Təbii Qaz
Təbii Qaz

Bütün ölkə smartkart tipli sayğaclara keçəcək

 

Məlum olduğu kimi, «Azəriqaz» Səhmdar Cəmiyyətinin yerində «Azəriqaz» İstehsalat Birliyi yaradılıb. Eyni zamanda, Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə «Azərneftyağ» Neft Emalı Zavodunun direktoru Əkbər Hacıyev bu quruma baş direktor təyin olunub. Xatırladaq ki, səhmləri dövlətə məxsus olan qapalı tipli «Azəriqaz» Səhmdar Cəmiyyəti iyulun 2-də Dövlət Neft Şirkətinin tabeçiliyinə verilib. O zaman ARDNŞ-yə, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinə, Vergilər Nazirliyinə tapşırılmışdı ki, «Azəriqaz»ın yenidən təşkil olunmasını, dövlət qeydiyyatına alınmasını təmin etsinlər.

Onu da nəzərə çatdıraq ki, «Azəriqaz»ın sabiq sədri Əlixan Məlikov idi. Artıq bir neçə il idi ki, onun vəzifədən çıxarılacağı barədə xəbərlər yayılırdı. Məlumatlara görə, «Azəriqaz» QSC-nin ləğvi və Ə.Məlikovun vəzifəsindən uzaqlaşdırılması heç də neft-qaz sahəsində vahid idarəetmə sisteminin yaradılması ilə əlaqədar deyil. Sadəcə qaz təsərrüfatında baş verən korrupsiya və mənimsəmə faktları hökumətin səbr kasasını daşdırıb. Sual doğuran məqam, yeni formalaşdırılan qurumun fəaliyyətində bu halların baş verib-verməyəcəyidir.

Neft Araşdırmalar Mərkəzinin direktoru İlham Şaban fəaliyyət göstərə bilməyən dövlət şirkətinin, nəhayət, ləğv edildiyini deyir: «Fəaliyyətini qura bilməyən qurumun aqibətinin belə olması gözlənilən idi. «Azəriqaz»ın İstehsalat Birliyi statusunu alandan sonra Dövlət Neft Şirkətinin tabeliyində necə fəaliyyət göstərəcəyinə gəlincə, məlumatlara görə, ARDNŞ bir müddətdən sonra özəl şirkətlərin biri ilə müqavilə imzalayacaq. Ümumiyyətlə, srağagün dövlət başçısının birinci yarımilliyin yekunlarına həsr olunmuş hökumətin iclasındakı çıxışında dediyi kimi, bütün obonentlər yaxın 1 il ərzində smartkart tipli sayğaclara keçiriləcək.Ola bilsin həmin özəl şirkət əhali üzrə yığımı öz üzərinə götürsün.Kommersiya obyektləri də şirkətin sərəncamına verilə bilər. İri obyektlərə – «Azərenerji», Naxçıvana Dövlət Neft Şirkəti özü qaz satırdı. Ödəniş səviyyəsi təmin olunurdu. Hesab edirəm bununla da birinci etapda məsələ həll ediləcək».

İ.Şabanın fikrincə, artıq qazın maya dəyəri aşağı düşməlidir: «Hasilat artdıqca qazın maya dəyəri aşağı düşür. İkinci bir tərəfdən artıq Dövlət Neft Şirkəti birbaşa özü satışla, paylayıcı məsələlərlə məşğul olacaq».

Ekspert deyir ki, 6 aydan sonra Tarif Şurasına müraciət edilməlidir: «Çünki xərclər azalacaq, yığım səviyyəsi artacaq. Belə ki, smartkart tipli sayğac sisteminə keçiriləndə neçə min nəfər sistemdən işdən çıxarılacaq. Bunun əməkhaqqısı, saxlanması və sair var. «Azəriqaz» sistemində onsuz da böyük ixtisarlar olmalı idi. Bütün bunların nəticəsində maya dəyəri aşağı düşəcək, gəlirlik səviyyəsi artacaq. Belə şəraitdə əvvəllər 100 faiz artımla xidmət göstərə bilmirdilərsə, indi xidmət göstərib qiyməti 20 faiz aşağı salmalıdırlar. Əgər aşağı salınmırsa, insanları aldatmaq olacaq».

«Dövlət Neft Şirkəti həm də qonşu ölkələrə ixrac ediləcək qazdan böyük qazanc əldə edəcək» deyən İ.Şaban Əkbər Hacıyevin «Azəriqaz» a baş direktor təyin olunmasına da münasibət bildirdi. Onun sözlərinə görə, Ə.Hacıyev dövlət kommersiya şirkətinin rəhbəri kimi digərlərindən fərqlənməyib: «Azərneftyağ» qapalı bir qurum idi. İndiyə qədər Əkbər Hacıyevin media nümayəndələri ilə hər hansı görüşü olmayıb. «Neftçi»nin prezidenti kimi bəlkə də bu baş verib. Digər tərəfdən, ARDNŞ strukturunda cəmiyyət üçün açıq olan hansısa qurum rəhbəri yoxdur». // Yeni Müsavat