapşırıb. Berdıməhəmmədov deyib ki, indiyədək Türkmənistan problemi Azərbaycanla 16 dəfə müxtəlif səviyyələrdə müzakirə edib, lakin bu günə qədər heç bir nəticə əldə olunmayıb. Eyni zamanda Berdıməhəmmədov deyib ki, Türkmənistan Beynəlxalq Arbitraj Məhkəməsinin istənilən qərarını tanımağa hazırdır.<%-2>
«Röyter» agentliyi qeyd edir ki, Türkmənistanın bu davranışı «Nabucco» qaz kəməri layihəsinə təhlükə yaradır. Belə ki, Avropa İttifaqı Türkmənistan qazının Xəzərin dibindən keçəcək kəmərlə Azərbaycan üzərindən nəqlinə nail olmağa çalışır. Belə bir vaxtda Aşqabadla Bakı arasında Xəzərdəki mübahisəli yataqlara dair çoxdandır davam edən, ancaq son illər sakitləşmiş kimi görünən mübahisələr yenidən alovlanır.
Türkmənistanla Azərbaycan arasında Xəzərdəki sözügedən yataqlara dair mübahisələr keçmiş prezidentlər Saparmurad Niyazovun və Heydər Əliyevin vaxtında özünün ən gərgin nöqtəsinə çatmışdı. Belə ki, 2001-ci ildə Aşqabadda keçirilən ilk Xəzər sammiti zamanı Türkmənbaşı Azərbaycanın Xəzərdə Türkmənistana «aid olan» yataqları birtərəfli qaydada mənimsəyərək meydan oxuduğunu deyib. Türkmənbaşı daha sonra bildirmişdi ki, bu hərəkətlər iki ölkə arasında hərbi münaqişəyə də səbəb ola bilər. «Xəzərdən qan iyi gəlir» deyə Türkmənistan prezidenti o zaman sammitdəki çıxışında bildirmişdi.
Sonralar isə Azərbaycan mübahisələri yumşaltmaq üçün Türkmənistana kompromis variantlar – mübahisəli «Kəpəz» yatağının birgə işlənməsini təklif edib. Bu təklif üzrə bir neçə dəfə danışıqlar aparılsa da nəticə alınmayıb. Türkmənbaşına nisbətən bu mübahisəli məsələdə daha konstruktiv mövqe tutan Berdıməhəmmədov isə mübahisənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu nümayiş etdirib.<%-1>
Lakin belə görünür ki, Aşqabad danışıqlardan bezərək beynəlxalq məhkəməyə üz tutub. Ekspertlər isə qeyd edirlər ki, Türkmənistanın beynəlxalq məhkəmədə mübahisəni udmaq şansı praktiki olaraq yoxdur. Çünki keçmiş SSRİ-nin sənədlərində həm «Azəri» və «Çıraq» yataqları, həm «Kəpəz» yatağı Xəzərin Azərbaycan sektorunda göstərilib. Sonuncu yatağı isə vaxtilə Azərbaycan neftçiləri kəşf ediblər.
Azərbaycanın Xəzərdə neft-qaz yataqlarına görə təkcə Türkmənistanla deyil, İranla da mübahisəyə cəlb olunub. Məlum olduğu kimi, İran Xəzərin Azərbaycan sektorunda yerləşən «Araz» – «Alov» yatağına iddia edir. Əgər Türkmənistan mübahisəni məhkəmə yolu ilə öz xeyrinə həll etməyə çalışırsa, İran vaxtilə bu yatağı hərbi yolla ələ keçirməyə cəhd göstərib və kəşfiyyat işləri aparan Azərbaycan gəmisinə havadan və dənizdən hücum edib. O vaxtdan Azərbaycan tərəfi yataqda kəşfiyyat işlərini dayandırmışdı. Lakin bu ilin yazından İran öz variantında «Alborz» adlandırdığı «Alov» yatağında kəşfiyyat işlərinə başlayıb.
Dünən isə İranın neft naziri Qulamhüseyn Nozari deyib ki, yataqda aparılan kəşfiyyat işləri müsbət nəticələr verib. Nozari onu da deyib ki, kəşfiyyat işləri nəticəsində Xəzərin İrana aid hissəsində 46 yeni offşor yataqlar aşkar olunub. Məlum olduğu kimi, İran Xəzərin beşdə birinə iddia edir və bu məntiqdən çıxış edərək əslində Azərbaycana aid olan sulardakı yataqları özününkü sayır. Görünən odur ki, Xəzərin neft ehtiyatları uğrunda mübarizə yeni müstəviyə qədəm qoyur. /musavat.com

Advertisements