Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov

«GEN» MMC işində it-bata düşən 7 milyon manatın izi gedib merə çıxır

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adı rüşvət qalmaqalında hallanır. Onunla yanaşı Bakının Nəsimi, Xətai və Yasamal rayonlarının icra başçılarının da adı çəkilir. Söhbət lGEN» MMC-in rəhbəri Elbrus Əliyevin məhkəmə işində ortaya çıxan faktlardan gedir. Elbrus Əliyev bildirib ki, o, Bakının üç rayonunda, Xətai, Nəsimi və Yasamal rayonlarında torpaq alıb, bina tikmək üçün. Amma sonra bina tikintisinə başlaya bilməyib. Məhkəməni isə bu prosesdə daha çox maraqlandıran əhalidən yığılan 7 milyon manatın hara sərf edilməsidir. Elbrus Əliyev dolayı yolla bildirib ki, bu pullar rüşvət olaraq kimlərəsə verilib.
Hətta rüşvət verdiyi şəxslərin adlarının qara kitabda olduğunu da deyib. Qara kitabda rüşvət alanların adları və nə qədər almaları əks olunub. Və bu kitabı məhkəməyə Elbrus Əliyevin anası təqdim edib.
Məsələnin kifayət qədər ciddiliyini nəzərə alaraq pia.az saytı bəzi araşdırmalar aparıb.  Sayt ilk növbədə Elbrus Əliyev torpaq alan zaman bu rayonlarda torpağın sotunun  neçəyə olduğuna diqqət çəkib: «Qara bazar qiymətləri ilə götürsək  Xətai rayonunda torpağın bir sotunun 30-60 min dollar olduğu ortaya çıxır.
Elbrus Əliyev həmin ərazidə 28 sot torpaq alıb. Bu isə o deməkdir ki, təkcə torpaq alınması üçün ən aşağı qiymətlərlə hesablasaq 840 min manat sərf olunub. Həmin ərazidə yaşayış olmayıbsa və ərazi Xətai rayon icra rəhbərliyinin və ya bələdiyyənin nəzarətində olubsa deməli pullar bir başa rəhbərliyi çatdırılıb. İndi isə aydınlaşdırmaq lazımdır ki, alınan torpağın müqabilində dövlət büdcəsinə nə qədər pul köçürülüb”.
Aparılan araşdırmalar zamanı məlum olub ki, hündür mərtəbəli bina tikintisi həyata keçirilən zaman binanın ən azı bir mərtəbəsi dövlətə ev fondu olaraq verilir: «Bundan başqa mərtəbələrin sayına və binanın əhatə imkanlarına uyğun olaraq 300 min manatla 1 milyon manat arasında müəyyən yerlərə rüşvət verilir. Elbrus Əliyev üç yerdə bina tikmək istəyibsə, deməli hər birinə orta hesabla 500 min manat ödəməli olub. Bu isə artıq milyon yarım manat deməkdir.
Deməli, tək bu iki əməliyyat nəticəsində 2 milyon 300 manatdan çox pulun hara sərf edildiyini müəyyənləşdirmək mümkündür. Bundan başqa, dünənə qədər dövlət Reyestr Xidməti tərəfindən 6 sot torpağın içərisində 2 mərtəbəli mənzilin tikintisinə rəsmi icazə vermək üçün 15 min manat pulun istənildiyi deyilirdi.
Sözsüz ki, ərazi şəhərin mərkəzində olardısa qiymətlər qalxırdı. İki mərtəbəli bina üçün 15 min manat istənilirdisə deməli 10-16 mərtəbəli bina üçün ən azı 300-500 min manat arası pul vermək lazım gələrdi. Bu isə o deməkdir ki, üç binanın tikintisi üçün Elbrus Əliyev minimum qiymətlərlə 900 min manat pul xərcləyib”.
Sayt bildirir ki, digər xərclər də bura əlavə olunsa, təkcə sənədləşmənin bir istiqamətli aparılması üçün 3 milyon 200 min manatın istifadə olunduğu üzə çıxar: «Yəqin ki, araşdırmaları bu şəkildə apartmaqla 7 milyonun harada olduğunu asanlıqla müəyyənləşdirmək mümkün olar. İndi bu məsələlərə və ortaya çıxan suallara aydınlıq gətirmək növbəsi  Hacıbala Abutalıbov başda olmaqla Nəsimi, Xətai və Yasamalın  icra başçılarınındır». /musavat.com