Torpaq Sürüşməsi
Uçqun

FHN-in xilasetmə işləri aparan bir əməkdaşı xəsarət alıb 

Bakının Nizami rayonu ərazisində bədbəxt hadisə baş verib. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, saat 14.00 radələrində Şərq küçəsi 1 ünvanında, “Azərsutikinti” xəstəxanasının yaxınlığında su quyusu qazan işçilər dərin quyunun uçması nəticəsində torpaq altında qalıb. İlkin məlumata görə, torpaq altında qalanlar 3-5 nəfərdir.

Uçqun altında qalanların adları açıqlanıb. Bunlar Əbdül Abdullayev, Əli Cahangirov və İlqar Əliyevdir. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev  hadisənin fəhlələr 8-10 metrlik su quyusu qazarkən baş verdiyini bildirib. Onun sözlərinə görə, uçquna səbəb quyunun texniki cəhətdən düzgün qazılmaması olub. “Süxurlar yumuşaq olduğundan hadisə baş verib. Hadisənin əsl səbəbi araşdırmalardan sonra məlum olacaq. Hazırda xilasetmə işləri aparılır”, deyə nazir müavini əlavə edib.

Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov ANS PRESS-ə xilasetmə işləri aparan FHN əməkdaşının xəsarət aldığını bildirib. Xilasedici xəsarətlə xəstəxanaya göndərilib.  /ANS Press